Şriftin ölçüsü :

Saytın rəngi :

ABŞ Konqresi Ermənistanın təcavüzkar, işğalçı olduğunu təsdiqlədi

23 iyul 2020 | 11:00
Son günlər Azərbaycanın Tovuz rayonu istiqamətindəki sərhəd ərazilərinə qəfildən və xaincəsinə basqın edən Ermənistanın terrorçu silahlı qüvvələrinin burnunun necə ovulduğunun, Prezident İlham Əliyevin təbirincə desək “başından güclü zərbə” vurduğumuzun hər birimiz canlı şahidi olduq. Milli ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda əsl Ali Baş Komandan - Xalq, ön və arxa cəbhə birliyi, vəhdəti yaşanmasını müahidə etmək həqiqətən çox qürurverici bir hissdir. Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, idbar və mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdilər.
Sevindirici haldır ki, ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu prosesdən kənarda qalmadılar. Praktiki olaraq Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq, həmrəylik nümayiş etdirmiş və Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər.
Çoxdan arzuladığımız, digər ölkələrin siyasət mədəniyyətində həsəd və qibtə ilə izlədiyimiz an nəhayət ki yetişdi. Azərbaycanda da dünənin siyasi rəqibləri bu gün Vətən təhlükədə olduğu anda rəqabəti unudub, eyni səngərin əsgərləri kimi təhlükəni dəf etmək üçün bir yumruq kimi birləşə bildilər.
43 partiya sədrinin imzaladığı Birgə Bəyanatda birmənalı şəkildə bildirilir: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.”
Birgə bəyanata Sabir Rüstəmxanlı, Sərdar Cəlaloğlu, Qulamhüseyn Əlibəyli, İqbal Ağa-zadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev, İlyas İsmayılov, Mirmahmud Fəttayev, Fərəc Quliyev, Hacıbaba Əzimov, Tahir Kərimli, Mais Səfərli, Fəzail Ağamalı, Tural Abbaslı kimi cəmiyyətdə tanınan siyasi partiya sədrləri imza atmışlar. Bu birgə bəyanatdan sonra Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn ayrıca bəyanatlar verərək Vətənin düşmən təcavüzünə məruz qaldığı günlərdə Ali Baş Komandana və ordumuza dəstək olduqlarını ifadə etmişlər.
Respublikanın ictimai-siyasi həyatında aparıcı mövqeyi olan siyasi partiyaların vəziyyəti düzgün dəyərləndirmələri və analiz etmələri, son hücumların məhz sərhəd zonasında baş verməsinin təsadüfi olmadığı, Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirmələri, Ermənistanın təcavüzünün təsdiq edilməsi baxımından əhəmiyyətlidir.
Müzəffər ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını  layiqincə alması, canlı qüvvələrini və texnikalarını dəqiq zərbələrlə məhv etməsi xalq tərəfindən coşqu ilə qarşılanmışdır. Xalq - ordu həmrəyliyi çərçivəsində döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəlmişdir. Ancaq əfsuslar olsun ki, hər zamankı kimi onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışmışlar. Buna baxmayaraq heç bir daxili və xarici siyasi güc, Azərbaycan dövlətinin qətiyyətliyini, iradəsini, Ali Baş Komandan - xalq həmrəyliyini şübhə altına ala bilməz. Azərbaycan xalqı hər şeyi görür, qiymət verir. Azərbaycan dövləti də xalqı ilə birlikdədir, xalqını dinləyir, hər bir addımını onunla məsləhətləşir, gələcəyini onunla birlikdə planlaşdırır və həyata keçirir.
Bir çox siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduqlarını birmənalı olaraq dilə gətirsələr də, təəssüf ki, bəzi siyasi çevrələr bu təlatümlü günlərdə hadisələrə münasibət bildirməyərək kənardan müşahidə etməyə üstünlük vermişlər. Yəqin ki, onlar adətləri üzrə yenə də hansı isə neqativ məqamlar axtarmağa, özlərini fərqli göstərmək üçün tənqid etməyə, mənasız xırdalıqları qabartmağa üstünlük verəcəklər.
