Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda zərər dəymiş evlərin və infrastrukturun bərpasına başlanılır

25 iyul 2020 | 11:00
Sülhsevər xalqımızı tarix daim əldə silah torpağını qorumaq, yadelli düşmənə qarşı mübarizə aparmaq kimi sınaqlardan keçməyə məcbur etmişdir. El ozanı Dədə Qorqudun nəsihət etdiyi  kimi torpağa, Vətənə  bağlılıq, dar gündə həmrəylik nümayiş etdirmək hissləri daim xalqımızın, elimizin bu sınaqlardan üzüağ, qələbə ilə çıxmasına, düşmənə qalib gəlməsinə kömək etmişdir. Tale belə gətirdi ki, keçən əsrin sonlarında müstəqillik əldə etmiş respublikamız yenidən münaqişə ocağına çevrildi. Və artıq 30 ilə yaxın bir müddətdir ki, xalqımız öz ərazi bütövlüyünün qorunması uğrunda Ermənistanın təcavüzünə məruz qalmış, Qarabağ uğrunda silahlı münaqişəyə cəlb olunmuşdur.
Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsinin səriştəsizliyi ucbatından 20 % torpaqlarını itirmiş Azərbaycan münaqişəni sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həll etmək üçün 1994-cü ildə Atəşkəs rejimi haqqında sazişin imzalanmasına nail oldu. Atəşkəs rejiminin elan olunmasına baxmayaraq mütəmadi olaraq erməni hərbi birləşmələri tərəfindən cəbhə boyu ərazilərdə atəşkəs rejimi pozulmağa davam etdirildi. 2016-cı ilin aprel və 2018-ci ilin Naxçıvan döyüşlərindən sonra layiqli cavabını alan Ermənistan bu günlərdə yenidən fəallaşaraq iyul ayının 12-də Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutdu. Çox keçmədən erməni hərbi birləşmələrinin təxribat xarakterli hücumunun qarşısı alındı. Qeyd edək ki, döyüşdə canlı qüvvə və texnika baxımından böyük itkilərə məruz qalan Ermənistan geri çəkilməyə məcbur oldu.
Tovuz rayonu istiqamətində döyüşlərin getdiyi bir vaxtda ölkəmizdə Ali Baş Komandan-xalq, ön və arxa cəbhə birliyi yaşandı. Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etdilər.  Təəssüflə qeyd edilməlidir ki, bu dəfəki döyüşlər də xalqımız üçün itkisiz ötüşmədi. Döyüşlər zamanı 12-si hərbçi, 1-i mülki vətəndaş olmaqla umumilikdə 13 vətəndaşımızı itirdik. Amma həmişə olduğu kimi şəhid ailələrinin, yaralı hərbçilərin müalicəsi və ailə qayğıları bu dəfə də ölkə rəhbərliyinin diqqətindən kənar qalmadı. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verildi. Bundan əlavə Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu Tovuz istiqamətində şəhid olan 12 hərbçimizin ailəsinin bütün qayğılarını daimi nəzarətə götürdü.
Qeyd edək ki, canlı itki ilə yanaşı Tovuz rayonunun Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə maddi ziyan da dəyib. Bunu nəzərə alan dövlət başçısı  “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə  dəymiş ziyanın qiymətləndirilməsi İqtisadiyyat  və Fövqaladə Hallar Nazirliyinə tapşırılıb. Sözü gedən Nazirliklər qısa müddət ərzində qiymətləndirmə aparmalı və Nazirlər Kabinetinə məlumat təqdim etməlidirlər.
Sərəncamın icrası ilə əlaqədar artıq İşçi Qrup yaradılıb və Tovuz rayonuna mütəxəssislər cəlb edilib, ekspertlər ezam olunub. Dövlət başçısının şəxsi nəzarətində altında görüləcək işlər çərçivəsində mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb. Çox güman ki qısa müddət ərzində kəndlərə dəymiş zərər aradan qaldırılacaq, infrastruktur və evlər bərpa olunacaq. Həyat tamamilə öz məcrasına qayıdacaq.
Bununla bağlı bir məqamı da xatırlatmaq yerinə düşərdi ki, dövlətin vətəndaşlara bu şəkildə dəstək  olması ilk deyil. Belə ki, biz 2016-cı ildə də analoji yanaşmanı müşahidə etmişik. 2016-cı ildə Aprel döyüşlərindən sonra da Ermənistanın hərbi təxribatları zamanı zərər yetirilmiş yaşayış məntəqələrində bərpa işləri görülmüş, mülki əhalinin problemlərinin həlli istiqamətində ardıcıl addımlar atılmışdı. Bu istiqamətdə  Ağdam və Tərtər rayon İcra Hakimiyyətlərinə ayrı-ayrılıqda 3 milyon manat ayrılmış və işlərin gedişatı daimi nəzarətdə saxlanılmışdır. Bundan əlavə xüsusilə qeyd olunmalıdır ki, 24 ildən sonra işğaldan azad olunan ilk ərazimiz olan Cocuq-Mərcanlıda qısa müddət ərzində dövlət tərəfindən görülən işlər hər birimiz üçün kifayət qədər ciddi sübutdur. Cocuq-Mərcanlıda ilkin mərhələdə qısa müddət ərzində 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, elektrik yarımstansiyası inşa edilmiş, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilmişdir. Bununla yanaşı, prezident İlham Əliyevin tapşırığına əsasən, qəsəbədə Şuşa məscidinin bənzəri olan məscid tikilmişdir. İllər sonra işğaldan azad olunan ilk ərazimiz olan Cocuq Mərcanlı kəndində aparılan tikinti-quruculuq işləri hər birimizdə böyük ruh yüksəkliyi və qələbəyə olan sarsılmaz inam yaratdı.
Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən və demokratik dövlətinə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirib. Azərbaycan son illər ərzində mövcud makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, ölkənin qlobal çağırışlara hazır olması, sistemli islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı sayəsində iqtisadiyyatın bütün istiqamətlərində ciddi uğurlara imza atıb.  Birmənalı şəkildə qeyd etmək olar ki, əldə edilən uğurlarla paralel olaraq  cəbhəyanı rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması,o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanıb.  Sadalanan bütün bu faktlar Azərbaycan dövlətinin vətəndaşlarının təhlükəsizliyin təmin olunmasını, rifahının yüksəlməsini diqqət mərkəzində saxladığını əyani surətdə nümayiş etdirir. Ölkə başçısının dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının rihahı və mənafeyi durur. Beləliklə, biz tam əminik ki, indiyə qədər olduğu kimi bundan sonra da ölkə başçısı zərər çəkən hər bir vətəndaşının arxasında duracaq, onların problemlərinin həllində bir nömrəli vasitəçi olacaq.


Şəbnəm Eldarova
Yeni Azərbaycan Partiyası  Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər