Şriftin ölçüsü :

Saytın rəngi :

Biz birlikdə güclüyük !

20 iyul 2020 | 11:00
30 ilə yaxın bir müddətdə müharibə şəraitində yaşamasına baxmayaraq Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın olması inkişafı, ictimai-siyasi və iqtisadi sabitliyi təmin edir. Ölkədə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsi və eyni zamanda, iqtidarın apardığı siyasətdir. 2015-ci ildən başlayaraq, neftin qiymətinin kəskin düşməsinə, 2020-ci ilin əvvəllərində etibarən pandemiyanın vurduğu ziyana  baxmayaraq, Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasəti sayəsində Azərbaycanda heç bir sosial layihə dayandırılmayıb və əhalinin hökumətə etimadının daha da artması müşahidə olunmaqdadır. Qonşu dövlətlərdə, ələlxüsus, işğalçı rejimin hakimiyyəti altında olan Ermənistanda iflas tendensiyasının davam etdiyi, əhalinin acınacaqlı hala düşdüyü məqamda, hökumətə qarşı əhalinin sərt çıxışları olduğu halda, bütün qlobal layihələrin, sosial siyasətin və inkişafın fonunda Azərbaycan xalqının hakim partiyaya və ölkə rəhbərinə olan etimadı başadüşüləndir. Bu etimad isə böhran dövründə də ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılmasına imkan verir.
Ölkəmizdə gedən iqtisadi inkişaf və siyasi sabitlik artıq dünya ictimaiyyətinin də ölkəmizdə gedən islahatlara biganə qalmamasına gətirib çıxarmış, beynəlxalq təşkilatların, müxtəlif qurumların hesabatlarında bu öz əksini tapmışdır.  Baxmayaraq ki, bir çox dövlətlər Azərbaycanın uğurlarına qısqanclıqla yanaşaraq real həqiqətləri təhrif edirlər amma hamı ölkəmizdə gedən inkişafı görür və qəbul edir. Azərbaycanla bağlı reallıqların təhrif olunmasında sözsüz ki, erməni lobbisinin mənfi təsiri də danılmazdır. Xüsusilə, son aylarda beynəlxalq aləmdə Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzunun daha da artması, pandemiya ilə mübarizədə qlobal liderlik mövqeyi nümayiş etdirməsi və bunun dünyanın ən iri beynəlxalq təşkilatı olan BMT-yə üzv 130 ölkə tərəfindən qəbul edilməsi bədnam qonşularımızı narahat etməyə bilməzdi. 100 ildən artıq bir dövrdə xalqımıza qarşı bədnam niyyətlərini nümayiş etdirən, təcavüzkarlıq siyasəti yürüdən Ermənistan hökuməti növbəti dəfə iyul ayının 12-də təxribata əl ataraq Azərbaycanın Tovuz rayonu istiqamətində sərhədlərimizi xaincəsinə pozdu. Sözsüz ki, müasir döyüş texnikası və silahlara malik, dünyanın ən güclü 50 ordusundan biri olaraq qəbul edilən Azərbaycan ordusu bu təxribatın cavabını layiqincə verərək düşmənə texnika və canlı qüvvə sarıdan ciddi zərbə vurdu. Təəssüflər olsun ki, torpaq uğrunda gedən döyüşlərdə şəhidlərin olması qaçılmazdır. Xalqımız isə ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını alması, canlı qüvvələrini və texnikalarını məhv etməsini coşqunluqla qarşıladı.Xalq-ordu həmrəyliyi çərçivəsində döyüşçülərimizə dəstək məqsədilə minlərlə insan 30 ildən artıq bir müddətdə qürur və müqəddəs and yerimiz olan Şəhidlər xiyabanına toplaşdı. Yürüşdə minlərlə gənc Ali Baş Komandana, Orduya dəstək nümayiş etdirərək, Qarabağ uğrunda döyüşə hazır olduqlarını bəyan etdilər. Ölkə başçısı da bununla bağlı fikrini bildirərək döyüşmək istəyənlərin səfərbərlik üçün müraciət etməsini tövsiyyə etdi. Ölkə başçısının çağırışından sonra ölkənin ən müxtəlif bölgələrindən gənc, yaşlı demədən minlərlə insan Hərbi Komissarlıqlara gələrək cəbhəyə getməyə hazır olduqlarını bildirmişlər. Bütün bunlar bir daha Azərbaycanda insanların ölkə başçısına olan inamından irəli gəlir. 
Sevindirici hal isə odur ki, ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu prosesdən geri qalmamış, praktiki olaraq Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq, həmrəylik nümayiş etdirmiş və Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər.  43 partiya sədrinin imzaladığı Birgə Bəyanatda birmənalı şəkildə bildirilir: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik”.
Bu birgə bəyanatdan sonra Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn ayrıca bəyanatlar verərək Vətənin düşmən təcavüzünə məruz qaldığı günlərdə Ali Baş Komandana və ordumuza dəstək olduqlarını demişlər.
Siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduqlarını birmənalı olaraq dilə gətirsələr də təəssüf ki, bəzi siyasi çevrələr bu təlatümlü günlərdə ölkəmizə və xalqımıza qarşı törədilən təxribatlardan istifadə edərək öz çirkin əməl niyyətlərini həyata keçirməyə, mənasız xırdalıqları qabartmağa üstünlük verməklə özlərini fərqli göstərməyə çalışırlar. Əlbəttə Azərbaycan xalqı bu çətin günlərdə kimin kim olduğunu görür, hansı siyasi güclərin Vətən və dövlətçiliyi siyasi ambisiyadan üstün tutduğunu görür, onlara ən layiqli cavabını isə seçkilərdə verərək, layiq olduqları yeri göstərir. Son günlərdə minlərlə insan ölkə başçısı cənab İlham Əliyevə təşəkkür məktubları ünvanlayaraq Ali Baş Komandanın rəhbərliyi altında sıx birləşərək torpaqlarımızı azad etməyə hazır olduqlarını bildirməkdə davam edirlər.
Prezident İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, dövlət xidmətlərinin keyfiyyətinin daim artırılması, xarici siyasətdə uğurlar, ordu quruculuğu və düzgün kommunikasiya siyasəti xalqın dövlətə olan etimadını yüksəldir, xalqla iqtidar birliyi günü-gündən möhkəmlənir. Cəbhə xəttində düşmən təxribatının qarşısını almaq məqsədilə döyüşlərin getdiyi bir zamanda xalqını, torpağını, dövlətini sevən hər bir kəs öz vətəndaşlıq mövqeyini bildirərək, həyat amalımıza çevrilən “Biz birlikdə güclüyük” şüarı altında dövlətimizə və Ali Baş Komandana həmrəylik nümayiş etdirməlidir.

YAP Pirallahı rayon təşkilatının Aparat rəhbəri
İlqam Əskərov

Keçidlər