Şriftin ölçüsü :

Saytın rəngi :

Biz ordumuzla qürur duyuruq!

15 iyul 2020 | 11:00
12 iyul 2020-ci il günorta saatlarından başlayaraq mənfur ermənilər ağır artilleriyadan və digər silahlardan istifadə edərək atəşkəs rejimini pozmuş və Tovuz rayonunun sərhəd kəndlərinə hücuma keçməyə cəhd göstərmişdir. Rayonda yerləşən N saylı hərbi hissənin şəxsi heyəti bir neçə saat davam edən döyüşlərdə düşmənin həmlələrini qəhrəmancasına dəf edərək quduz erməniləri geri otuzdurub. Əldə olunan məlumatlara görə düşmənin 7-si zabit olmaqla 30-dən artıq canlı qüvvəsi məğrur döyüşçülərimiz tərəfindən məhv edilib. Bununla yanaşı düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir. Bununla da Azərbaycan əsgəri 2016-cı ilin aprelində olduğu kimi bir daha dünyanın ən mənfur xalqının ordusuna öz gücünü göstərdi.
Bundan başqa hər birimiz üçün qürurverici olan digər bir fakt xalqımızın bu hadisələrə reaksiyası olmuşdur. İyul ayının 12-də, hadisələrin qızğın vaxtında rayonda yaşından asılı olmayaraq əhalinin əliyalın sərhəd kəndlərinə axışması, onların müvafiq orqanlardan silah tələb edərək düşmənlə müharibəyə girməyi tələb etməsi cəmiyyətimizn hər bir üzvünün ürəyini dağa döndərdi. Sadəcə Tovuzda deyil respublikanın hər bir yerində vətəndaşlarımız lazım olarsa könüllü olaraq orduya gedəcəyini bəyan etdi. Xüsusilə də Bakı və Sumqayıtda orduya  dəstək məqsədilə böyük yürüyüşlər təşkil olundu. Azərbaycan xalqı öz birliyini, qəti iradəsini, düşmənə qarşı barışmaz mövqeyini və Ali Baş Komandan İlham Əliyevə olan sonsuz güvənini və dəstəyini bu yürüyüşlə bir daha göstərdi. Ancaq təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən aksiya zamanı bir qrup təxribatçı ictimai qaydaların kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verərək, aksiyanın mahiyyətindən çox uzaq bir mövqe göstərdi. Vurğulayaq ki, bu hərəkətləri ən çox xalq özü qınadı. Çünki hər birimiz bilirik ki, Qarabağa-səngərə gedən yol Milli Məclisdən keçmir. Bu hərəkəri törədənlər hansısa maraq qruplarına xidmət edən, vətənpərvərlikdən çox uzaq təxribatçı qruplar idi. Və ölkə başçısının da dediyi kimi onlar layiqli cavablarını alacaqlar. “Onların hamısı məsuliyyətə cəlb ediləcək, bir nəfər də, - mən bu gün səhər dedim, - məsuliyyətdən boyun qaçıra bilməyəcək. Əlbəttə ki, ancaq qanun çərçivəsində onlara layiqli cəza veriləcəkdir, əgər onlar məhkəmə tərəfindən bu cəzaya layiq görüləcəklərsə. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün biz ictimaiyyətdən də yardım istəyirik. O təxribatçıları tam müəyyən etmək üçün dünən oraya toplaşan vətənpərvər insanlardan da mən xahiş edirəm, əgər o videokadrlarda kimisə, iğtişaş törətmək istəyənləri tanıyırlarsa, məlumat versinlər, biz hamısını tapaq və cəzasını verək.”-Ölkə başçısının bu sözləri hər birimizə güvən verir. Çünki, hər bir Azərbaycanı istəməyən təxribatçı qrup cəzasını almalıdır ki, ölkədə sülh və əmin-amanlıq olsun. Bunun üçün hər birimiz dövlətə və hüquq mühafizə orqanlarına dəstək olmalıyıq. Bu bizim vətəndaşlıq borcumuzdur.
