Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımız ümummilli məsələlərdə güclü birlik və həmrəylik nümayiş etdirir

22 iyul 2020 | 11:00
Ermənistan silahlı qüvvələri iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti dəfə təxribat törədərək hərbi postumuza artilleriya atəşi açmış və mövqelərimizi ələ keçirməyə cəhd göstərmişdir. Düşmənin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində bir neçə hərbiçimiz şəhid olmuş və yaralanmışdır. Cavab olaraq Ordumuz düşmənin hərbi bölmələrinə sarsıdıcı zərbələr endirmiş, 100-dən çox canlı qüvvəsini məhv etmiş və dövlət sərhədlərimizi rəşadətlə qorumuşdur.
       Bu döyüşlər ordumuzun gücünü və istənilən gözlənilməz vəziyyətə qarşı hazırlıq dərəcəsini bir daha ortaya qoydu və sübut etdi ki, Azərbaycan Ordusu güclüdür. Belə ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Ordumuz düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. Son illərdə biz bunun dəfələrlə şahidi olmuşuq. Belə ki, 2016-cı il Aprel döyüşləri, 2018-ci il Naxçıvan əməliyyatı və hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrin fonunda müşahidə olunanlar bunu bir daha təsdiq edir. Bu günlərdə düşmən ölkənin mediasında, sosial şəbəkələrdə yayılan xəbərlərdən də bir daha məlum olur ki, düşmən Tovuz rayonu istiqamətində törətdiyi təxribatın layiqli cavabını almış, canlı qüvvə və texnika sarıdan böyük itkilərə məruz qalmışdır.
         Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə Prezidenti cənab İlham Əliyev bildirmişdi ki, görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Onlara sarsıdıcı zərbələr endirildi. Dövlət başçısının qeyd etdiyi kimi, onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. Beləliklə, şəhidlərimizin qisası qısa müddət ərzində alındı və bundan sonra da alınmağa davam edəcək.
          Şübhəsiz ki, bu döyüşlər işğalçılara növbəti xəbərdarlıq oldu ki, Azərbaycan  öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Erməni tərəfi başa düşməlidir ki, sülh yolu ilə  torpaqlarımızdan çıxmasalar ordumuz onlara öz yerini göstərəcək. Bunun üçün bizim gücümüz də, iqtidarımız da var.
          Milli birlik, taleyüklü məqamlarda öz dövlətinin və Prezidentinin ətrafında sıx həmrəylik nümayiş etdirmək Azərbaycan xalqını səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Biz xalqımızın ümummilli məsələlərdə vahid mövqedən çıxış etməsinin dəfələrlə şahidi olmuşuq. Xalqımızın sıx həmrəylik nümayiş etdirdiyi ümummilli məsələlərdən biri də “Dağlıq Qarabağ”dır.  Dövlət və cəmiyyət bəhs olunan problemin həllində vahid mövqedən çıxış edərək prinsipial yanaşma ortaya qoyur və bildirir ki, torpaqlarımız işğalçılardan təmizlənməli, ərazi bütövlüyümüz təmin olunmalıdır.
Qeyd edək ki, Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını qətiyyətlə alması cəmiyyətdə yüksək əhval-ruhiyyə yaratdı. 2020-ci il iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiyalar cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi.  Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Müharibə şəraitində yaşadığımız indiki dövrdə orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər. Eyni zamanda, bugünlər xalqımız şəhidlərimizə də böyük ehtiram nümayiş etdirdilər.
Cənab Prezident Nazirlər Kabinetinin iclasında bildirdi ki, bizim ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Sözsüz ki, bu məsələdə bütün xalqımız həmrəydir. Xalqımızın bir arzusu var ki, bu da torpaqlarımızın işğaldan azad olunması, məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır.
         Xalqımızın dövlətimizə, Prezidentimizə və ordumuza dəstək nümayiş etdirdiyi halda, kiçik bir qrupun təxribat törətməsi qəbul olunmazdır. Biz bu təxribatı iyulun 14-də gördük. Onların bu qanunsuz hərəkətləri yalnız düşmənlərimizin maraqlarına uyğundur. Eyni zamanda, sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatların yayılması halları da müşahidə olundu ki, bu da məqsədlidir və burada məqsəd heç də xalqın məlumatlandırılması deyil. Məqsəd, ölkədə panika və çaşqınlıq yaradaraq xarici qüvvələrin ölkədə qarışıqlıq yaratmasına dəstək olmaqdır. Şübhəsiz ki, hüquq mühafizə orqanları tərəfindən bütün bu kimi cəhdlərin qarşısı qətiyyətlə alındı.
        Bu çətin günlərdə siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək dövlətimizin və Ali Baş Komandanın yanında olduqlarını bəyan etdilər. 43 siyasi partiya birgə bəyanat yayaraq Ali Baş Komandanın ətrafında sıx birləşdiklərini və ölkə başçısının əmrini gözlədiklərini bildirdilər. “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik”. Bu mövqe cəmiyyətdə də yüksək qiymətləndirildi.
Təəssüf ki, bəzi siyasi partiyalar birlik nümayiş etdirməkdən boyun qaçıraraq, hadisələrə münasibət bildirməkdən yayınmışdır. Bu hərəkət vətənpərvərlikdən nə qədər uzaq olsa da özlərini vətənpərvər adlandıran siyasi partiya liderləri bundan çəkinmədilər. Onların Vətənin bu çətin günlərində şəxsi mənafelərini üstün tutaraq, siyasi üstünlük əldə etmək ümidi ilə baş verənlərdən istifadə etmək cəhdi hər birmizdə dərin təəssüf yaratdı. Amma əlbəttə ki, xalqımız ən yaxşı hakimdir və onlar kimin kim olduğunu, hansı siyasi güclərin Vətən və dövlətçilik prinsiplərini siyasi ambisiyadan üstün tutduğunu gördü və bu gün Vətənimizin, Ordumuzun yanında olmayanlara ən layiqli cavab sözsüz ki,  seçkilərdə veriləcək.
         Azərbaycan güclü dövlətdir. Respublikamızda əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. İstər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirməliyik. Biz bu yolda bütün səylərimizi səfərbər etməli və ölkəmizin mənafeyini daim qorumalıyıq. Bu hər birimizin əsas öncəliyi və borcudur.
Sonda bir daha torpaqlarımızn müdafiəsi naminə canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir və bu gün də cəbhədə sərhədlərimizi qorumaq üçün ayıq-sayıq duran əsgərlərimizə təşəkkür edirik. Və bütün Azərbaycan xalqı olaraq yekdilliklə deyirik:
Tanrı səni qorusun Azərbaycan Əsgəri.  

        Arzu Abdullayev
        Pirallahı Rayon İcra Hakimiyyəti
Ərazi-idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri

Keçidlər