Şriftin ölçüsü :

Saytın rəngi :

Erməni təxribatı ilə üz-üzə

16 iyul 2020 | 11:00
Erməni silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Azərbaycan tərəfi təxribatların qarşısını almaq üçün Qazax və Tovuz rayonları boyunca dövlət sərhədinin xeyli hissəsinə Dövlət Sərhəd Xidmətinin bölmələrini yerləşdirib. Bunun əksinə olaraq isə Ermənistan tərəfi iki ölkənin dövlət sərhədinin hərbiləşdirilməsi və qəsdən mülki insanların hədəfə alınmasını sistematik olaraq davam etdirir. Ermənistan tərəfindən edilən hücum təcavüzdür və təxribatdır.
Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Qeyd edək ki,  Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə tam ziddir. Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının əyani sübutudur.
Burada diqqət çəkən bir digər məqam, Dünya birliyinin yekdilliklə COVID-19-a qarşı mübarizə apardığı bir dövrdə Ermənistan tərəfinin bu hücum və təxribat əməlini törətməsi və Ermənistanın davamlı olaraq atəşkəsi pozması faktıdır. Bu bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVID-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyil. Reallıq budur ki, Ermənistan rəhbərliyi ölkədə gündəmi dəyişməyə və COVID-19 pandemiyasının ölkədə geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır. Amma Paşinyan nə etsə də uçuruma doğru gedən Ermənistanı və özünü qurtara bilməyəcək. Onların sonu gec və ya tez mütləq məğlubiyyət olacaq.
Tovuz döyüşlərində Azərbaycan Ordusunun gücü bir daha öz təsdiqini tapdı. Döyüşlərdə aşkar üstünlük bizim tərəfimizdə idi. Ölkə başçısı Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında son vəziyyəti bu şəkildə şərh etdi: ”Onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir”.
Təəssüf ki, döyüşlər zamanı bizim də itkilərimiz oldu. Amma Azərbaycan tərəfi öz opponentindən fərqli olaraq şəffaflıqla bütün məlumatları xalqla bölüşdü. Bizim üçün də nə qədər ağır olsa da şəhidlərimiz və yaralılarımız var. Şəhidlərimizin içində Polad Həşimov kimi qəhrəman bir generalımızın da olması, orduda siravi əsgərlə generalımızın çiyin-çiyinə mübarizə aparması xalq arasında orduya olan inamı daha da artırdı. Heç bir mənfur düşmən belə bir ordunun qarşısında dura bilməz. Bizi yalnız içimizdə olan düşmənlər və xainlər narahat etməlidir.  Bu düşmənlər belə bir vaxtda belə özlərini gizlətməyərək, vətənpərvərlik donu altında xainliklərini nümayiş etdirdilər. Qarabağa, orduya və ölkə başçısına dəstək göstərmək üçün yürüş təşkil edən minlərlə vətənpərvər gəncin arasında bi neçə xain özünü gizlədərək sonradan Milli Məclisə zor gücü ilə daxil oldu. Onlar Həm Milli Məclisin binasına, həm də bir neçə polis avtomobilinə ziyan vuraraq guya öz ”vətənpərvərliklərini” göstərdilər. Amma onlardan başqa hamı anlayır ki, cəbhəyə gedən yol Milli Məclisdən keçmir. Bu barədə fikrini bildirən ölkə başçısı demişdir: “Dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik. Yoxsa kimsə gedib qışqıracaq, insanları qanunsuz əməllərə sövq edəcək, müqəddəs Qarabağ şüarı altında özünə siyasi kapital qazanacaq və sonra nə olacaq. Necə ki, vaxtilə olub, onumu istəyirlər? Bax, real vəziyyət bundan ibarətdir. Bir daha demək istəyirəm ki, bu gün buna ehtiyac yoxdur, bu gün səfərbərliyə ehtiyac yoxdur. Lazım olarsa, bizim qurumumuz var, dövlət xidməti var, ondan sonra Müdafiə Nazirliyi var”. 
Bəli dəqiqliklə vurğulamaq lazımdır ki, bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.  Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Bizim etməli olduğumuz tək şey Ali Baş Komandanın əmrlərini gözləmək və ona qeyd-şərtsiz dəstək olmqdır. Çünki İlham Əliyev dəfəlrlə sübut edib ki, hətta ən ağır situasiyalarda belə ən düzgün qərarları verməyə qadirdir. Biz Ona tam inanırıq və dəstəkləyirik.
Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünün bundan sonra da qoruyaraq və sərhədlərimizin keşiyində duracaq. Azərbaycan öz prinsipial  mövqeyindən bir addım geri atmayacaq, işğal edilmiş torpaqlarının işğalı ilə barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin. Əminliklə demək olar ki, beynəlxalq arenada Ermənistan bütün dayaqlarını itirməkdədir. Ermənistanda daxili vəziyyət kifayət qədər gərgindir. İki gün öncə baş verən hadisə təxribatdır və heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya  zərbəsi endirilib. Azərbaycan bütün imkanlardan istifadə edib, özünü qoruyaraq və düşmənə yenidən öz yerini göstərəcək. Ölkəmizin keşiyində duran və dövlət sərhəddini qoruyan hərbçilərimizin vətənpərvərlik hissi ən yüksək səviyyədədir və xalq olaraq bizlər də bütün qəlbimizlə onlarla birlikdəyik.

Pirallahı gənci - Rauf Əliyev

Keçidlər