Şriftin ölçüsü :

Saytın rəngi :

Su həyat deməkdir

28 iyul 2020 | 11:00
Ta qədimdən su aydınlıq  rəmzi, xoşbəxtlik və sağlamlıq, bolluq və bərəkət rəmzi olub. Su ilə bağlı atalar sözləri, zərb –məsəllər Allah və təbiət tərəfindən insanlara əta edilmiş bu sərvətin dəyərini,  insanın da bütün canlı- cansız təbiətin də həyatında rolunu ifadə edir. Suyun önəmini fərqləndirmək üçün bir faktı da xatırlayaq- Yer kürəsinin və insan orqanizminin 75 faizi sudur, mayedir. Bu faktı ona görə xatırladıram ki, suyun, mayenin insanın elə təkcə bioloji varlıq kimi taleyində, həyatında, sağlamlığında xüsusi çəkisini dərk edək, eləcə də bütövlükdə bəşəriyyətin taleyində. Mütəxəssislər yaxın gələcəkdə dünyanın ən qlobal probleminin məhz içməli su problemi olacağını proqnozlaşdırırlar və indidən bu vacib məsələ ilə bağlı həyəcan siqnalı verirlər. Bəli, bəşəriyyətin gələcəyi sülh qədər, bəlkə də ondan da çox su ilə bağlıdır. Müharibələr bəşər tarixi boyu ara vermədən davam etsə də, yenə bəşəriyyət yaşayıb, bu günə gəlib çatıb. Bəs su olmasa?!... Bax bu məsələ üzərində düşünmək lazımdır. Su insanın və insaniyyətin yaşamasındakı qədər iqtisadiyyatın inkişafında da misilsiz rol oynayır. Gəlin hamılıqla su kimi lətafətli sərvətimizin taleyinə biganə qalmayaq, bu sahədə özbaşınalıq ya səhlənkarlıq etməyək. Düşünək ki, bizə verilmiş sərvətlərin qədrini bilək, onların el arasında paylanmasında, bölüşməsində ədalətli olaq, təsərrüfatımızın, iqtisadiyyatımızın inkişafında ondan səmərəli istifadə edək, bu sərvətin sonrakı nəsillərə yetərincə qalması üçün təbiətimizə, o cümlədən su kimi vacib nemətə qayğı və ağılla yanaşaq.
Bu günlərdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə çıxışını dinləyərkən bir daha bu məsələlər üzərində düşünməyə, dağlar və çaylar diyarı olan Azərbaycanın su problemləri ilə bağlı səslənən fikirlərə münasibətimi bildirmək istədim.
Azərbaycanın, eləcə də paytaxt Bakımızın su probleminin həlli istiqamətində son illərdə görülmüş işlər ölçüyəgəlməzdir. Bu işlərin səmərəsini və faydasını hər bir vətəndaşımız öz həyatında aydın hiss edir. Elə təkcə sakini olduğum Pirallahı rayonunda görülən işlər – uzaq məsafədən ilk dəfə içməli su xəttinin çəkilişi hələ çox uzağı demirəm, 10- 15 il əvvəl əfsanə ya yuxu hesab edilə bilərdi, bu gün isə gözəl Bakımızın ən sürətlə inkişaf edən ən ucqar nöqtəsi olan Pirallahı su ilə ən gözəl təmin edilən rayonlarımızdandır.
Sevinirik ki, ölkəmizdə bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Qeyd edək ki, digər həyati əhəmiyyətli sahələr də həmişə ölkə başçısının diqqət mərkəzindədir. Prezidentimizin qeyd etdiyi kimi, enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratdı ki, biz özümüzü uzun müddət elektrik enerjisi ilə təmin edək. Bizim əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yarandı, indi 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir. Ölkəmizdə qazlaşdırma 96 faizə çatıb. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Bu göstəricilərlə doğrudan da, fəxr etməyə dəyər. Bununla yanaşı nəqliyyat infrastrukturumuz böyük dərəcədə müasirləşib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə isə 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cüdür. Bu da dünya ölkələri ilə müqayisədə olduqca müsbət göstəricidir.
Bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıbdır. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bu rəqəmlərin arxasında təbii ki, sosial məramlı ardıcıl siyasət, ölkə başçısının xalqın iradəsinə yönəlik siyasi iradəsi və qətiyyəti, boyük işlər dayanır.
Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır- Prezident bu vəzifəni hədəf olaraq qarşıya qoymuşdur. Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir. Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Buradan təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir- bu kənd təsərrüfatının inkişafına böyük təkan verəcəkdir. Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. Şəmkirçay su anbarı da əhəmiyyətlidir, anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır. Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir. Çıxışının davamında ölkə başçısı vurğuladı ki, problemlərin həlli istiqamətində çox böyük işlər görülüb. Ancaq keçən il yaşanan quraqlıq onu göstərdi ki, biz bu böhranlı vəziyyətə hazır deyilik. Böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər.
Dövlət başçısı müşavirədə bu sahədə mövcud nöqsanlardan danışarkən qeyd etdi ki, su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir. Xərclərə nəzarət çox aşağı səviyyədədir. Suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə nə qədər böyük ziyan vurur. Taxılçılıqda və pambıqçılıqda məhsuldarlıq daha yüksək olmalı idi. Suya qənaət olunmalıdır, xarici mütəxəssislər cəlb edilməlidir. Bütün qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalıdır. Yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq mühafizə orqanları bu işlərə cəlb edilməlidir. İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir. İtkilərin əsas mənbəyi torpaq kanallardır. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Göstərilən nöqsanların aradan qaldırılması müvafiq orqanlardan işə ciddi yanaşma və konkret real addımlar atmağı tələb edir.
Ölkə başçısı mövcud problemlərin həlli istiqamətində görüləcək işlərdən danışaraq konkret tədbirlərdən söz açdı. Vurğulandı ki, içməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyulur. İndi müasir texnologiyalar var. Həmçinin boruların istismar müddətinin uzadılması üçün yeni texnologiyalar var, onlardan istifadə etmək lazımdır. 22 kanalın yenidən qurulması nəzərdə tutulur. Bunun nəticəsində təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatı tam həll ediləcək.
Prezident İlham Əliyev yekun nitqində vurğuladı ki, su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər. Bu işlərə ekologiya üzrə mütəxəssislər cəlb olunmalıdır. Bu işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi işlənməlidir. Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurum var - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlara bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər həll olunsun.
Cənab Prezidentin deməyə ehtiyac duyduğu bu sözlər, su təsərrüfatındakı idarəetmədən, su təsərrüfatı idarəetməsindəki paralelliklərdən, bir sıra məmurların yeni çağırışlarla ayaqlaşa bilməməsindən, məsuliyyətdən qaçmaq cəhdlərindən qaynaqlanan nöqsanların ifadəsidir. Əminik ki, bundan sonra ölkə başçısının dəqiq tapşırıqları nəticəsində müvafiq dövlət qurumları su təchizatı sahəsində qeyd edilən nöqsanları tam  aradan qaldıracaq, ölkəmiz içməli su təchizatına görə aparıcı mövqelərə çıxacaq və  iqtisadiyyatımızn inkişafında su öz kəsərli sözünü deyəcəkdir. Bu hal-hazırda ölkə başçısının qarşıya qoyduğu ən böyük hədəflərdən biridir.


Xeyrulla Ağayev
“Neft Daşları” qəzetinin baş redaktoru

Keçidlər