12 iyul tarixində düşmənin hücum cəhdinin qarşısının uğurla alınması bir daha Azərbaycanın hərbi baxımdan Ermənistandan dəfələrlə üstün olduğunu təsdiq etdi. Amma təəssüf ki, Ermənistan ordusunun hücumunun qarşısının alınması zamanı şəhidlər də verdik. İndi şəhidlərimizin ruhu rahatdır. Çünki onların heç birinin qanları yerdə qalmadı. Şəhidlərimizin silah yoldaşları mənfur düşmənə ən gözəl cavabı onlarla erməninin canını alaraq verdi. Ermənistan tərəfi istədiyinə nail ola bilməyincə bu dəfə də saxta təbliğat maşınını işə saldı amma sosial şəbəkələrdə elə ermənilərin özləri etiraf etdilər ki, onlarda itkilər xeyli ciddidir. Ölkə başçımızın dediyi kimi onlar itkiləri gizlədərək riyakarlıq və acizlik göstərməyə davam edirlər. “İndi onlar ölənlərin sayını gizlədirlər. Amma bizdə operativ məlumat var. Bəzi ölən erməni hərbçilər haqqında məlumatı biz vermişik, onlar gizlədirdilər. Biz məlumatı verəndən sonra onlar onu etiraf etdilər. Necə ki, Aprel döyüşlərində gizlətmişdilər. Bu bir daha onların acizliyini göstərir, digər tərəfdən nəyi göstərir? Onların riyakar siyasətini göstərir”. 
Beləliklə, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı. Azərbaycan öz dövlət sərhədini qorudu. Ermənistan əsgərləri Azərbaycan torpaqlarına keçə bilmədilər. Buna baxmayaraq mənfur düşmən təxribatlarına davam edərək bu gündə cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini dəfələrlə pozub.  Üstəlik düşmən mülki əhalini və yaşayış evlərini də hədəf alıb. Beləliklə Ermənistan bir daha beynəlxalq qanunları və və hüququ tanımadığını bəyan edib. Qeyd edək ki,  düşmən cavab atəşi ilə susdurulub və əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Ümumiyyətlə, son illərdə Azərbaycanın yüksəlişi bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da möhtəşəm uğurlarla əlamətdardır. Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı bu barədə geniş məlumat verdi. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. Bütün bunlar hər birimizdə dərin qürur hissi doğurur. Cənab İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır, onlarla birgə əsgər yeməyi yeyir. Bunlar ordumuzda və cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradır. Bu illər ərzində gördük ki, ordumuz çox qısa müddətdə qarşısına qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirmək iqtidarındadır. Lələtəpə və Talış əməliyyatları təsdiqlədi ki, erməni silahlı birləşmələrinin mövqelərinin məhvi Azərbaycan əsgəri üçün asan hədəfdir!
Təbii ki, bu hadisədən sonra Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq səviyyədə ifşası prosesi daha da sürətlənəcək. Ümid edirik ki, beynəlxalq təşkilatlar da bu hadisədən sonra fəallaşacaq, Ermənistanın işğalçılıq siyasətinə qarşı qətiyyətli mövqe ortaya qoyacaqlar. Çünki belə olmayacağı təqdirdə hərbi əməliyyatların yenidən başlaması qaçılmazdır.
Bir neçə gün əvvəl Prezident İlham Əliyev müsahibəsində “Heç kimin Aprel döyüşləri yadından çıxmasın!”  sözlərini təsadüfən deməmişdi. Çünki müharibə yenidən alovlansa, Ermənistanı Azərbaycanın caynağından heç bir qüvvə qopara bilməyəcək! Təhlükəsizlik Şurasının son iclasında Ali Baş Komandanın sərt bəyanatı bir daha sübut etdi ki,  düşmən hər an layiqli cavabını alacaqdır. Və son olaraq prezident İlham Əliyev prinsipial mövqeyini Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı bir daha diqqətə çatdırdı və dedi: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir addım geri atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim bu məsələ ilə bağlı fikrimiz qətidir”. Bəli, bu bütün Azərbaycan xalqının mövqeyidir və xalq Ali baş Komandandan sadəcə bir əmr gözləyir. “İrəli!” ...

Pirallahı rayon sakini
Müslümov Loğman Sultanməcid

Keçidlər