Prezident İlham Əliyev: Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq!
Ötən çərşənbə axşamı, iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər. Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və onlara 7 minə yaxın avtomobil verilibdir. Bu il 1500 şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdir. Eyni zamanda, bu il əlillər üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, bu il bu sahədə ən böyük göstəriciyə nail olunur - deyə cənab Prezident vurğulamışdır.
Bildirilmişdir ki, bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib, özəl şirkət – “Paşa Holdinq”in vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Bu, həm ölkəmizdə vətəndaş həmrəyliyinin, həm də dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının bariz nümunəsidir.
Ölkə başçısı bildirdi ki, ölkəmizdə son illər ərzində iqtisadi sahədə yaradılmış böyük potensial bu gün sosial sahədə böyük layihələrə imza atmağa imkan verir. Çünki iqtisadi güc, ilk növbədə, ona görə lazımdır ki, ölkə daha da qüdrətli olsun, öz maraqlarını təmin etsin və insanlar daha da yaxşı yaşasınlar. Sosial sahədə həqiqətən çox böyük işlər görülür. Keçən il şəhid ailələrinin müavinəti 20 faiz artırılıb - 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub.
Bununla yanaşı Azərbaycan öz iqtisadi gücünə, imkanlarına arxalanaraq yeni modul tipli xəstəxanalar tikir, xəstələri dərmanlarla təchiz edir, bir neçə xarici ölkədən mütəxəssislər, həkimlər cəlb edilib.
Pandemiya dövründə dünyada böhranın davam etdiyini deyən Prezident İlham Əliyev dünyanın 150 ölkəsinin kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət etdiyni vurğulayıb. Azərbaycanda isə neftin qiymətinin bir neçə dəfə düşməsinə və gəlirlərimizin buna uyğun olaraq azalmasına baxmayaraq, bir dənə də olsun sosial layihə ixtisar edilməyib. Neftin qiymətinin azalmasına Ermənistan sevinir, çünki başa düşürlər ki, Azərbaycanın gəlirləri azalacaq və Ermənistan da bundan faydalanacaq. Özünü milli şura adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstə də sevinir, istəyirlər ki, Azərbaycan onların dövründəki kimi Ermənistan qarşısında aciz, gücsüz qalsın.
Məhz Azərbaycan Xalq Cəbhəsinin mənfur hakimiyyətinin yarıtmaz fəaliyyəti, satqınlığı nəticəsində torpaqlarımızın itirildiyini qeyd edən cənab İlham Əliyev: - “Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan müstəqil ölkə kimi qalacaqdı-qalmayacaqdı, bu, hələ böyük sualdır. Amma bizi yenə də o dövrə qaytarmaq istəyirlər,” – deyə vurğulamışdır.
Təcavüzkar Ermənistanın hərbi təxribatı nəticəsində bu günlərdə yenə şəhidlər verdik, qan töküldü, o cümlədən mülki vətəndaş həlak oldu. İyulun 12-dən başlayaraq Ermənistan ordusu Tovuz istiqamətində bizim mövqelərimizi ələ keçirmək, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb. İşğalçı mənfur dümən eyni zamanda strateji enerji və nəqliyyat xətləri üçün də real təhlükə yaradıb. Terrorçu faşistlərə verilən cavab dəqiq və amansız oldu - qisas əməliyyatı nəticəsində onlarla düşmən, işğalçının texnikası, hərbi infrastrukturu məhv edildi.
Prezident İlham Əliyev bildirmişdir ki, bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Ancaq Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər və əmin olsunlar ki, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. “Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu etməz,” – deyə cənab Prezident vurğulamışdır.
Xatırlatmaq yerinə düşər ki, indi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Prezident hər gün minlərlə məktub alır, vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, orduda xidmət etmək istəyirlər. Birinci gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdisə, Prezidentin çağırışından bir həftə keçməmiş əlli mindən artıq insan orduya könüllü yazılıb.
Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq, - deyir Prezident İlham Əliyev. Bu günlərdə heç vaxt olmadığı qədər - nə müharibə gedən 1990-cı illərin əvvəllərində, nə də başqa dövrdə, - çox güclü beynəlxalq dəstək gördük. İlk dəstək Türkiyədən gəldi. Türkiyənin Prezidenti, Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstəriblər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana dəstək göstərdi. Bu təşkilatda beş ölkə fəaliyyət göstərir - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan. Onlar bu təşkilatın üzvləridir və Azərbaycana birmənalı dəstək göstəriblər.
Eyni zamanda 120 ölkənin cəmləşdiyi Qoşulmama Hərəkatı birmənalı Azərbaycanı dəstəklədi. 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı bizə birmənalı dəstək oldu. Ermənistan bütün müsəlman aləminə məxsus olan ibadət yerlərini dağıdır, məhv edir, təhqir edir. Buna görə də necə ki, biz bütün müsəlman ölkələri ilə həmrəyik, onlardan da eyni münasibət gözləyirik. Xüsusilə belə həssas günlərdə, həssas məsələdə. Ermənistan bizə hücum edib, bizim mövqelərimizi zəbt etmək istəyir, bizim hərbçilərimizi, mülki vətəndaşları öldürüb, kəndlərimizi dağıdıb – İslam ölkələri buna biganə qala bilmədilər.
Azərbaycan Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qaçdılar ki, KTMT bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi.
Əksinə, KTMT-nin 6 üzvündən 3-çü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni, altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi.
Bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir, - deyir cənab Prezident.
Prezident İlham Əliyev bildirmişdir ki, münaqişənin yarımçıq həlli bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq!
İLQAR MƏMMƏDLİ,
Dövlətqaçqınkomun Pirallahı rayon sektorunun müdiri