Pirallahı rayonunda koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə reydlər keçirilir
İyulun 4-də Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov və xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında təbliğat işlərinin aparılması məqsədilə RİH tərəfindən yaradılmış mobil qrupların üzvlərinin birgə iştirakı ilə koronavirus pandemiyasının Pirallahı rayonu ərazisində yayılmasının qarşısının alınması və Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə hansı səviyyədə əməl olunması ilə bağlı reyd keçirilib. Reyd zamanı rayon ərazisində fəaliyyətinə icazə verilən müəssisə və obyektlərə baxış keçirilərək əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində, apteklərdə və bankomatların qarşısında qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Həmçinin aidiyyatı qurumların rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilib.
Keçirilən reyd nəticəsində sərtləşdirilmiş karantin rejiminin qaydalarına riayət etməyənlər barəsində müvafiq tədbirlər görülüb. Son üç gün ərzində aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplarının üzvləri tərəfindən rayon ərazisində fəaliyyət göstərən 120-dən artıq ticarət və ictimai-iaşə obyektlərində reydlər keçirilib, 12 vətəndaşa karantin rejimi qaydalarını pozduqlarına və gigiyenik qaydalara riayət etmədikləri üçün xəbərdarlıq edilib, 2 nəfər isə cərimələnib.
Qeyd edək ki, gün ərzində rayon ərazisində genişmiqyaslı dezinfeksiya işləri də həyata keçirilib. Bakı şəhər İcra Hakimiyyətinin göstərişi ilə Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən mərkəzi küçələrdə, məhəllədaxili yollarda, yaşayış məhəllələrində, çoxmənzilli binalarda və parklarda sanitar təmizlik dezinfeksiya işləri həyata keçirilir. Dezinfeksiya işlərinin mütəmadi olaraq aparılması üçün Mənzil-Kommunal Təsərrüfatı Birliyinə çoxsaylı canlı qüvvə və lazımi texnika cəlb olunmuşdur.
Bundan sonra da Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar vasitəsilə mütəmadi olaraq reydlər keçiriləcək və RPŞ tərəfindən karantin rejimin tələblərini pozan şəxslər barəsində qanuni tədbirlər davam etdiriləcək.