Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonuna dəyən ziyan dövlətimizin dəstəyi ilə tezliklə aradan qaldırılacaq

28 iyul 2020 | 11:00
2020-ci il iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozub. Düşmən iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərdən, minaatanlardan və digər artilleriya qurğularından   mövqelərimizi atəşə tutmaqla hücuma keçməyə cəhd edib. Nəticədə iki tərəfdən də itkilər meydana gəlib. Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusu şəhid olub və müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bununla yanaşı Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub. Rəsmi olmayan məlumatlara görə düşmənin itkiləri bundan dəfələrlə çoxdur, yəni düşmən təqribən 100-dən çox canlı qüvvəsini və texnikasını itirmişdir.
Qeyd edək ki, qızğın gedən döyüşlər zamanı erməni tərəfi qəsdən mülki əhalini və yaşayış məntəqələrini atəşə tuturdu. Nəticədə sərhəd zonalarında evlər dağıdıldı, kəndlər viran qoyuldu. Mülki əhaliyə, dövlət əmlakına, bir sıra infrastruktur obyektlərinə (qaz, işıq, rabitə xətləri) xeyli ziyan dəydi.
Bütün bunları nəzərə alan Prezident İlham Əliyev iyulun 20-də Tovuz rayonunun Ermənistan silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sənəddə qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Nazirliklər qısa müddət ərzində qiymətləndirməni təmin etməli və məlumatları Nazirlər Kabinetinə təqdim etməlidir. Nazirlər Kabinetinə isə dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb.
Artıq prezidentin sərəncamından irəli gələrək ilkin qiymətləndirmə aparılıb. Müəyyən edilib ki, erməni hərbi birləşmələrinin törətdikləri təxribat nəticəsində Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə ciddi ziyan dəyib. Dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib – bu, əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur. Xüsusi vurğulanmalıdır ki, Tovuz rayonunda düşmən atəşi nəticəsində dəymiş zərərin aradan qaldırılmasına dair işlərin gedişinə nəzarət dövlət başçısının şəxsi nəzarətindədir. Əminliklə demək olar ki, dəymiş zərər tezliklə aradan qaldırılacaq, düşmən mərmilərindən ziyan çəkmiş yaşayış evləri, infrastruktur bərpa olunacaq. Və Tovuz rayonunda həyat tamamilə öz məcrasına qayıdacaq.
Hazırda Tovuzda, xüsusən də döyüşlər olmuş ərazidə əhali öz gündəlik işlərin davam etdirir, heç bir panika, gərginlik yoxdur. İnsanlar Azərbaycan Ordusuna güvənir. Artıq ərazidə sakitlikdir. Azərbaycan ordusu tam şəkildə əraziyə nəzarət edir. Ağdam, Dondar Quşçu və digər sərhəd kəndlərində heç bir dinc kənd sakini yaşayış yerini tərk etməyib.
Azərbaycan dövləti və rəhbərliyi bundan əvvəl də cəbhəboyu yaşayış məntəqələrində əhalinin rifahını diqqət mərkəzində saxlayıb. Belə ki, cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradılır. Ermənistanla sərhəd ən ucqar dağ kəndlərində belə qazlaşdırma tamamlanıb, yeni kənd yolları çəkilib. Habelə şəhid ailələri dövlət hesabına evlə təmin edilir. İndiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib. Birinci Qarabağ müharibəsində həlak olanların ailələrinə birdəfəlik yardımların göstərilməsi də artıq həllini tapıb, məlum olduğu kimi, dövlət tərəfindən hər şəhid ailəsinə 11 min manat birdəfəlik maddi yardım edilib. Bunlarla yanaşı 2016-cı ilin Aprel döyüşlərindən sonra dövlət tərəfindən görülən işlər də xalqa ayrılan böyük diqqətin göstəricisidir. Aprel döyüşləri başa çatandan sonra Cəbrayıl rayonunun düşmən nəzarətindən azad edilən, Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər Azərbaycan dövlətinin cəbhəboyu yaşayış məntəqələrini necə dəstəklədiyinə əyani misal oldu. Bu kənd xarabalıqlar üzərində tamamilə yendən quruldu, abad, müasir qəsəbəyə çevrildi. Tikilən yeni, müasir evlərin sakinlərə pulsuz paylanması xarici jurnalistləri də heyrətləndirmişdi. Bundan əlavə Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi tikilib, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərir.
Bütün bu faktlar Azərbaycan dövlətinin vətəndaşların təhlükəsizliyinin təmin olunmasını rifahının yüksəldilməsini daim diqqət mərkəzində saxladığını əyani surətdə nümayiş etdirir. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı və mənafeyi dayanır. Son 17 ilin təcrübəsində davamlı olaraq müşahidə etmişik ki, təbii fəlakət, düşmənin hərbi təxribatları və digər bu kimi müxtəlif çətinliklərlə üzləşən vətəndaşların problemləri məhz dövlət tərəfindən aradan qaldırılıb, bu məsələlər şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Göstərilən tədbirlər dövlətin sosial davranışından daha çox, dövlət başçısının vətəndaşlara  xüsusi qayğısı kimi qiymətləndirilməlidir.


Müslümov Loğman Sultanməcid

Keçidlər