Şriftin ölçüsü :

Saytın rəngi :

43 siyasi partiya milli həmrəylik bəyanatı yaydı

16 iyul 2020 | 11:00
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyalar milli həmrəylik bəyanatı yayıb.
"İyul ayının 12-də Ermənistan hərbi qüvvələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərinə qəfildən və xaincəsinə hücum edərək növbəti hərbi təxribat törətmişdir. Azərbaycan Ordusunun təxirəsalınmaz və adekvat tədbirləri nəticəsində erməni tərəfinin hücumunun qarşısı qətiyyətlə alınmış, düşmənə layiqli cavab verilmişdir. Erməni tərəfi ciddi itkilər verərək geri oturmağa məcbur edilmişdir. Erməni hərbiçiləri iyul ayının 13-də və 14-də də döyüşləri davam etdirmiş, habelə Ermənistan–Azərbaycan sərhədlərinin digər istiqamətlərində təxribatlar törətməyə cəhdlər göstərmişlər. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli zərbələri nəticəsində düşmənin döyüş imkanları sarsıdılmış, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilmişdir. Düşmənə layiqli cavab verən Silahlı Qüvvələrimiz də təəssüf ki, itkilərə məruz qalmışdır. Lakin onların qısası yerdə qalmayıb. Şanlı hərbçilərimizin ölümünə bais olanlar həmişə olduğu kimi, ən ağır şəkildə cəzalarını alıblar. Allah şəhidlərimizə rəhmət etsin!
Qeyd etmək lazımdır ki, qanlı toqquşmalara yol verilməməsi naminə atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, erməni tərəfinin təmas xəttində və sərhəd zonalarında vaxtaşırı qanlı təxribatlar törətməsi pis adət halını almışdır. Erməni rəhbərliyi birinci dəfə deyildir ki, öz ölkəsi daxilində üzləşdiyi və həlli qarşısında aciz qaldığı ağır problemlərdən sərhəddə və ya təmas xəttində iyrənc hərbi təxribatlar törətməklə yaxa qurtarmağa çalışır. Ağır epidemioloji vəziyyətdən və sosial iqtisadi sıxıntılardan cana doymuş xalqın qəzəbindən yayınmaq üçün Paşinyanın diktatura rejiminin hərbi təxribatlara əl atması onun yürütdüyü siyasətin Ermənistanın əvvəlki xunta rejimlərinin yürütdüyü siyasətdən azacıq da olsa fərqlənmədiyinin göstəricisidir.
Azərbaycanın davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın uğurları və bütün bunların məntiqi nəticəsi olaraq dünya birliyinin ermənilərin mənfur siyasətinin həqiqi sifətini tanıması, habelə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xain və qisasçı erməni siyasi rejimini hərbi təxribatlar törətmək kimi təhlükəli və qanlı üsullara əl atmağa vadar edən digər səbəblərdir.
Növbəti erməni təxribatının münaqişə zonası olan Dağlıq Qarabağ bölgəsindən kənar sərhəd zonasında baş verməsi təsadüfi deyildir və onu törədənlərin məkrli və çirkin niyyətlərindən xəbər verir. İnsan tələfatları ilə müşayiət olunan, bölgədə gərginliyin, qarşıdurmanın və müharibə təhlükəsinin artmasını birbaşa hədəfə alan erməni təxribatlarının cilovlanması üçün dünya birliyinin, beynəlxalq təşkilatların, ələlxüsus vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun səsini ucaltmasının, təcavüzkarın yerində oturdulması üçün ən təsirli addımlar atmasının vaxtı çoxdan çatıb. Dünya nəhayət ki, erməni təxribatlarının və bu təxribatların arxasında duran Ermənistanın siyasi hakimiyyətinin artıq neçə illərdir bölgədə sülh və sabitliyə ən böyük təhlükəyə çevrildiyinin fərqində olmalıdır.
Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik".
Keçidlər