Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir
Bu gün COVID-19 pandemiyası bütün dünya xalqlarını öz əsarəti altına almışdır. Sözün həqiqi mənasında dünya dövlətləri bu ümumi bəla ilə müharibə vəziyyətindədir. Virusa qalib gəlmək üçün isə hər bir dövlət öz məsuliyyətini anlamalı və bütün imkanlarını ümumi rifah üçün səfərbər etməlidir. Bütün dünya xalqları olaraq bu gün birliyimizə, həmrəyliyimizə və məsuliyyətimizə hər zamankından daha böyük ehtiyac var. Bu, həm milli, həm regional, həm də beynəlxalq səviyyədə belədir. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti cənab İlham Əliyev pandemiyaya qarşı mübarizədə ardıcıl, sistemli və düşünülmüş addımlar atır və bu addımlar həm ölkə ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Əslində pandemiya dövlətlərin qlobal şoklara dayanaqlılığını ölçən bir sınaq oldu. Azərbaycan bu sınaqdan da üzüağ çıxaraq, öz siyasətinin mərkəzində Azərbaycan vətəndaşının, onun təhlükəsizliyinin və sağlamlığının durduğunu bir daha sübut etdi.
Virusun ortaya çıxdığı ilk gündən etibarən Azərbaycan prezidenti aktiv siyasət yürüdərək pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Dövlət başçısı cənab İlham Əliyev mayın 4-də Qoşulmama Hərəkatına üzv dövlətlərin Təmas Qrupunun Zirvə Görüşündə pandemiyaya qarşı mübarizə ilə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə əlaqədar təşəbbüslə çıxış etdi və bu çox böyük beynəlxalq rezonansa səbəb oldu. Cənab Prezidentin bu təşəbbüsü may ayının 13-də Nyu-Yorkda Qoşulmama Hərəkatının koordinasiya bürosunda müzakirə olunaraq yekdilliklə dəstəkləndi. Bunun ardınca Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri olaraq BMT Baş katibinə müraciət etdi.
Çoxları güman edirdilər ki, dünyanı təhdid edən ümumbəşəri bəlaya qarşı mübarizədə ən böyük öhdəliyi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan dövlətlər öz üzərlərinə götürərək analoji təşəbbüslə çıxış edəcəklər. Amma belə olmadı. Bu təşəbbüslə Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxış etdi. Heç bir şübhə yoxdur ki, bu təşəbbüs qlobal səviyyədə pandemiyaya qarşı mübarizə prosesinə çox böyük töhfə verəcək. İlk növbədə, bəlaya qarşı iqtisadi səylərin birləşdirilməsi dünyanın ümumi mənafeyinə xidmət edir. Bundan əlavə, tibbi səylərin birləşdirilməsi də digər çox mühüm amildir. Beləliklə, sessiya nəticəsində qəbul olunan qərarlarla xüsusilə virusdan daha çox əziyyət çəkən ölkələr dəstəyi öz üzərində hiss edəcəklər.
Bütün dünya şahidlik edəcək ki, heç bir dövlətin irəli durub bu ümumi bəlaya qarşı mübarizə prosesində ən yüksək səviyyədə, BMT Baş Assambleyası səviyyəsində ideya, təşəbbüs ortaya qoymadığı reallığında, bir çoxları özünə qapanıb izolyasiya yolunu seçdiyi vaxtda, bir çox böyük dövlətlərin geosiyasi maraqlarının yenidən üzə çıxdığı məqamda, Azərbaycan dövləti, onun Prezidenti cənab İlham Əliyev bütün ölkələri həmrəyliyə, böyük məsuliyyət ortaya qoymağa çağırır. Bu çağırışın əsas fəlsəfəsi odur ki, gəlin birləşək, geosiyasi ambisiyanı kənara qoyub gözəgörünməz düşmənə qarşı birgə mübarizə aparaq. “Biz birlikdə güclüyük”-deyən Dövlət başçısının bu çağırışı qlobal miqyasda böyük əhəmiyyət və məna kəsb edir. Bu təşəbbüsün özünə “biz birlikdə güclüyük” məntiqindən çıxış edərək qiymət vermək lazımdır. BMT-nin bütün üzv dövlətləri bir yerdə olub ümumi bəlaya qarşı bir mövqedən çıxış edərsə, biz mütləq qalib gələcəyik.
