Şriftin ölçüsü :

Saytın rəngi :

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

01 avqust 2020 | 11:00
          Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci ildə imzaladığı fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan dili və Azərbaycan əlifbası günü” kimi qeyd olunur.
       Azərbaycanda ilk dəfə latın qrafikalı əlifbadan istifadə 1918-ci il Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Əsrlərlə müxtəlif xalqlarının mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar M.F.Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaradıb.
        Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, ulu öndərin Ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu. Dövlət müstəqilliyini qazandıqdan sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar imzalandı. “Dövlət dili işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman, yeni əlifbaya keçidin 2001-ci ilin avqustuna kimi ölkəmizdə bütünlüklə təmin edilməsi ulu öndərin öz doğma dilinə bağlılığını bir daha təsdiq etdi. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
         Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Keçidlər