Siyasi həmrəylik cəmiyyətimizin inkişafinin mühüm göstəricisidir
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair bəyanat yayması bu günkü Azərbaycan reallığında və milli dövlətçilik təfəkkürü baxımından , xalq – iqtidar birliyinin ifadəsi kimi mühüm əhəmiyyət kəsb edən və diqqətçəkən hadisədir.
Bu günlər Azərbaycan öz tarixinin çox maraqlı bir səhifəsini yaşayır. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanır. Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdilər.
Dövlətimizin siyasi spektrində də bu hadisə maraqlı və böyük siyasi və mənəvi mənzərə yaradan rezonans doğurdu. Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu prosesdən geri qalmadı və praktiki olaraq Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq, həmrəylik nümayiş etdirdi və Ali Baş Komandanın yanında olduqlarını bəyan etdilər. Çoxdan arzuladığımız, digər ölkələrin siyasət mədəniyyətində həsəd və qibtə ilə izlədiyimiz an nəhayət bizim üçün də yetişdi. Azərbaycanda da dünənin siyasi rəqibləri Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi təhlükəni dəf etmək üçün bir yumruq kimi birləşdilər. 43 partiya sədrinin imzaladığı Birgə Bəyanatda birmənalı şəkildə bildirilir: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik”.
Bu birgə bəyanatdan sonra Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn ayrıca bəyanatlar verərək Vətənin düşmən təcavüzünə məruz qaldığı günlərdə Ali Baş Komandana və ordumuza dəstək olduqlarını bəyan etdilər.
Siyasi partiyaların bu bəyanatı bir də onu göstərdi ki, demokratik abu-havanın yetirməsi olan bu aktiv siyasi qurumlar 80-ci illərin sonu- 90-cı illərin əvvəllərində Qarabağda hadisələr kəskinləşəndə bəzi hərəkat üzvlərinin Bakıda vəziyyəti kəskinləşdirmək və diqqəti daha çox siyasi ambisiyalara çəkmək nəticəsində torpaq itkisinə səbəb olmuş acı təcrübədən düzgün siyasi ibrət götürə biliblər. Düşmən hücum etdikdə hakimiyyətə arxadan zərbə vurmaq yox, vahid ideya ətrafında birləşib torpaqları, bununla birgə dövləti və dövlətçiliyi qorumaq lazımdır. Siyasi yetkinliyin və ideya inkişafının nümunəsi olan bu həmrəylik çox ibrətamizdir və xaricdən maliyyələşib ölkənin maraqlarına zidd fəaliyyət göstərən məhdud siyasi qüvvələr də bu mühüm əhəmiyyətli addımdan ibrət götürməyə səy göstərməlidir, çünki nəyə müxalif olsalar da, heç kim dövlətə, dövlətçiliyə, müstəqilliyə və ərazi bütövlüyünə müxalif ola bilməz. Azərbaycan hamımızın Vətənidir- iqtidarın da, müxalifətin də. Vətənə müxalif olmaq mümkün deyil.
Siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduqlarını birmənalı olaraq dilə gətirsələr də təəssüf ki, bəzi siyasi çevrələr bu təlatümlü günlərdə hadisələrə münasibət bildirməyərək kənardan müşahidə etməyə üstünlük vermişlər. Yəqin ki, onlar adətləri üzrə yenə də hansısa neqativ məqamlar axtarmağa, özlərini fərqli göstərmək üçün tənqid etməyə, mənasız xırdalıqları qabartmağa üstünlük verəcəklər. Əlbəttə ki, Azərbaycan xalqı da bu çətin günlərdə kimin kim olduğunu görür, hansı siyasi güclərin Vətən və dövlətçiliyi siyasi ambisiyadan üstün tutduğunu görür, onlara ən layiqli cavabını isə seçkilərdə verərək, layiq olduqları yeri göstərir.
43 siyasi partiyanın birlik nümayiş etdirərək birgə bəyanat yayması xalq tərəfindən də yüksək qiymətləndirildi. Bu addım cəmiyətimizdə demokratiyanın, siyasi plüralizmin, siyasi qüvvələrin əksəriyyətinin demokratik cəmiyyət prinsiplərini və parametrlərini düzgün qəbul edərək müstəqillik, dövlət və dövlətçilik ideyalarına sadiqliyinin, çətin anlarda bu xətti həyata keçirən iqtidar ətrafında sıx birləşmək zərurətinin şüurlu şəkildə dərk edilməsinin və buna sadiq olunmasının ifadəsidir. Azərbaycan Respublikasının vətəndaşı olaraq biz də öz növbəmizdə dövlətimizin ərazi bütövlüyünün təhdid edildiyi bir vaxtda vətənpərvərlik prinsiplərini öndə tutaraq birlik nümayiş etdirən siyasi partiyaları dəstəkləyir, onların xalqla birlikdə Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsini təqdir edirik. Bu addım hər birimizdə fərəh doğurdu. Çünki heç bir siyasi hədəf əsgərlərimizin canı bahasına qoruduğu və minlərlə könüllünün sinəsini sipər etməyə hazır olduğu Vətən torpaqlarımızın müdafiəsindən və mənafeyindən üstün ola bilməz.
Neft Daşları qəzetinin baş redaktoru
Xeyrulla Ağayev