Şriftin ölçüsü :

Saytın rəngi :

Vətənin Dayağı Ordumuz – Səninləyik!!

01 avqust 2020 | 11:00
Azərbaycan dünyanın cənnət guşəsidir, bu mübaliğəsiz belədir. Təbii gözəllikləri, yeraltı və yürsütü sərvətləri, zəngin iqlim qurşaqları, saf havası, şəfalı suları və çimərlikləri, qonaqpərvər və mərd insanları-bütün bunlar haqqında əsrlər boyu yazılıb və yenə də yazılmaqdadır. Bəs necə oldu ki, bu zəngin torpaqlar bizə qismət oldu, necə oldu biz müstəqil dövlətimizi burda qurduq? Bu regionun bizə Vətən olması asan olubmu?.. Bəli, saysız-hesabsız suallar və onların obyektiv cavabları böyük bir tarixi, coğrafi və qəhrəmanlıq dolu mənzərə yaradır gözlərimiz önündə. Azərbaycanın yerləşdiyi bu ərazi ta qədimdən dünyanın taleyində, onun böyük strateji xətlərinin yaranmasında və inkişafında böyük rol oynayıb və təbii ki, belə zənginliyi həmişə dünyanın aparıcı güc sahiblərinin, imperiya xislətli dövlətlərinin diqqətini çəkib. Ona görə də bu ərazilər daim dünya dövlətlərinin maraq və hücum hədəfi olub. Təkcə onu xatırladaq ki, Azərbaycan dünyada ilk neftin vətənidir, dünyada sənaye üsulu ilə çıxarılan ilk neftin vətənidir və nəhayət, açıq dənizdə ilk neftin beşiyidir. Dünyanın taleyində neftin necə rol oynadığını isə hər kəs bilir demək olar ki. Neft də enerji mənbəyi kimi həmişə güclü dövlətlərin marağı daxilində olub. Son min ildə, son iki əsrdə bizim məmləkətə hücumların, fitnə-fəsadların, işğalçı yürüşlərin tarixi xronikasına nəzər salsaq bir çox tarixi həqiqətləri öyrənə bilərik və onda özümüzlə, millətimizlə, dövlətimizlə, ordumuzla daha çox fəxr edə bilərik- nahaq yerə bu dünya cənnəti bizə qismət olmayıb ki. Biz xalqımızım qanı- canı hesabına bu əraziləri qoruyub saxlaya bilmişik. Doğrudur, zaman- zaman ərazilərimiz azalıb böyük dövlətlərin yırtıcı siyasəti nəticəsində. Şah İsmayılın yaratdığı  2 milyon kv.m-lik dövlətinin az əraziləri qalıb əlimizdə, ancaq necə qalıb, hansı mübarizə- qəhrəmanlıqlar hesabına?! Bax bu sualı versək və onun dəqiq cavabını nəzərdən keçirsək görərik necə qəhrəman xalqımız var, necə döyüşkən oğullarımız var, necə əzəmətli ordumuz var ki, monqol- tatar, rus, ingilis, fars, erməni  və digər işğalçıları layiqli müqavimət göstərərək bu qızıl torpaqları Azərbaycan olaraq yaşatmışlar və bizlərə əmanət qoyaraq gemişlər. Elə götürək yaxın keçmişimizi- 1918-ci ildə Gəncəbasardan başqa bütün ərazimiz ermənilərin əsarəti altına keçmişdi, paytaxt Bakımız isə mənfur Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin. Təkcə həmin ildə Azərbaycanın erməni tör-tüküntülərindən təmizlənməsi böyük və şərəfli tarixdir.
Ulu Dədə Qorqud öyrədirdi ki, bu torpaqları əkib- becərməyəcəksənsə qorumağa dəyməz, əgər qoruya bilməyəcəksənsə əkib becərməyə dəyməz. Bəli, qorumaq xalqın mərd oğul və qızları hesabına formalaşan ordumuzun missiyasıdır, ordu xalqın dayağı olsa da, ordunun dayağı da xalqdır. Özümüz necəyiksə- ordumuz da o səviyyədə olacaq- bu da tarixin bir qanunudur. Qorxaq xalqın qəhrəman ordusu ola bilməz. Biz isə bu cənnət zəngin torpaqları qorumuş bir qəhrəman xalqın övladıyıq.. Qəhrəman xalqın isə qəhrəmanlığı bacaran ordusu olar.. Bax bu tarixi hikmətdən ibrət götürərək ordumuzu sevməyi, onunla fəxr etməyi bacaraq, hər an onun döyüş ruhunun yüksəkliyinin qayğısına qalaq.
    Azərbaycan xalqının qəhrəmanlıq dastanı XXI əsrdə də davam edir. Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar. Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Fəxr edirik ki, bütün çətinliklərə baxmayaraq bu gün güclü və nizamlı ordumuz var və işğal olunmuş torpaqlarımızın azad olunmasını biz ordumuzdan gözləyirik.
     Prezident, Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Bu gün Silahlı Qüvvələrimizin dünya reytinqində 50-ci pillədə qərarlaşır. Ən mühüm məqamlardan biri də bundan ibarətdir ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Silahlı Qüvvələrimiz hər bir vətəndaşımızın qürur mənbəyidir. Bu, olduqca vacib amildir. Çünki ordu cəmiyyətdə daxili özünə inamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir.
    Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəfidir. Bu hədəfə nail olmaqda isə Silahlı Qüvvələrimiz əhəmiyyətli rol oynayır. Silahlı Qüvvələrimizin döyüş ruhu yüksəkdir, ordumuz istənilən vaxt verilən əmri yerinə yetirməyə hazırdır. Ordu ilə yanaşı indi hər bir Azərbaycan gəncinin də ən böyük arzusu Mübariz İbrahimov kimi, Fərid Əhmədov kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edən mərd oğulların sırasında olmaqdır. Müharibədə itki də var, şəhidlik də var. Ancaq Vətənə görə döyüşmək, torpaqlarımız üçün döyüşmək, ölümdən qorxmadan döyüşmək lazımdır. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğullarımız şəhidliyi özləri seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılara vəsiyyət kimi seçmişdi. Onların şəhidliyi əsgərlərə nümunədir.
  Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətini, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə tam qadirdir. Döyüşlər zamanı əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Məhz aprel döyüşləri sayəsində azad olunan Lələtəpə və Talış yüksəklikləri bu rayonlarda yaşayan insanlarımızı təhlükədən qurtardı. Həm də işğaldan azad etdiyimiz yüksəkliklərdən Dağlıq Qarabağa nəzarət etmək imkanlarımız genişləndi. Aprel döyüşləri ermənilərin məğlubedilməz ordu mifini yerlə bir etdi və bir daha göstərdi ki, Silahlı Qüvvələrimiz hərəkətə keçərsə, ermənilər darmadağın olacaqlar.
   2018-ci ildə Şərur rayonunun işğal altında olan Günnüt kəndi və ətraf ərazilər uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edildi, 11 min hektar torpağa ordumuzun nəzarəti təmin olundu. Nəticədə, Əlahiddə Ümumqoşun Ordu düşmənin mühüm strateji yollarına nəzarəti ələ aldı, onun üzərində böyük üstünlük qazandı. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər ələ keçirildi. Qızılqaya yüksəkliyinin ələ keçirilməsi İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi; Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədilə 50 kilometr yeni yol çəkildi, 60 kilometrdən artıq yararsız yollar bərpa edildi. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu. Müdafiə rayonunun qorunmasının təşkili məqsədilə ərazidə qısa müddətdə mühəndis istehkam tədbirləri görüldü, postlar arasında dayanıqlı rabitə əlaqəsi quruldu, yeni səngərlər qazıldı. Ön xətdəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradıldı. Onu da qeyd edək ki, düşmən üstündə qurulan hərbi üstünlük ordumuzun şəxsi heyətinin döyüş ruhunu da artırdı.
Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan üçrəngli, şəhid qanı ilə boyanmış müqəddəs bayrağımız ucaldıldı. Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlirlər. Bunun ən son nümunəsini 12 iyulda Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı gördük. Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etsə də, bu heç bir məntiqə sığmır. Çünki, Azərbaycanın Ermənistanla dövlət sərhədində hər hansı bir hərbi məqsədi yoxdur.
  Beləliklə,  Ermənistan işğalçılıq siyasətini hələ də davam etdirir, ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir. Amma Silahlı Qüvvələrimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək hazırlığı sayəsində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı sərt şəkildə alındı. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə məcbur etdi. Ordumuzun generalı döyüşlərdə əsgərlərimizin yanında idi, onlarla çiyin-çiyinə erməni işğalçılara qarşı vuruşurdu. Düşmən 100 nəfərə yaxın canlı qüvvəsini və texnikasını itirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, ordumuz bu təlatümlü günlərdə onun yanında oldu, dəstəklədi. Ali Baş Komandan vətən uğrunda canlarını verən qəhrəmanlarımızı unutmur, onların, ailələrinin qayğısına qalır və onların qəhrəmanlığını yüksək qiymətləndirir.
   İyulun 15-də Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvin ilə telefonla danışıb. Dövlətimizin başçısı şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbir diləyib. Ali Baş Komandan qeyd edib ki, vətən uğrunda şəhid olan hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq. Prezident İlham Əliyev general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailəsinə ev verib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkəcəklər. Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim Fondun nəzarətində olacağı bildirilib.
