Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq”

23 iyul 2020 | 11:00

COVİD-19 infeksiyasının bütün dünyada yayılması nəticəsində elan olunan pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiqi bir çox ölkələrdə iqtisadiyyatın çökməsinə səbəb oldu. Bu dövrdə cəmiyyətdə belə bir bədbinlik yarandı ki, pandemiya dövlətlərin iqtisadiyyatını sarsıdırsa bu birbaşa sosial layihələrin icrasına öz təsirini göstərəcək. Ancaq ölkəmizdə bu müşahidə olunmadı, hətta pandemiya dövründə üst-üstə sosial layihələrin açılışı reallaşdı. Son belə açılış iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi oldu. Ümumilikdə 62 şəhid ailəsinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə  mənzillərin təqdim edildiyi mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdi. Burada geniş nitq ilə çıxış edən ölkə başçısı olduqca vacib məqamlara toxundu. İlk olaraq mənzillərlə təmin olunan şəxsləri təbrik edərək sözə başlayan cənab Prezident son illər bu sahədə görülən işlərlə bağlı məlumat verdi: “Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, sizin üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, biz bu il bu sahədə ən böyük göstəriciyə nail ola bilmişik”.
Bu sahədə özəl sektorun fəaliyyətini də vurğulayan ölkə başçısı demişdir: “ Bildiyiniz kimi, özəl şirkət – “Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Eyni zamanda, şəhid ailələri, müharibə əlilləri üçün evlərin tikilməsinin, əlbəttə ki, böyük hissəsini dövlət öz üzərinə götürübdür. Ancaq özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib”. Bəli, özəl sektorun da bu sahədə pay sahibi olmağı ölkəmizdə birliyin və xüsusi kateqariyadan olan insanlara qayğının simvoludur.
Çıxışı zamanı bir çox vacib məqamlara toxunan ölkə başçısı, son günlərin aktual mövzusu olan Tovuz əməliyyatlarına da xüsusi yer ayırdı. Ölkə başçısı bununla bağlı vurğuladı ki, Ermənistan ordusu Tovuz istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb. Dərhal lazımi tədbirlər görülüb və qisas əməliyyatı keçirilib. Qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib.
Tovuz əməliyyatlarının qızğın bir şəkildə getdiyi vaxtda Bakıda orduya və Ali Baş Komandana dəstək məqsədilə yürüş keçirildi. Yürüşün əvvəlcədən planlanmamasına baxmayaraq minlərlə insan yürüşə qatılaraq Şəhidlər Xiyabanına doğru hərəkət etdi. Bu böyük həmrəylik nümayişi Ermənistana və dünyaya mesaj oldu. Azərbaycan xalqı Ali Baş Komandanla və Orduyla birlikdir və xalq heç vaxt öz əzəli torpaqlarından imtina etməyəcək.  Amma təəssüf ki, hətta o birlik günlərində belə öz şəxsi mənafelərini vətənin çıxarlarından üstün tutanlar oldu. Ölkə başçısı nitqində onlarla bağlı fikrini açıq şəkildə bildirdi: “Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu edər? ..... Görün, bu adamlar hansı miskin və aciz gündədirlər. Hanı bunların “hünəri”, hanı bunların “qəhrəmanlığı”? İndi qanun qarşısında cavab verəcəklər. Mən demişəm, bir daha da demək istəyirəm, bu cinayətləri, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Bir-bir hamısını tapacağıq və bir-bir tapırıq. Son nəfərinə qədər tapıb məsuliyyətə cəlb edəcəyik”. Ölkə başçısının bu mövqeyi bütün Azərbaycanın mövqeyidir. Heç bir vətənpərvər insan sərhəddə qızğın döyüşlərin getdiyi vaxt paytaxtda qarışıqlıq yaratmağa çalışmaz. Bu heç bir məntiqə sığan hərəkət deyil. Bu hərəkətləri sadəcə düşmənə işləyən satqınlar edə bilər və sözsüz ki, onlar öz layiqli cavablarını almalıdırlar. Bizə məlumdur ki, onların istəyi Azırbaycanı 1990-cı illərin əvvəlindəki o aciz vəziyyətə salmaq idi. Amma bu mümkün deyil, çünki indi Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Bununla bağlı prezident hər gün minlərlə məktub alır, vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, orduda xidmət etmək istəyirlər. Onu da vurğulayaq ki, ölkə başçısının çağırışından sonra artıq 50 minə yaxın insan orduda ximət üçün müraciət edib. Ölkə başçısı çıxışında orduya könüllü yazılmaq üçün müraciət edənləri yüksək qiymətləndirərək demişdir: “Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci. Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər”.
Çıxışı zamanı Azərbaycanın beynəlxalq təşkilatlardan aldığı dəstəyi də vurğulayan dövlət başçımız Azərbaycanın indiyə qədər heç vaxt olmadığı qədər beynəlxalq dəstək gördüyünü bildirdi. Ən böyük və adekvat dəstəyin qardaş Türkiyədən gəldiyini bildirən ölkə başçısı qardaş ölkənin rəhbəri olan cənab Rəcəb Tayyip Erdoğana və türk xalqına öz təşəkkürünü bildirdi. Bununla yanaşı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının da Azərbaycana birmənalı şəkildə dəstək olduğunu bildirən ölkə başçısı sözü gedən təşkilatların üzvlərinə öz təşəkkürünü bildirdi.
Ölkə başçısının çıxışının bəlkə də ən vacib məqamlarından biri Ermənistan hakimiyyətinə xitabla – “Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq” fikri oldu. Ancaq mənfur qonşularımızdan bunu gözləmək yəqin ki, sadəlövhlük olardı. Onlar Tovuz istiqamətində hücuma keçən və sonra layiqli cavablarını alan kimi dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə etsinlər. Ermənistan tərəfi tələb edirdi ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Ancaq əlbəttə ki, onlar buna nail ola bilmədilər və heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi. Ancaq vurğulamaq lazımdır ki, KTMT-ya üzv 6 ölkə beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Sadəcə bu belə Ermənistana tutarlı cavabdır. Azərbaycan haqlı mövqeyini dünyanın böyük əksəriyyəti dəstəkləyir. Bu danılmaz fakt və açıq reallıqdır.
Sonda bir daha Azərbaycanın mövqeyini vurğulayan ölkə başçısı bildirdi ki, bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Münaqişənin yarımçıq həlli bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq.
Biz də tam əminik ki, cənab Ali Baş Komandanın rəhbərliyi ilə yaxın zamanda torpaqlarımız düşmən tapdağından azad olunacaq və biz öz əzəli ata-baba yurdumuza  qayıdacağıq. Bu bütün Azərbaycan xalqının ən böyük istəyidir. Bu yolda hər birimiz canımızdan keçməyə də hazırıq və biz ölkə rəhbərliyindən sadəcə bir söz gözləyirik: “İrəli”.
İsmayıl Əliyev,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini

Keçidlər