Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuza və tovuzlulara dəyən zərər tezliklə ardan qaldırılacaq

22 iyul 2020 | 11:00
Dünyanın heç bir ölkəsində ölkəmizdə olduğu qədər şəhid ailələrinə, müharibə əlilərinə, məcburi köçkünlərə və ya sosial müdafiəyə ehtiyacı olan şəxslərə  dövlət tərəfindən diqqət və qayğı göstərilmir. Azərbaycan bu sahədə dünyaya nümunə olacaq səviyyədədir. Hətta indiki dövrdə, yəni, neft qiymətlərinin qeyri-müəyyənliyini qoruduğu, bütün dünyanın pandemiya ilə mübarizə apardığı və dövlətlərin zəruri layihələrini belə təxirə saldığı bir vaxtda Azərbaycan sosial layihələri dayandırmadı, ölkə başçısı çıxışlarında dəfələrlə heç bir sosial layihənin təxirə salınmayacağını bəyan etdi. Bu  hazırki şəraitdə nə qədər riskli olsa da dövlət başçısı Azərbaycanın sosial dövlət olduğunu sübut edərək, bu addımı atdı.
Beləliklə, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması və onların  hər cür qayğı ilə əhatə olunması təşkil edir. Təsadüfi deyil ki, 2018-ci il 11 aprel tarixində keçirilən sonuncu Prezident seçkilərində uğurlu qələbədən sonra ölkə başçısı ilk olaraq şəhid ailələrinin üzvləri ilə görüşmüş, onların problemləri ilə maraqlanmışdır.
Qeyd edək ki, indiyə qədər dövlət tərəfindən 12 minədək şəhid ailəsinə birdəfəlik ödəmələrin həyata keçirilməsi ilə yanaşı 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin olunmuş və onlara 7 minə yaxın avtomobil verilmişdir. Bu il isə 1500 şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir.  Bu statistikalar Azərbaycanda xüsusi kateqaroriyadan olan insanlara dövlətin ayırdığı diqqət və qayğının sübutudur. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələrinə, müharibə əlillərinə Fond tərəfindən mənzillərin verilməsi, sosial qayğının göstərilməsi, şəhid ailəsi üzvlərinin müharibə əlillərinin müalicəsi ilə göstərilən köməkliklər xalqımızın, dövlətimizin öz şəhidlərinə və  qəhrəmanlarına verdiyi dəyərin bariz nümunəsidir.
Ölkəmizdə son dövrlərdə xüsusi diqqət ayrılan sahələrdən biri də cəbhəyanı rayonlarda infrastrukturun bərpa olunmasıdır. 2016-cı il Aprel döyüşlərindən sonra Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər də buna əyani sübutdur. Böyük Qayıdışın başlanğıcı olan bu kənddə infrastruktur layihələri ilə yanaşı, böyük quruculuq işləri həyata keçirilmiş və yem emalı müəssisəsi, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi tikilmiş və əhaliyə iş imkanları formalaşdırılmışdır. Bu həqiqətən də tarixi hadisə idi. Ən azından ona görə ki, bu addımla dövlət öz torpaqlarından əsla imtina etmədiyini və etməyəcəyini göstərdi. Bu, Azərbaycan dövlətinin iradəsini, xalqın əzmkarlığını nümayiş etdirdi. Geriyə qayıdış proseslərində xalqın da maksimum aktivliklə iştirak etməsi bütün dünyaya və işğalçı Ermənistana açıq mesaj oldu: Onlar nə qədər təxribatlara əl atsalar da və prosesi uzatmağa çalışsalar da Azərbaycan xalqı və dövləti heç vaxt öz əzəli torpaqlarının mənfur düşməndə qalmağına icazə verməyəcək. Azərbaycan dövləti işğaldan azad etdiyi torpaqlarda sürətli yenidənqurma işləri həyata keçirəcək, əhali isə öz doğma torpaqlarında yaşamağa can atacaq və beləliklə də biz öz əzəli torpaqlarımıza qayıdacağıq. Bu gec və ya tez, sülhlə və ya müharibə ilə baş tutacaq. Bunun qarşısında nə işğalçı Ermənistan, nə də onun gizli havadarları dura bilməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.
Son olaraq, dövlətimiz eyni prinsipi Tovuz rayonunun ziyan dəymiş kəndləri üçün də tətbiq etdi. Belə ki, artıq hər birimizə məlumdur ki, iyulun 12-dən etibarən Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub. Bunun nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb. Bu Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Əminik ki, burada da dəymiş zərər maksimum dəqiqliklə və sürətlə hesablanaraq, dəymiş ziyanın aradan qaldırılması üçün işlərə başlanılacaq. Qeyd edək ki, artıq Sərəncamın icrası ilə bağlı işlərə başlanılıb və təcili tədbirlər görülür. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib və ekspertlər Tovuz rayonuna ezam olunub. İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi və dövlət əmlakına zərər dəydiyi müəyyənləşdirilib. Dövlət əmlakına dəyən zərər əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.
Vurğulamaq lazımdır ki, işlərin gedişatı dövlət başçısının şəxsi nəzarətindədir və ən qısa müddət ərzində mülki əhaliyə və dövlət əmlakına dəymiş zərər aradan qaldırılacaq, ziyan dəymiş infrastruktur və evlər bərpa olunacaq, həyat tamamilə öz məcrasına qayıdacaq. Dövlət bunun üçün hər şeyi etməyə hazırdır və edir də.
Azərbaycan dövlətinin daim öz vətəndaşının yanında olması sərhəd bölgəsində düşmənlə üz-üzə duran və hər an düşmən təxribatı ilə qarşılaşmaq təhlükəsi olan sakinlərə ruh yüksəkliyi verir. Bu, bir daha göstərir ki, Azərbaycanda dövlət siyasətinin ana xəttini insan amili təşkil edir və dövlətimiz vətəndaşına hər zaman dəstək göstərməyə, onun təhlükəsizliyini təmin etməyə hazırdır. Beləliklə dövlətimizin bu addımı sübut edir ki, Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının bir nömrəli qarantıdır.

 

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının könüllüsü
Xəyalə Cavanşirli

 

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının könüllüsü
Xəyalə Cavanşirli

Keçidlər