Ölkə başçısının iyulun 6-da Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirakı zamanı kanallara verdiyi müsahibəsində qeyd etdiyi kimi dünyada mütləq əksəriyyət fikirləşirdi ki, belə epidemiyalar ancaq geridə qalmış ölkələrdə olabilər amma reallıq göstərdi ki, pandemiyadan ən çox inkişaf etmiş ölkələr əziyyət çəkdi. Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq, İspaniya, İtaliya, Hindistan və Rusiya kimi ölkələr ən çox zərər çəkən ölkələr siyahısında ilk onluqdadır. Ona görə də hamı bir dəfəlik anlamalıdır ki, bu ümumbəşəri problemdir və heç bir ölkə bu fəlakətdən sığortalanmayıb. Cənab prezident müsahibəsində səylərə bundan sonra da davam edəcəklərini də xüsusi vurğuladı: “Hətta ölkələr BMT Baş Assambleyasında vahid bir fikrə gəlməsələr belə, biz bu məsələni qaldırmalıyıq. Biz dünya birliyinin məsuliyyətli ölkəsi kimi bu məsələni qaldırırıq”.
Dünyanın və insanların gələcəyi üçün irəli sürülən təşəbbüsün əleyhinə isə sadəcə bir ölkə çıxış etdi ki, bu da təbbi ki, heç kimi təəccübləndirməyərək Ermənistan dövləti oldu. Bədnam qonşumuz nəinki etiraz etdi hətta etiraz məktubu ünvanlayaraq Azərbaycan Prezidentinin bu təşəbbüsünün qəbul edilməsinin əleyhinə olduğunu da bəyan etdi. Pandemiyanın bütün dünya əhalisini ölümlə hədələdiyi və bəşəriyyətə qarşı ölüm hökmü çıxardığı belə bir vəziyyətdə dünyada yalnız Ermənistan dövləti belə mövqedən çıxış edə bilərdi. Ermənistan bu mövqeyi ilə bir daha özünü dünyada rüsvay etdi. Faşizmi və terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran bir ölkədən də bundan başqa məntiq gözləmək onsuzda əbəs olardı. Bununla bağlı ölkə başçısı da fikirlərini bildirmişdir: “Hesab edirəm ki, bunun əsas səbəbi Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Ancaq Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu. .....özünü dünyadan təcrid etdi. Çünki bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur”.
Sonda bütün bunların fonunda bir daha vurğulamaq istərdik ki, COVİD-19-la mübarizədə Azərbaycan beynəlxalq məsuliyyət nümayiş etdirən azsaylı ölkələrdən biri oldu. Hər birimiz şahidik ki, dövlətimizin başçısının istənilən təşəbbüsü beynəlxalq aləmdə çox ciddi rezonansa səbəb olur və birmənalı şəkildə dəstəklənir. Azərbaycanın təşəbbüsünü Qoşulmama Hərəkatının üzvləri, Avropa İttifaqının aparıcı dövlətləri, Afrika, Asiya, Latın Amerikası kimi dünya dövlətləri müdafiə etdi və dəstəklədi. Cənab Prezidentin dediyi kimi, Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin onun sözünün mənası və çəkisi böyükdür.
Bütün bunlar onu göstərir ki, Azərbaycan Respublikası ümumi bəlaya qarşı mübarizə prosesinə çox böyük töhfələr verən dövlət kimi özünü dünyaya nümayiş etdirdi və adını qızıl hərflərlə tarixin səhifələrinə həkk etdi. Əminliklə deyə bilərik ki, Azərbaycan dövləti bu tarixi sınaqdan da qürurla çıxdı və gələcək nəsillər qarşısında üzüağdır.
Pirallahı rayon sakini Arzu Abdullayev