Şriftin ölçüsü :

Saytın rəngi :

Vətənpərvərlik çağırışı

18 iyul 2020 | 11:00
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı həm ölkə daxilində, həm ölkə xaricində geniş rezonans doğurmuşdur. Bu çıxışda son vaxtlar Tovuz rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi qanlı cinayətlərlə bağlı əsl həqiqəti əks etdirən maraqlı fikirlər səsləndirilmişdir.
Möhtərəm Prezident İlham Əliyev qeyd etmişdir ki, “iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olmuş, yaralanmışlar. Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar”.
   Prezident qeyd etmişdir ki, “Təhlükəsizlik Şurasının toplantısı çağırılmış, vəziyyət müzakirə edilmişdir. Operativ vəziyyət imkan verən kimi jurnalistlər, səfirliklərin nümayəndələri həmin bölgəyə dəvət ediləcək, onlar vəziyyətlə tanış olacaq və yerində görəcəklər ki, bu təxribatı törədən kimdir”. Ölkə başçımız Ermənistanın bütün əxlaq normalarını aşaraq işğalçı dövlət olaraq ərazi bütövlüyümüzə qəsd etməklə sərhədyanı ərazilərdə yeni qanlı fitnəkarlıqlar törədir, digər tərəfdən dünya ictimaiyyətini çaş-baş salmaq məqsədilə tez əsl erməni xislətinə xas şəkildə yalançlı hay-küy salaraq Azərbaycan tərəfini günahlandırmağa, yeni hərbi eskalasiyanın məhz Azərbaycan tərəfinin səbəbkar olduğu barədə yalançı və aldadıcı bəyənatlar səsləndirirlər. Ona görə də Azərbaycan rəhbəri əsl həqiqəti görmək üçün dünya ölkələrinin Azərbaycandakı təmsilçilərini hərbi əməliyyatlar gedən münaqişə zonasına dəvət edir ki, real vəziyyəti öz gözlərilə görüb ölkələrinə tam doğru- dürüst məlumat versinlər, vəziyyəti və hadisələri təhrif edən ermənilərin informasiya saxtakarlığına aldanmasınlar.
   Ölkə başçısı düşmən təxribatı nəticəsində şəhid olan general-mayor Polad Həşimovun orduda çox böyük hörmətə malik olan bir insan olmasını, aprel döyüşlərində öz rəşadətini göstərməsindən danışaraq onun yüksək dövlət ordeni ilə təltif edilməsini vurğuladı. Həmçinin qürurla səsləndirildi ki, bütün şəhidlərin intiqamı qısa zamanda artıqlaması ilə alınmışdır. Düşmənin onlarla hərbçisi məhv edilmiş, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edilmişdir. O cümlədən onların postu və bütün infrastrukturu yox edilmişdir. Prezident vurğuladı ki, bu əməliyyat, son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir.
Prezident öz çıxışında qeyd etdi ki, son əməliyyatda Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. 2020-ci il 12 iyul əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürülmüş və işğalçılar o bölgələrdən qovulmuşdur. Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur qonşu ən çirkin əməllərə əl atmışdır. Bizim kəndlərimizi atəşə tutmuş və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir.
    Çıxışda digər bir maraqlı məqam ermənilərin fitnəkar fəaliyyətində havadarlarının dəstəyi ilə bağlıdır. Ölkə başçısı vurğuladı ki, Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər. Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmişdir.
    Növbəti erməni fitnəkarlığının pərdəarxası motivlərindən danışaraq Prezident bildirdi ki,  Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Bu, heç kimə sirr deyil. Xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın və bu təxribata şüurlu şəkildə əl atıldı. Operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, şəhərlər boşalır. İndi panika yaranıbdır. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır.
   Həmişəki kimi, bu çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmiş, yardım istəmiş, hay-haray qaldırmışdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər. Ənənəvi erməni riyakarlığının bariz nümunəsini bu dəfə də müşahidə etdik.
Təxribat törədiləndən dərhal sonra, iyul ayının 12-də günorta saatlarında Prezident müvafiq göstərişlər vermiş və beynəlxalq təşkilatlardakı nümayəndələrin, o cümlədən parlamentlərarası təşkilatlardakı nümayəndələrin hər biri təlimat almış və təmsil olunduqları təşkilatların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat vermişdirlər. Diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır, çünki biz təcavüzə məruz qalmış və 20 faiz torpağı işğal olunuş ölkəyik, haqqımız tapdanmış millətik. Ölkə başçısı tərəfindən bu məsələ dəfələrlə müxtəlif tədbirlərdə, Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə dilə gətirilmişdir. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər və münaqişənin həlli üçün daha boş vədlər qənaətləndirici deyil və konkret iş görmək, uzun illər bölgəni gərginlik ocağına çevirmiş bu münaqişənin həlli istiqamətində real addımlar atmaq tələb olunur. XİN beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməlidir, susmalı deyil. Ölkə başçısı bu barədə dəfələrlə öz mövqeyini bildirib, göstərişlər verib. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını müşahidə etmirik. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Xarici İşlər Nazirliyi nə ilə məşğul idi son günlərdə? Ayın 12-də hadisələr baş verəndən sonra XİN rəhbəri istisna olmaqla, dövlət başçısı və rəsmilər işinin başında idi.
   Son hadisələr Prezident – Xalq birliyini bir daha nümayiş etdirdi. Dövlət başçısı bütün vacib məsələləri xalq ilə bölüşür, həm məsləhətləşir, həm öz fikirlərini, öz siyasətini deyir və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edir. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Qarabağ məsələsinin həllində bu faktorun əhəmiyyəti danılmazdır.
Azərbaycanın haqq işini, yeritdiyi ədalətli siyasətə beynəlxalq dəstəyin şahidi olduq. Bu günlərdə Azərbaycan tək qalmadı, qardaş Türkiyəyə Cümhuriyyəti və onun Prezidenti  Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi. Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. Pakistan birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib Azərbaycanla həmrəy olduqlarını bildirdilər.
Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir, vahid ideya ətrafında sıx bilrləşə bilir, heç vaxt dövlətə, dövlətçiliyə müxalifliyin mövcusd olmadığını sübut etdilər. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi.  Ordumuzun düşmən hücumunu qəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Ancaq əfsuslar olsun ki, sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil oldular. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Təbii ki, Daxili İşlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Xalqın xoşməramı və yüksək vətənpərvərliyinin ifadəsi olan bu gözəl aksiyanı öz fitnəkar fəaliyyəti və cılız məqsədlərilə pozmağa çalışanları xalq lənətləyir və bunu erməni dəyirmanına su tökmək kimi dəyərləndirir. Xalq öz dövlət başçısının ətrafında sıx birləşməklə həm Qarabağ məsələsinin, həm də pandemiya ilə mübarizədən qalib çıxacağına inanır və bu xəttə sadiq olduqlarını ifadə edir.


“Neft Daşları” qəzetinin baş redaktoru
Xeyrulla Ağayev

Keçidlər