  Onu da vurğulayaq ki, Tovuz döyüşləri zamanı Azərbaycan sadəcə cəbhədə vuruşmurdu, eyni zamanda beynəlxalq və daxili müstəvidə informasiya müharibəsi də aparırdı. Və biz bunda da uğurlu nəticələr əldə etdik. Belə ki, dövlətlər artıq 25-30 il bundan əvvəl olduğu kimi Ermənistanın və erməni diaspor təşkilatlarının yaydıqları informasiyalara etibar etmirlər. Bu müddətdə Azərbaycan diasporu da formalaşıb, dünyanın müxtəlif ölkələrində Azərbaycan haqq səsinin eşidilməsi üçün fəaliyyət göstərir. 14 iyulda Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü həyata keçirilib. Xalq ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini ən yüksək səviyyədə göstərib. Biz əyani şəkildə xalqımızın ordumuza sonsuz sevgisinin və yenilməz inamının şahidi olduq. Həm də xalqımızın döyüşkən mübariz ruhunu duyduq- bununla ancaq fəxr etmək olar. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi kömək göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olur- xalq döyüşmək istəyir, xalq Qarabağı azda etmək istəyir. Bu xalqımızn yenilməz iradəsidir.
   Xaricdə yaşayan soydaşlarımız da Prezident İlham Əliyevin yanındadır və onu qeyd-şərtsiz dəstəkləyir. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Dünya Türk Birliyi təşkilatı, Latviyada yaşayan soydaşlarımız, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Ukraynadakı Türkiyənin icma nümayəndələri, Belorusda yaşayan Azərbaycanlılar da öz vətənlərinə dəstəklərini göstərib, erməni işğalını lənətləyiblər.  Macarıstanda fəaliyyət göstərən “Qardaşlıq,” Macarıstan-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyi və Azərbaycan Evinin birgə təşəbbüskarlığı ilə keçirilən mitinqdə “Erməni təcavüzünü dayandırın!”, “Qarabağ – Azərbaycandır!”, “Ermənistan beynəlxalq hüquqa etinasızlıq göstərir!”, “Ali Baş Komandan, biz sizin əsgərlərinizik!” kimi şüarlar səsləndirilib.
Qardaş Türkiyə Cümhuriyyəti də bu çətin günlərdə Azərbaycanı tək buraxmadı və təbii ki, Azərbaycana dəstək nümayiş etdirən ilk ölkə oldu. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı Azərbaycana qardaş dəstəyi olmaqla yanaşı, həm də düşmənlərə mesaj oldu. O çıxışı zamanı dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfdən törədilən hücumu şiddətlə qınadığını dilə gətirib: “Bu gərginliyin Ermənistanın düşünülməmiş hücumundan sonra silahlı toqquşmaya çevrilməsindən narahatıq. Son hücum iki ölkə sərhədində ağır silahlarla həyata keçirilib. Bu hadisə Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə və ağır silahlarla törədilib. Bu hadisə hər hansı sərhəd pozuntusu deyil, birbaşa Azərbaycana qarşı məqsədli hücum olduğunu göstərməkdədir”. Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu bildirib ki, Ermənistan yeni toqquşma meydanı yaratmaqla, diqqəti işğal etdiyi ərazilərdən başqa istiqamətə yönəltmək istəyir. Ermənistanın bu günə kimi münaqişənin siyasi həll yoluna yaxın durmadığını deyən nazir bildirib ki, Ermənistanın etdiyi qəbuledilməzdir: “Ermənistan ağlını başına yığsın, Azərbaycan tək deyil. Biz Türkiyə Cümhuriyyəti və türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Azərbaycanın ərazi bütövlüyünün qorunmasına əlimizdən gələn dəstəyi verəcəyik. Biz demişik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı həll yolunu seçəcəksə, biz Azərbaycanın yanında olacağıq. Bu həssas bir cümlədir. Bunu bilərəkdən dedim”. Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycan-Ermənistan təmas xəttində davam edən gərginlikdən danışarkən, “İşğalçılığı davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında olmağa, azərbaycanlı qardaşlarımıza dəstək verməyə davam edəcəyik” ifadələrini işlədib.
Beləliklə bir daha vurğulamaq istərdim ki, Ordumuz xalqımızın güvən və etibar yeridir. Və biz inanırıq ki, heç də uzaq olmayan gələcəkdə məhz Azərbaycan əsgəri Qarabağın bütün ərazilərini düşməndən xilas edəcək  və üçrəngli Vətən bayrağımızı  Qarabağda ucaldacaq...

Xeyrulla Ağayev

“Neft Daşları” qəzetinin baş redaktoru

Keçidlər