Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ilin aprelindən 2020-ci ilin iyuluna – qayğı və kömək dövlətin prioritetidir

24 iyul 2020 | 11:00
İyulun 12-dən etibarən Ermənistan Respublikası özünün əsl riyakar üzünü və işğalçı xislətini bir daha ortaya qoydu. İllərdi dünya ictimaiyyətinə sülhsevərlik haqqında nağıllar danışan bu ölkənin silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutdu. Sözsüz ki ordumuz onların cavablarını dərhal verdi və onları ağır itkilərə məruz qoydu. Belə demək mümkündür ki, Tovuzun Ağdam kəndi yaxınlığındakı Qaraqaya yüksəkliyi sümük kimi  Ermənistan ordusunun boğazında ilişib qaldı. Məqsədinə çata bilməyən mənfur düşmən ordumuzla bacara bilmədiyini anlayınca acığını mülki əhalimizdən çıxmaq istədi. Atəşi dinc əhali yaşayan kəndlərimizə yönəltdi. Məqsədi də bu idi ki, əhali qorxuya düşüb kəndlərdən çıxsın, panika yaransın. Paşinyan da sinəsinə döyüb fəxr eləsin ki, “gördünüz, azərbaycanlılar məndən qorxdular” və bununla özünün ölməkdə olan reytinqinə yeni nəfəs versin. Amma burda da arzusu gözündə qaldı. Əhalimiz yüksək vətənpərvərlik və mərdlik göstərərək  öz evlərində qaldı, hətta qadınlar, yaşlılar və uşaqlar belə vətən torpağını tərk etməyəcəklərini bildirdilər. Sərhəddə yerləşən kəndlərə və evlərə xeyli ziyan dəysə də, mülki əhali arasında həlak olanlar olsa da qaçmadılar. Bunun səbəbi isə bəllidir, vətəndaşımız öz ordusuna arxayındır, ona inanır, öz dövlətinə inanır və güvənir. Vətəndaş bilir ki, nəinki ordusu onu müdafiə edəcək, həm də dövləti onu ağır vəziyyətdə buraxmayacaq. Və elə də oldu.
Əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək. Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq.
Bu döyüşlər zamanı əsas ziyan Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib . İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. Artıq Sərəncamın icra olunmasına başlanılıb və yaxın zamanlarda zərər dəymiş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək. İşlərin gedişinə dövlət başçısı şəxsən nəzarət edəcəkdir. Bundan əlavə, döyüşlər zamanı həlak olmuş və yaralanmış həbçilərimiz də diqqətdən kənar qalmayıblar.
Dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Beləliklə, Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə artıq ev verilib. Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb.
Bu ilk dəfə deyil ki dövlətimiz ziyan çəkmiş əhaliyə yardım edir, ona kömək əlini uzadır. 2016-cı ilin aprel döyüşlərinin xatirələri hələ təzədir. O zaman da döyüşlərdə həlak olmuş, hərbçilərimizin ailələrinə əlavə qayğı və kömək, yaralanmış , əlil olmuş əsgərlərimizin sağlamlığının bərpası, onların ailə məişət qayğılarının qarşılanması bu günə qədər dövlətin  diqqətindədir. Azərbaycan Prezidenti İlham Əliyevin, Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncama əsasən Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat vəsait olmaqla 6 milyon manat vəsait ayrılmışdı. Dövlətimizin başçısı işin gedişini xüsusi nəzarətə götürmüşdü. İşlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılmışdı. Şəhid ailələri dövlət hesabına evlə təmin edilmiş (indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib), şəhid ailələrinə, hər ailəyə 11 min manat olmaqla, birdəfəlik yardım göstərilmişdir.
Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan quruculuq işləri dövlətimizin öz vətəndaşlarına, müharibə nəticəsində dağıdılmış ərazi və yaşayış məntəqələrinə qayğı və diqqətin əyani nümunəsidir. Cocuq Mərcanlı kəndində yaşayış evlərindən başqa yem emalı müəssisəsi tikilib, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərir. Bu xalqımızın öz doğma yurd yuvalarına qayıtmağının ilk addımı idi və şübhəsiz ki, bu qayıdış yaxın gələcəkdə gurultulu addım səslərinə çevriləcəkdir.
Sonda, bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikası  cənab  İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən demokratik dövlətinə çevrilib. İqtisadi sahədə əldə edilən uğurlara paralel olaraq  ölkəmizdə cəbhəyanı rayonların sosial vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanıb və nəticədə həmin bölgələrin güclü inkişafına nail olunub. Şübhəsiz ki, Tovuz rayonuna dəyən ziyanın aradan qaldırılması məqsədilə ölkə başçısının Sərəncamı bu bölgənin də inkişafına təkan verəcək. Təkcə Tovuz, Cocuq-Mərcanlı deyil ermənilərin ziyan vurduğu hər santimetr torpağımız bizim tərəfimizdən çiçəkləndiriləcək, inkişaf etdiriləcək və xalqa geri veriləcək. Biz gec və ya tez doğma torpaqlarımızda da yaşayışı bərpa edəcək və oraya qayıdacağıq. Hər bir Azərbaycan vətəndaşı o günləri həsrətlə gözləyir və bunun naminə hər şeyə, hətta canından keçməyə də hazırdır.


Əli Kərimov
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri

Keçidlər