Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır”

27 iyul 2020 | 11:00
Getdikcə özünü daha qabarıq şəkildə göstərən qlobal iqlim dəyişikliyinin, bütün dünyanın bəlasına çevrilmiş pandemiya bəlasının, davam edən azğın erməni təcavüzünün mənfi təsirlərinə baxmayaraq Azərbaycanda bu il də sоsial layihələr və iqtisadi prоqramlar uğurla həyata keçirilir. Eyni zamanda ölkəmizdə bütün infrastruktur layihələri də ardıcıl şəkildə icra edilir. İnfrastruktur layihələri arasında isə su layihələrinin xüsusi yeri vardır. Bu barədə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında iyulun 23-də keçirilmiş və su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə geniş bəhs edilmişdir.
İclasda bildirimişdir ki, enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratdı ki, biz özümüzü uzun müddət ərzində elektrik enerjisi ilə təmin edək. Bizim əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranıb, 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir. Ölkəmizdə qazlaşdırma 96 faizə çatıb ki, bu da dünya miqyasında ən yüksək göstəricilərdən biridir.
Dövlətin nəqliyyat infrastrukturu böyük dərəcədə müasirləşib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yeri tutur.
Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Təbii ki, bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələrinin özünəməxsus yeri vardır. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə bərabərdir. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faiz təşkil edir. Ancaq bu sоn məqsəd deyil. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır. Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib ki, onların da arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir. Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Buradan təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir.
Sоn illər reallaşan digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. Şəmkirçay su anbarının əhəmiyyəti də qeyd edilməlidir, anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır. Cənub zonasında yerləşən Göytəpə və eyni zamanda Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir.
Keçən il yaşanan quraqlıq onu göstərdi ki, böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Bu fikirləri səsləndirən cənab Prezident son illərdə ölkənin suvarma və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işləri qeyd etməklə yanaşı, quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlərin yarandığını vurğulayıb: “İçməli su və meliorasiya problemləri nəinki diqqət mərkəzindədir, bu problemlərin həlli istiqamətində çox böyük işlər görülüb. Ancaq keçən il yaşanan quraqlıq onu göstərdi ki, biz bu böhranlı vəziyyətə hazır deyilik. Böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər”.
Su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Təəssüf ki, su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir, ən pisi оdur ki, xərclərə nəzarət çox aşağı səviyyədədir. Suyun çatışmazlığı iqtisadiyyatımıza, ilk növbədə kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə xeyli ziyan vurur, çünki suyun 80 faizi məhz kənd təsərrüfatına sərf edilir. Buraxılmış səhvlər оlmasaydı taxılçılıqda və pambıqçılıqda məhsuldarlıq daha yüksək olmalı idi.
Bütün sahələrdə suya qənaət olunmalıdır, bu məqsədlə xarici mütəxəssislər cəlb edilməlidir. Bütün qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalıdır. Yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq mühafizə orqanları bu işlərə cəlb edilməlidir. Prezident Adminstrasiyasının Şöbə müdirinin sözlərinə görə, 35,6 milyard kubmetr su ehtiyatından il ərzində içməli su üçün təxminən orta hesabla 653 milyon kubmetr su götürülür. Bu həcmin təxminən 57 milyon kubmetri, yəni 9 faizi sistemin texnoloji proseslərinə sərf edilir, 286 milyon kubmetr su isə müxtəlif sərflərə silinir: “Yalnız təxminən 283 milyon kubmetr su - bu, şəbəkəyə daxil olan suyun 45 faizi, götürülmüş suyun isə 50 faizi deməkdir, istehlakçılara çatdırılmışdır. Yəni, istehlakçılara verilən su itkiyə gedən sudan azlıq təşkil edir”.
Müşavirədə itkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməsini qarşıya vəzifə kimi qоyan Prezident İlham Əliyev itkilərin əsas mənbələrini geniş təhlil etmişdir. Göstərilmişdir ki, bu əsasən torpaq kanallara əlaqədar оlsa da digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda isə bu itkilər süni şəkildə şişirdilir. 
İçməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyulsa da оnların nəticələrinə laqeyd yanaşılmasını cənab Prezident kəskin tənqid etmişdir, - “İndi müasir texnologiyalar var. Həmçinin boruların istismar müddətinin uzadılması üçün yeni texnologiyalar var, onlardan istifadə etmək lazımdır”.
Qarşıda mühüm işlər durur - 22 kanalın yenidən qurulması nəzərdə tutulur. Bunun nəticəsində təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatı tam həll ediləcəkdir. Su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər. Bu işlərə ekologiya üzrə mütəxəssislər mütləq cəlb olunmalıdır. Çоx təəssüf ki, 2014-cü ildə ölkənin su ehtiyatlarının qiymətləndirilməsi üçün Niderlandın “Deltares” şirkəti ilə və 2017-ci ildə dövlət əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara və Ceyranbatan hidroqovşaqlarının texniki təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Yaponiyanın “Kahişa” şirkəti ilə bağlanmış müqavilələr  vəsait ayrılmadığına görə yarımçıq qalıb.
Yaranmış gərgin vəziyyətin aradan qaldırılması məqsədilə suyun mənbədən götürülməsindən son istehlakçıya çatdırılmasınadək bütün mərhələlər üzrə uçotun və dəqiq qiymətləndirmənin aparılması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.
Eyni zamanda Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür çayından təmin edilən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması, qrunt sularından, təmizlənmiş tullantı sularından və Xəzər dənizinin suyundan istifadə imkanının araşdırılması, subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı qaydalarının hazırlanaraq təsdiq edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən suvarmada müasir texnologiyaların tətbiqinin təşviq olunması, suvarma suyundan güzəştli istifadə ilə bağlı yeni mexanizmin hazırlanması qarşıda duran priоritet məsələlərdir.
Bu işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi işlənməlidir, - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğulamışdır ki, bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurum var - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Müsbət nəticələr əldə etmək üçün bu qurumlara bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər ki, bütün qarşıda duran məsul işlər planlı şəkildə həyata keçirilsin, zəruri məsələlər birgə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər birdəfəlik aradan qaldırılsın.


İLQAR MƏMMƏDLİ,
Dövlətqaçqınkomun Pirallahı rayon sektorunun müdiri

Keçidlər