Şriftin ölçüsü :

Saytın rəngi :

“Ordumuzun uğurlu əməliyyatı, hərbi qələbə xalqımızda ruh yüksəkliyi yaradıb”

19 iyul 2020 | 11:00

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Ölkə başçısı iclasda vacib məqamlara toxunmuş, cəbhədəki son vəziyyəti şərh etmiş və sosial-iqtisadi sahədəki  gedişat barədə müzakirələr aparmışdır. 
İlk olaraq cəbhədəki vəziyyəti şərh edən ölkə başçısı bildirmişdir ki, iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmiş və bu gözlənilməz zərbə nəticəsində hərbçilərimiz həlak olmuş və yaralanmışlar. Qısa müddət ərzində Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar. Prezident bildirmişdir ki, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə onlarla erməni hərbçisi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu məhv edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir. 
Ölkə başçısı çıxışında bu əməliyyatların Azərbaycan Ordusunun üstünlüyünü bir daha nümayiş etdirdiyini bildirərək, əməliyyatların Azərbaycanın şanlı tarixində yer alacağını vurğulamışdır:  “Son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu.......... Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir”.
Prezident İlham Əliyev erməni tərəfinin Aprel döyüşlərində olduğu kimi bu dəfə də ən çirkin əməllərə əl atdığını söyləyərək  bildirdi ki, mənfur düşmən  kəndlərimizi və yaşayış obyektlərini atəşə tuturlar. Bunun nəticəsində vətəndaşımız 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Əziz Əzizov erməni faşistlərinin əməlləri nəticəsində həlak olmuşdur. Prezident daha sonra vurğuladı ki, ağsaqqal Əziz Əzizovun da qanı yerdə qalmayıb, qarşı tərəfə adekvat cavab verilib və veriləcək.
Ölkə başçısı bütün dünyanın ümumi bəla ilə, COVİD-19 pandemiyası ilə mübarizə apardığı, dünyanın həmrəylik göstərdiyi bu günlərdə Ermənistanın bu əməli törətməsinin səbəbləri ilə bağlı da fikirlərini ictimaiyyətlə bölüşdü. Cənab İlham Əliyev bildirdi ki, “Birinci səbəb Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır”. Xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermişdi.Ancaq Paşinyan əlbəttə ki, vədlərini yerinə yetirə bilmədi və indi Ermənistandakı vəziyyət ortadadır. İqtisadi sahədə vədlər yerinə yetirilmədi, siyasi cəhətdən Ermənistan özünü təcrid vəziyyətə qoydu. Hazırda Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, fikri bu əsas məsələlərdən yayındırsın və şüurlu şəkildə bu təxribata əl atdı.
Ancaq onların bu əməli qısa müddət ərzində cavabını aldı və düşmən geri oturduldu. İndi onların itkiləri yüzdən çoxdur. Operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, şəhərlər boşaldılır və panika yaranıbdır. Ölkə başçısı bununla bağlı vurğuladı ki, 2 ölkə arasında fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır.
Ölkə başçısı çıxışında vacib bir məqama da toxundu. Ermənistanın bu çirkin əməlləri törətdikdən və layiqli cavab aldıqdan dərhal sonra  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına  müraciət etdi və onlardan yardım istədi, dərhal hay-haray qaldırdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər.Əslində isə reallıq budur ki, KTMT-nin buraya heç bir dəxli yoxdur. Ən azından ona görə ki, Azərbaycan Ermənistan sərhədini pozmayıb və onların ərazisinə keçməyib. Belə olan halda KTMT-nın bu işə nə dəxli ola bilər? Şübhəsiz ki, bu hərəkətlə onlar öz qorxaqlığını və  rəhbərliyin qorxaqlığını bir daha dünyaya nümayiş etdirdi. Etdiyi hərəkətin məsuliyyətini götürməkdən boyun qaçıran bu ölkə heç bir beynəlxalq hörmətə layiq deyil.
İclasda beynəlxalq təşkilatların reaksiyası ilə əlaqədar da fikir bildirən cənab İlham Əliyev dedi: “İlk növbədə, qardaş Türkiyəyə və onun Prezidenti, mənim qardaşım Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirirəm. Biz bu günlərdə Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. İlk saatlardan Türkiyənin rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər, açıqlamalar verdilər..... Bizim digər dost, qardaş ölkəmiz Pakistan birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib....... Eyni zamanda, yəqin ki, Azərbaycan ictimaiyyəti bunu bilir, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatla çıxış edib. Bu təşkilatda 57 dövlət birləşir. Budur bizə göstərilən beynəlxalq dəstək”.
Son olaraq cənab Prezident iclasda daha bir məqama diqqət yönəldərək bildirmişdir ki, biz şəhidlər veririk, igidlər itiririk, generallar itiririk. Bəzi çirkin ünsürlər isə vəziyyəti gərginləşdirmək istəyir. Ordumuzun düşmən hücumunu qəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Ancaq əfsuslar olsun ki, sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil oldular. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girərək, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Daha sonra dövlət başçısı vurğuladı ki, onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu və artıq onların şəxsiyyəti müəyyənləşdirilir. Onların hamısı məsuliyyətə cəlb ediləcək, bir nəfər də məsuliyyətdən boyun qaçıra bilməyəcək. Qanun çərçivəsində onlara layiqli cəza veriləcəkdir.

Azad Namazov

Keçidlər