Pandemiya dövründə Azərbaycan Dövləti bir daha sübut etdi ki, hər zaman vətəndaşının yanındadır
Pandemiya dövründə əhalinin sağlamlığının mühafizəsi sahəsində uğurlu iş təcrübəsi ilə seçilən ölkəmiz çoxyönümlü dəstək proqramları reallaşdırmaqdadır. Belə ki, yeni növ koronavirus infeksiyasının dünya ölkələrini kəskin böhran və itkilərlə, sosial-iqtisadi problemlərlə üz-üzə qoyduğu son dönəm dünya ölkələri üçün bir sınaq oldu. Hətta kainatın super gücü olan ölkələrdə belə pandemiya qurbanlarının sayının minlərlə olduğu müşahidə edilir. Belə bir dövrdə isə Azərbaycan cənab Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasətinin nəticəsində bu ağır sınaqdan uğurla çıxmağı bacardı. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində bütün istiqamətlərdə yaradılmış güclü iqtisadi potensial və xüsusilə də müasir səhiyyə sistemi, dövlət başçısının "Biz birlikdə güclüyük!” devizi ətrafında qısa müddətdə xalqımızın pandemiyaya qarşı həmrəylik göstərməsi ölkəmizin bu qlobal böhranı uğurla keçməsinə güclü zəmin yaratmışdır. Ölkəmizdə pandemiya dövründə aparılan işlər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməklə yanaşı bir çox ölkələr üçün də model olaraq qəbul edildi.
Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə ölkə başçısı bir daha qeyd etdi ki, "Bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır”. Daim bu prinsiplə hərəkət edən ölkə baçşısının güclü sosial siyasəti pandemiya dövründə əhalinin sağlamlığının qorunması üçün kompleks təsirli tədbirlərlə özünü göstərdi. Buna bariz nümunə kimi cənab Prezidentin 19 mart 2020-ci il tarixli sərəncamı ilə sosial rifaha dəstəyin təmin olunması üçün əməli addımlar atıldı. Belə ki, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirlərin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Nazirlər Kabineti Tədbirlər Planı hazırladı və təsdiq etdi. Tədbirlər Planı üzrə ayrılan vəsait ilk vaxtlar 2,5 milyard manat nəzərdə tutulsa da, dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı üstələdi. Tədbirlər planında iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılması, ödənişli ictimai iş yerlərinin sayının artırılması, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara birdəfəlik ödəmələrin verilməsi, sosial ödənişlərin davamlılığı, işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və s. daxildir. Pandemiya dövründə, eyni zamanda, dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması üçün müvafiq işlər aparıldı. Tədbirlər planı çərçivəsində, ilkin mərhələdə işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxs müəyyən olunaraq onlara birdəfəlik ödənişlərin çatdırılması həyata keçirildi. Qeyd edək ki, yenidən tətbiq olunan karantin rejimi ilə əlaqədar işsiz şəxslərə dəstək məqsədilə yardım paketinin verilməsi də davam etdiriləcək. Bütün bunlar ölkə başçısının vətəndaşları heç bir zaman öz siyasətindən kənar qoymadığını bir daha gözlər önünə sərir. Aydındır ki, pandemiya iqtisadiyyatımızdan da yan keçmir amma ölkə rəhbərliyi hansı şəraitdə olmasından asılı olmayaraq vətəndaşlarını qorumaqdan əl çəkmək niyyətində deyil.
Həssas əhali qruplarının qayğı ilə əhatə olunmasında Heydər Əliyev Fondu tərəfindən də geniş tədbirlər həyata keçirilir. Belə ki, Fondun "Regional İnkişaf” İctimai Birliyi ölkəmizin hər yerində vətəndaşlara yardımlar edir. Eyni zamanda tənha yaşlılar və əlilliyi olan şəxslər, aztəminatlı ailələr, digər həssas qruplarla bağlı həm dövlət qurumları, həm də özəl sektorun nümayəndələri tərəfindən milli həmrəyliyə mühüm töhfə olaraq sosial dəstək aksiyaları həyata keçirilir. Bu işlərdə könüllülərin xüsusi rolunu, dəstəyini vurğulamaq istərdim. Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi könüllüləri, YAP könüllüləri, DOST könüllüləri və ASAN könüllüləri, Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü proqramının, Gənclər Fondunun nəzdindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin və "SƏLİS” Birliyinin könüllüləri görülən işlərə yaxından dəstək olurlar. Qeyd edək ki, karantin dövrü ərzində rayonumuzda da bir çox sosial dəstək aksiyaları keçirilmiş, ümumilikdə 1200-dən çox yardım bağlaması əhaliyə çatdırılmışdır. Paylanılan yardımlarda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər, Çernobıl, Böyük Vətən Müharibəsi və “20 Yanvar” faciəsi əlillərinə xüsusi diqqət ayrılmışdır.
Ümumilikdə dünya ölkələrində iqtisadiyyata və sosial sahəyə dəstək tədbirləri üzrə mövcud olan təcrübələrə nəzər salanda görürük ki, Azərbaycan pandemiya dövründə bütün istiqamətlərdə digər bir çox ölkələrlə müqayisədə daha əhatəli və çox istiqamətli iqtisadi və sosial dəstək proqramları həyata keçirmişdir. Yəni ölkəmizdə iş yerlərinin qorunması, işçilərin əməkhaqqının maliyyələşdirilməsi, işsizlərə, xüsusi karantin rejimi dövründə qazancını itirmiş qeyri-formal məşğul şəxslərə və heç bir gəliri olmayan digər həssas kateqoriyaya aid olan aztəminatlı şəxslərə birbaşa pul şəklində birdəfəlik ödəmənin verilməsi, məşğulluq imkanlarının artırılması üçün proqramların işə salınması, sosial müdafiə, sosial yardım və işsizlikdən sığorta ödənişi proqramlarının genişləndirilməsi, sahibkarların dəstəklənməsi və digər zəruri istiqamətlərdə geniş miqyasda işlər aparılmışdır.
Sonda bir daha vurğulamaq istədim ki, dövlət başçısının qarşıya qoyduğu vəzifələrə və sosial islahatlar proqramına uyğun olaraq əmək, məşğulluq, sosial müdafiə sahəsində geniş islahatlar bundan sonra da davam etdiriləcək və vətəndaş rifahı prioritet olaraq qalacaq.
231 nömrəli tam orta məktəbin direktor əvəzi
Seymur Yusibov