Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirilib

26 iyul 2020 | 11:00

Dünyanın 70 faizdən çox hissəsini su təşkil edir və bunun yalnız içmək üçün olan həcmi 3 faizə bərabərdir ki, onun da 2 faizini ekstrimal şəraitdə olan buzlaqlar təşkil edir. Bu isə o deməkdir ki, yalnız 1 faiz su içmək üçün yararlıdır. BMT-nin hesabatına əsasən cəmi 10 ildən sonra yəni 2030-cu ildə dünya əhalisinin yarısı içməli su problemi ilə üzləşəcək. Bununla yanaşı artıq 36 ölkə su resurslarının çatışmazlığından əziyyət çəkir. İçməli su resurslarının düzgün idarə edilməsi Azərbaycan üçün də aktualdır. Dünya Su Təsərrüfatları İnstitutunun əməkdaşlarının hazırladığı məlumata əsasən Azərbaycanın da daxil olduğu coğrafi məkan qırmızı həyacan bölgəsini təşkil edir. Bu o deməkdir ki, içməli su resurslarının miqdarı çox azdır.
İyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının  vəziyyətinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə müzakirə olunan məsələlər qarşıya qoyulan konkret tələblər bir daha sübut edir ki, su məsələsi ölkədə milli təhlükəsizlik və strateji əhəmiyyətli məsələdir. Və bu sahədə mövcud problemlərin həlli gecikdirilə bilməz.
Müşavirədə geniş nitqlə çıxış edən dövlət başçısı qeyd edib ki, ardıcıl və davamlı həyata keçirilən infrasturktur layihələri arasında su təsərrüfatı xüsusi önəmə malikdir. Su təsərrüfatlarında mövcud olan problemlərin həlli 2004-cü ildə regionların sosial iqtisadi inkişafına dair birinci dövlət proqramı qəbul olunanda çox açıq şəkildə ortaya qoyulub. O vaxtdan sonra ölkədə  infrastuktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıb. Regionların sosial inkişafına dair birinci dövlət proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz idi. İndi isə bu rəqəm 70 faizə çatıb, paytaxtda içməli suyun davamlı şəkildə alan əhali sayı 29 faizdən 82 faizə çatıb, eyni zamanda regionlarda içməli su ilə təminat 9 faizdən 63 faizə qədər artıb. Bununla belə bu rəqəmlər onu göstərir ki, qarşıya qoyulan hədəflərə tam nail olunmayıb. Ölkə başçısının da qeyd etdiyi kimi bu son hədəf deyil. Bu təminat hər bir sahə üzrə həm içməli su, həm də əkin sahələrinin suvarılması təminatı sularında göstərici 100 faiz olmalıdır. Ona görə ki, son dövrlər, ələxsus  qlobal səviyyədə iqlim dəyişikliklərinin getdiyi bir dövrdə bütün ölkələr üçün bu məsələ xüsusi aktuallıq tələb edir. Bu səbəbdən içməli su və meliorasiya layihələri ölkə gündəmində ən vacib məsələlər kimi duracaq. Müşavirədə həm problemlərin qoyuluşu, həm həlli istiqamətində reallaşacaq layihələrdən bəhs olundu, yaxın-orta və gələcək perspektivdə görüləcək işlər sistemləşdirildi və strateji plana daxil olunacaq məsələlər qeyd olundu.
Dövlət başçısı çıxışının əvvəlində indiyə qədər  görülmüş işlərin müqayisəli təhlilini apardı və müxtəlif sahələrdə regional planların, regional inkişaf strategiyalarının reallaşması nəticəsində bir çox uğurlara nail olunduğunu bildirdi, eyni zamanda, son illərdə ölkədə həyata keçirilən nəhəng su layihələrinin vəziyyəti tamamilə müsbət tərəfə dəyişdiyi vurğulandı. Bu layihələr arasında Oğuz-Qəbələ-Bakı kimi yerli su mənbələrinə əsaslanan layihələri göstərmək olar. Bundan başqa 270 milyon kubmetr su tutumu olan Taxtakörpü su anbarının tikintisi, Ceyranbatan su anbarının yenidən qurulması,  165 milyon kubmetr su tutumu olan Şəmkirçay su anbarını misal göstərmək olar. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir. Bununla belə hələ də çatışmazlıqlar az deyil.
Son illərdə baş verən iqlim dəyişikliyi və su problemlərinin bəzi məmurlar tərəfindən düzgün idarə olunmaması ciddi problemlərə yol açıb. Müşavirədə İlham Əliyevin də qeyd etdiyi kimi “Bütün qüsurları buraxan, məsələyə səhlənkar yanaşan vəzifəli şəxslər cəzalandırılmaldır”.
Ölkə başçısının müşavirədə qeyd etdiyi məqamlardan biri də 22 kanalın yenidən qurulmasının nəzərdə tutulması və bunun nəticəsində təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatının tam həll edilməsi məsələsidir.
Bundan əlavə müşavirədə Azərbaycanın aqrar sektorunda sudan istifadə texnikasının dəyişmək vaxtı olduğu vurğulandı. Belə ki, aparılan tədqiqatlar göstərir ki,  müasir suvarılma  sistemlərinin layihə qiymətləri yüksək olsa da onlar effektivdirlər. Beləki, yeni texnologiyaların tətbiqi məhsul kateqoriyasından asılı olaraq 30-100 faiz məshuldarlığın artmasına səbəb olur, torpaqların daha uzun müddətli əkinə yararlı olmasını şərtləndirir. Belə olan halda bir dəfə çəkilən xərc məhsuldarlığın artırılması yolu ilə qısa müddətdə geri qayıdır.
Müşavirənin yekununda Prezident İlham Əliyev bildirdi ki, bu işləri səmərəli şəkildə aparmaq üçün vahid idarəetmə mexanizmi işlənməlidir. Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurum var - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlara bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər həll olunsun.
Sonda bir məsələni də vurğulamaq lazımdır ki, dövlətin gördüyü tədbirlər vəziyyəti dəyişsə də bu prosesdə vətəndaşların iştirakı olmadan uğur qazanmaq çətin, hətta mümkünsüz olacaq. Belə ki, vətənaşlar vəziyyətin ciddiliyini anlamalı sudan istifadədə diqqətli olmalı və suya qənaət etməlidir. Bu ümümbəşəri problemin həlli təkcə bu şəkildə mümkün olacaqdır.

Şəbnəm Eldarova
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər