Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır

30 iyul 2020 | 11:00
Hələ lap qədim zamanlardan ulu babalarımız “İnsan sudan və torpaqdan yaranıb” demişlər. “Su hər şeydən təmizdir və hər şey su ilə təmizlənir” kimi deyimlərimiz də mövcuddur. Bu fikirlər suyun həyatımızda rolunu, ümumiyyətlə həyatımızın sudan ibarət olduğunu tam şəkildə ifadə edir. Elmdən də bizə məlumdur ki, insan bədəninin 80 %-ni, yer kürəsinin isə 2/3 hissəsini su təşkil edir. Yəni, belə demək mümkündür ki, hər addımımızda, hər alıb-verdiyimiz  nəfəsdə suyun iştirakı var.
Ancaq hal-hazırda dünyada əhali sayı artdıqca və eləcə də qlobal iqlim dəyişikliyi yaşandıqca içməli su çatışmazlığı sürətlə artmaqdadır.  Biz artıq bu problemlərin müəyyən işartılarını bir çox ölkələrdə görməkdəyik. Azərbaycan da dünyanın bir parçası olaraq qlobal problemlərdən sığortalanmayıb. Ölkəmizin bəzi bölgələrində son zamanlar yaşanan su çatışmazılığı bir tərəfdən iqlim dəyişikliyi ilə əlaqəlidirsə, digər tərəfdən də aidiyyəti qurumların fəaliyyətindəki çatışmazlıqlarla bağlıdır.
Azərbaycanda pandemiyaya və neft bazarındakı qeyri-müəyyənliklərə baxmayaraq bu il də sоsial layihələr və iqtisadi prоqramlar uğurla həyata keçirilməkdədir. Eyni zamanda ölkəmizdə bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. İnfrastruktur layihələri arasında isə su layihələrinin xüsusi yeri vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də videoformatda keçirilən su təsərrüfatının vəziyyətinə həsr olunan müşavirədə  bu illər ərzində qarşıya qoyulan bütün vəzifələrin  və infrastruktur layihələrinin uğurla yerinə yetirilməsi ilə bərabər, respublikada içməli su və meliorasiya layihələrinin də hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib.
Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır- Prezident müşavirədə  bu vəzifəni əsas hədəf olaraq qarşıya qoymuşdur. Ölkə başçısı çıxışı zamanı bildirdi ki, son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib. Bu illər ərzində Oğuz-Qəbələ-Bakı su kəməri, su tutumu 270 milyon kubmetr olan və  təqribən 30 min hektar suvarılmayan torpaqlara su verən  Taxtakörpü su anbarı, su tutumu 165 milyon kubmetr olan Şəmkirçay su anbarı, cənub  zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları inşa edilmişdir. Ceyranbatan su anbarı yenidən qurulmuş,   müasir təmizləyici qurğular inşa edilmişdir. Ümumiyyətlə, son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir.
Respublika ərazisində 22 kanalın yenidən qurulmasının nəzərdə tutulduğunu və bunun nəticəsində təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatının tam həll ediləcəyini bildirən prezident İlham Əliyev əlavə edib ki, su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər. Daha sonra dövlət başçımız su təsərrüfatına cavabdeh olan qurumların fəaliyyətindəki qüsurlardan danışıb. Dövlət başçısının sözlərinə görə, keçən il yaşanan quraqlıq onu göstərdi ki, böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər.“Su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir. Xərclərə nəzarət çox aşağı səviyyədədir” – deyən Prezident bildirib ki, suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə böyük ziyan vurur. Suya qənaət olunmasının, xarici mütəxəssislərin cəlb edilməsinin vacibliyini vurğulayan ölkə başçısı vurğulayıb ki, bütün qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalı, yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq mühafizə orqanları da bu işlərə cəlb edilməlidir. Bu hal-hazırda ölkə başçısının qarşıya qoyduğu ən böyük hədəflərdən biridir.
Çıxışının sonunda vacib göstərişlər verən ölkə başçısı su təhlükəsizliyi problemlərinin aradan qaldırılması ilə bağlı qəti tapşırıq verdi: “ Bu işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi işlənməlidir. Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurum var - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlara bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti birlikdə ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı şəkildə aparılsın və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər həll olunsun”.


Familli Xumarə
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər