Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbənin təməli həmrəylikdir

17 iyul 2020 | 11:00

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və ordumuzun düşmənə layiqli cavabından sonra ölkəmizdə əsl Ali Baş Komandan-Xalq və ön-arxa cəbhə birliyi yaşanır. Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etmişlər. Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu prosesdən geri qalmamış, praktiki olaraq Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq, həmrəylik nümayiş etdirmiş və Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər.
43 partiya sədrinin imzaladığı Birgə Bəyanatda birmənalı şəkildə bildirilib: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik”.
Bu birgə bəyanatdan sonra Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn ayrıca fərdi bəyanatlar verərək Vətənin düşmən təcavüzünə məruz qaldığı bu günlərdə Ali Baş Komandana və ordumuza dəstək olduqlarını demişlər.
   Siyasi partiyaların vəziyyəti düzgün dəyərləndirmələri və analiz etmələri, son hücumların məhz sərhəd zonasında baş verməsinin təsadüfi olmadığı, Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirmələri, Ermənistanın təcavüzünün təsdiq edilməsi baxımından əhəmiyyətlidir.
Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını alması, canlı qüvvələrini və texnikalarını məhv etməsi xalq tərəfindən coşqunluqla qarşılanmışdır. Xalq-ordu həmrəyliyi çərçivəsində döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına yığışmışdır. Hazırda ölkəmizdə karantin rejiminin tətbiq olunmasına baxmayaraq hüquq-mühafizə orqanları da onlara mane olmamış, hətta əksinə dəstək olmuşdur. Əlbəttə ki, bu cənab Prezidentin göstəriş ilədir. Bunu Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı ölkə başçısı özü bildirdi: “Mən daxili işlər orqanlarına göstəriş vermişdim ki, insanların Şəhidlər xiyabanına gəlişini, onların təhlükəsizliyini təmin etsin, yol hərəkətini tənzimləsin”. Belə çətin biz vəziyyətdə icazə alınmamış və əvvəlcədən planlaşdırılmamış yürüşə icazə verilməyinin səbəbi, o vətənpərvər insanların Azərbaycan Ordusuna və Ali Baş Komandana dəstəklərini ifadə etmək üçün toplaşmaları idi. Ancaq əfsuslar olsun ki, hər zamankı kimi onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girərək bu gözəl və nəcib addıma kölgə salmağa və qanunsuz əməllər törətməyə çalışdılar. Buna baxmayaraq heç bir daxili və xarici siyasi güc, Azərbaycan dövlətinin qətiyyətliliyini, gücünü, Ali Baş Komandan-Xalq həmrəyliyini şübhə altına ala bilmədi. Azərbaycan xalqı hər şeyi görür və qiymət verir. Azərbaycan dövləti də xalqı ilə birlikdədir, xalqını dinləyir, hər bir addımını onunla məsləhətləşir, gələcəyini onunla birlikdə planlaşdırır və həyata keçirir.
Siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduqlarını birmənalı olaraq dilə gətirsələr də təəssüf ki, bəzi siyasi çevrələr bu təlatümlü günlərdə hadisələrə münasibət bildirməyərək kənardan müşahidə etməyə üstünlük vermişlər. Yəqin ki, onlar adətləri üzrə yenə də hansı isə neqativ məqamlar axtarmağa, özlərini fərqli göstərmək üçün tənqid etməyə, mənasız xırdalıqları qabartmağa üstünlük verəcəklər.
Əlbəttə Azərbaycan xalqı da bu çətin günlərdə kimin kim olduğunu görür, hansı siyasi güclərin Vətən və dövlətçiliyi siyasi ambisiyadan üstün tutduğunu görür, onlara ən layiqli cavabını isə seçkilərdə verərək, layiq olduqları yeri göstərir. Siyasi partiyaların prezidentlə vəhdəti onu deməyə əsas verir ki, Azərbaycan xalqı çətin dönəmdə birləşməyi bacarır. Sözsüz  bu həmrəylik təkcə müharibə başlayan zaman deyil, hər zaman olmalıdır.
Heç bir xalq, o cümlədən bizim xalqımız da müharibə istəmir. Amma bəzən sülsevər xalq üçün də müharibə qaçılmaz olur. Sözsüz  heç bir torpaq, heç bir ərazi insandan daha dəyərli deyil. Ancaq o torpaq parçası sənin dövlətinin, vətəninin işğal olunmuş, əlindən alınmış ərazisidirsə, vəziyyət dəyişir və o torpaq parçası üçün minlərlə vətənpərvər canından keçməyə hazır olur. Çünki, həmişə deyildiyi kimi torpaq, uğrunda ölən varsa vətəndir.
Aylardır cəmiyyətimiz çox böyük gərginlikdə yaşayır. Pandemiya həyəcanın üzərinə müharibə xofunu, şəhid xəbərlərini gəlsək, insanların nə qədər çaşqın, əndişəli olduğunu təsəvvür etmək elə də çətin olmaz. Əvvəl koronovirusla, karantinlə bağlı xəbərləri gərginliklə gözləyirdik, indi cəbhədən gələn xəbərləri "dörd gözlə", narahatlıqla gözləyirik. Karantin şərtləri, tüğyan edən pandemiya, bizi evimizə qapadan xəstəlik, müharibə xofu, şəhid xəbərləri kefimizi pozsa da, ordumuzun cəbhə xəttində ən kiçik bir uğuru ovqatımızı yenidən yüksəldir. Nəfəsimizi qısıb əməliyyatların, proseslərin nəticələrini gözləyərkən gündəmimiz yenidən Qarabağ, itirilmiş torpaqlar olur.
Düzünü deyim ki, illər keçdikcə cəmiyyətin Qarabağı, itirilən torpaqları unudacağından qorxurdum. Qarabağsız doğulan, Qarabağsız yaşamağa alışan bir nəsil yetişdiyini zənn edirdim. Amma son günlər gənclərin, istərsə də yaşlı nəslin müharibə üçün çağırışlar etməsi, könüllü olaraq səfərbərlik üçün müraciət etməsi məni qürurlandırdı. Dünən və bügün gənclərin səfərbərlik üçün növbəyə düzüldüyünü gördükdə əmin oldum: Bu xalqı məğlub etmək heç zaman mükün deyil.
Yazımın sonunu  Mustafa Kamal Paşa Atatürkün məşhur kəlamı ilə tamamlamaq istərdim: “Əgər bir xalq milli maraqlar naminə birləşirsə o xalqı məğlub etmək, parçalamaq mümkün deyil”. Bəli, Azərbaycan xalqı da məhz o xalqlardandır. Azərbaycan heç vaxt bölünməyəcək və məğlub olmayacaq. Çünki onun ümumi amal naminə birləşən vətənpərvər övladları və İlham Əliyev kimi Ali Baş Komandanı var.


İsmayıl Əliyev,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini

Keçidlər