Əlbəttə, xalqın gözü tərəzidir, Azərbaycan xalqı da bu çətin günlərdə kimin kim olduğunun fərqindədir, hansı siyasi güclərin Vətən və dövlətçiliyi siyasi ambisiyadan üstün tutduğunu görür, onlara ən layiqli cavabını isə seçkilərdə verərək, layiq olduqları yeri hər dəfə olduğu kimi göstərəcəkdir.
Bu günlərdə əlamətdar bir hadisə də okeanın o tayında baş verdi. ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edilib. Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birgə şəkildə təqdim edilən “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, “İndiki mərhələdə bu düzəlişin bizim üçün əhəmiyyəti çox böyükdür. Çünki burada Azərbaycanın ərazilərinin işğal olunması faktı təsdiq olunur". Eyni zamanda Stiv Kohen tərəfindən hazırlanan “Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi ölkələrdə sözügedən qüvvələr barədə geniş məlumatın ehtiva olunduğu hesabatın Konqresə təqdim olunması” barədə 99 saylı düzəliş də təsdiqlənib.
Bundan başqa erməni lobbisinin səylərinə baxmayaraq, iclas zamanı Kaliforniya ştatını təmsil edən qatı ermənipərəst Konqres üzvü Bred Şerman tərəfindən ölkəmiz əleyhinə irəli sürülmüş “Mülki aviasiyaya təhdid olmadığı barədə Prezident tərəfindən Konqresə təminat verilənə qədər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərinin qadağan olunmasına” dair 66 saylı və yenə Kaliforniyanı təmsil edən erməni əsilli Ceki Spiir tərəfindən hazırlanan “333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlar üzrə paritet tətbiq edilməsi” barədə 330 saylı düzəlişlər qəbul edilməyib.
Burada söhbət təkcə ayrılan yardımın məbləğindən, yaxud Ermənistana pul ayrılıb-ayrılmamasından getmir. Həm də bölgədəki hadisələrdən, reallıqlardan, Ermənistannın maskasının yırtılmasından və bu cırtdan ölkənin bölgədə NATO əleyhinə Rusiyanın ”maşa"sı, əlaltısı rolunu oynaması faktının ABŞ Konqresində, yəqin ki, növbəti addımda Senatında və siyasi rəhbərliyində bütün detalları ilə aydınlaşmasıdan gedir.
Konqresə Ermənistanın Rusiyanın forpostu olması, onunla 49 illiyə hərbi saziş imzalaması, ərazisində aviasiya hərbi bazası, eləcə də Gümrüdə quru qoşunlarını - birbaşa NATO-nun əleyhinə yönəldilmiş briqadanı yerləşdirməsi, Ermənistanda yeni bir rus bazasının yerləşdirilməsi barədə danışıqların getməsi haqda məlumatlar da çatdırılmışdır.
Üstəlik, konkret bu fakta da diqqət yetirilmişdir ki, postsovet məkanında baş verən münaqişələr zamanı çoxlu ölüm hadisələri olmuş və Azərbaycanın dinc sakinlərinə ən çox ziyan vuran, onların mal-mülkünü talayan, eyni zamanda mülki əhaliyə heç bir ehtiyac olmadan sui-qəsd edən, qətliamlar törədən erməni qüvvələridir və Konqres üzvləri bu barədə ətrafı məlumatlandırılıb. Müzakirələrdə postsovet məkanında ən çox itkiyə məruz qalan ölkə kimi Azərbaycanın adı çəkilib.
Beləlikə, ABŞ Konqresi nəhayət ki, 30 ildən sonra təcavüzkarı, işğalçını göstərməyə başlayıb. Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları birbaşa enerji və nəqliyyat təhlükəsizliyinə təhdid olması, Ermənistanın bu hücumundan sonra rusların 150 min əsgərlə və böyük miqdarda texnika ilə bilavasitə sərhədlərimizdə hərbi təlimlərə başlaması da yəqin ki, diqqətdən kənarda qalmayıb.
Bütün bunlar bu vaxtadək Azərbaycan həqiqətlərinə kor qalan dünyanın gözünün nəhayət ki, açıldığının göstəricisidir. Bütün bunlar Azərbaycanın işğal altındakı ərazilərinin azad olunacağı günün çox da uzaqda olmadığının göstəricisidir. Bir məşhur deyimdə deyildiyi kimi – bütün hallarda qələbənin yolu passiv müdafiədən aktiv fəaliyyətə keçiddən keçir. Müzəffər ordumuz, 50 mindən çox könüllü, bütün xalqımız müsəlləh əsgər kimi Ali Baş Komandanın bir əmrinə müntəzirdir. Qəhrəman övladın şanlı Vətəni qələbə intizarındadır! Qarabağ Azərbaycandır!

İLQAR MƏMMƏDLİ,
Dövlətqaçqınkomun Pirallahı rayon sektorunun müdiri

Keçidlər