Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi
Öz inkişaf tempinə görə regionun lider dövləti olan Azərbaycan, dünya miqyasında da böyük inam və etimad bəslənilən gənc respublikadır. Son illər ərzində uğurlu xarici siyasəti ilə beynəlxalq arenada nüfuz qazanan ölkəmiz, eyni zamanda, qlobal pandemiya dövründə atdığı addımlar və irəli sürdüyü təşəbbüslərlə dünya üçün nümunə təşkil etməyə davam etdi.
Azərbaycan pandemiya dövründə sadəcə milli səviyyədə COVID-19-la mübarizə aparmaqla qalmadı həm də regional və qlobal miqyasda həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verdi. Bu çətin zamanlarda Azərbaycan beynəlxalq normaları təbliğ edən bir dövlət kimi fəal siyasət yürüdərək Türk Şurasının və Qoşulmama Hərəkatının virtual zirvə toplantılarını çağırdı və özünütəcrid siyasətinin əməkdaşlıq və həmrəyliklə əvəz edilməsinin dünya miqyasında COVID-19-la mübarizədə daha düzgün nəticələrə gətirəcəyini nümayiş etdirdi. Təəccüblü deyil ki, atılan addımlar bütün dünyada rezonans yaratdı və bu toplantıların təşəbbüskarı olan ölkə başçımız yüksək səviyyədə təqdir olundu. Azərbaycan liderinin regional və qlobal səciyyə daşıyan və əməli addımlara söykənən fəaliyyəti ölkəmizin də nüfuzunu yüksəltdi.
Hazırda koronavirus pandemiyasının dünya miqyasında fasiləsiz olaraq artan templə davam etməsi dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində dövlət və hökumət başçılarının təxirə salınmadan bir araya gəlməsinə, planetimizi bürüyən bu bəladan çıxış yollarının birgə müzakirə edilməsinə və həll yollarının tapılmasına böyük tələbat yaradır. Ancaq pandemiya müddətində bir çox beynəlxalq təşkilat kimi BMT də prosesdə aktiv iştirak etməyərək sadəcə müşahidəçi mövqeyində durmuşdu. Belə ki, BMT-nin baş katibi bu və ya digər məsələlərlə bağlı çağırışlarla öz işini bitmiş hesab edirdi. Məlumdur ki, BMT-nin daimi üzvləri hər bir cəhətdən dünyanın ən aparıcı və inkişaf etmiş ölkələridir. Ancaq onlar da susqunluğa qərq olaraq sadəcə öz təhlükəsizlikləri və öz sərhədləri daxilində virusla mübarizə aparmaqla məşğul idilər. Amma bu əlbəttə ki doğru deyil. Pandemiya ayrı-ayrı ölkələri deyil, ümumilikdə bütün dünyanı təhdid edir və onunla yalnız birgə mübarizə aparmaq effektiv nəticə verəcəkdir. Məhz belə bir anda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatına sədirliyi həyata keçirən bir ölkə başçısı olaraq beynəlxalq səyləri və ayrı-ayrı ölkələrin güclərini bir araya gətirərək, digər beynəlxalq təşkilatlardan və eləcə də BMT-dən bu mövqeyi sərgiləməyi gözləyərək, pandemiyaya qarşı gücləri və səyləri birləşdirmək təşəbbüsü ilə çıxış etdi. Ayrı-ayrı ölkələrdəki imkanları bütövlükdə istifadə etməyə, onları artırmaq və yeni yollar tapmaq istiqamətində də çağırış etdi. Azərbaycan özü də bu mövqeydə dayandığını Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə ayırması və 30-dan artıq dövlətə humanitar yardım göstərməsi ilə sübut etmişdir.
Azərbaycan Respublikasının qlobal səviyyədə koronavirusla mübarizədə ən vacib təşəbbüslərindən biri məhz Prezident İlham Əliyev tərəfindən BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsüdür. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. BMT Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Azərbaycan Prezidentinin bu təklifindən keçən dövr ərzində 130-a qədər ölkə təşəbbüsə dəstək vermiş və bu təşəbbüsün çox ehtiyac duyulan olduğunu vurğulamışdır. Bunun “ehtiyac duyulan” addım olmasının isə iki təməl səbəbi mövcuddur. İlk olaraq, hər birimizə aydındır ki, koronavirus pandemiyası bəşəri problemdir və onun qarşısının alınması üçün ciddi toplantılara, görüşlərə və fikir mübadiləsinə ehtiyac var. İlham Əliyevin irəli sürdüyü bu təşəbbüs də dünyanın, beynəlxalq ictimaiyyətin müzakirələrə, dialoqa və məsləhətləşməyə çox ehtiyacı olduğu bir zamanda irəli sürüldü. İkincisi isə şübhəsiz ki, Azərbaycan Prezidentinin şəxsi nüfuzu. Azərbaycan artıq beynəlxalq arenalarda qlobal əhəmiyyətli problemlərin həllinə töhfə verməyə qadir dövlət kimi qəbul olunur. Ona görə də Azərbaycanın hər bir təşəbbüsünə ciddi yanaşılır və etimad göstərilir. Dəstək verən dövlətlər anlayırlar ki, Prezident İlham Əliyevin təklifi ilə keçiriləcək xüsusi sessiyanın qəbul edəcəyi qərarlar pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edəcək. Sessiya daha mütəşəkkil qərarlar qəbul etməyə və qlobal böhrandan tez və asan çıxmağa kömək edəcək.
Biz əminik ki, BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. Bu məsələdə dünya ölkələrinin sıx əməkdaşlıq etməsi qaçılmaz reallıqdır.
Heç şübhəsiz ki, bir müddət sonra pandemiya dövrü bitəcək və həyatımız normal axarına dönəcək. Ancaq, Azərbaycanın və onun liderinin cəsarətli təşəbbüsləri və uzaqgörən siyasəti dünya tarixində daim xatırlanacaq və qiymətləndiriləcək.
Samir Hüseynov