Şriftin ölçüsü :

Saytın rəngi :

Yenidənqurma və abadlıq işləri rayonun simasını dəyişir

26 noyabr 2013 | 11:00

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhər Pirallahı rayonun  yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan  sonra, bu rayonda geniş quruculuq və adablıq işlərinə start verildi. Qısa müddət ərzində Pirallahı qəsəbəsinin bütün yaşayış məhəllələrində abadlıq işləri geniş vüsət aldı. Xatırladaq ki, aparılan tikinti-quruculuq işləri ilə yanaşı, Pirallahının ümumi görkəminə xələl gətirən əlavə çəpərləmələr, dəmir köşklər, yöndəmsiz tikililər sökülərək, ərazi abadlaşdırıldı.
  Pirallahı qəsəbəsi 29-cu məhəllədə yüksək zövqlə aparılan kompleks abadlıq və quruculuq işləri artıq yekunlaşmaq üzrədir. Məlumat üçün bildirək ki, yaşayış məhəlləsinə 2300 paqonmetr səki daşları düzülüb, 10277 kvadratmetr sahəyə asfalt örtüyü vurulub, əraziyə 300 ədəd küknar ağacı əkilib. Bu ərazidə sakinlərin istirahəti üçün 3 kölgəlik tikilib, çoxlu sayda müasir və davamlı oturacaqlar qoyulub, azyaşlı uşaqlar üçün attraksionlar quraşdırılıb. Növbəti mərhələdə bu ərazidə avtomobillər üçün park, nəzərdə tutulmuş yerlərdə yaşıllaşdırma məqsədilə qazon əkiləcək. Məhəllədə yerləşən və ümumi sahəsi 200 kvadratmetr olan müasir tipli 150 nəfərlik birmərtəbəli “Xeyir-şər” evi bütün lazımi avadanlıq və ləvazimatlarla təchiz edilərək, əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilib.
   Pirallahı qəsəbəsinin sakinlərini sevindirən digər bir məqam isə Qala-Şüvəlan-Pirallahı yolunun 2014-cü ildə istismara verilməsidir. Qeyd edək ki, yenidən qurulan yolun uzunluğu 35 km, eni isə 28 m təşkil edəcək. Yolun 6,9 km-i 6, 14,8 km-i isə 4 hərəkət zolağından ibarət olacaq.  Layihə üzrə 2 yol qovşağı və 1 tunelin tikintisi nəzərdə tutulub. Artıq yolun 14,8 km hissəsində torpaq işləri, 12,2 km hissəsində isə asfalt-beton örtüyün alt layının döşənməsi başa çatdırılıb. İlin sonuna qədər 14,8 km hissədə üst lay istisna olmaqla asfalt-beton işlərinin yekunlaşması gözlənilir.
  2012-ci ilin oktyabr ayından başlanan Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün inşasında işlər davam etdirilir. Xatırladaq ki, körpünün uzunluğu 421,45 metr, eni isə 14 metrdir. Körpü 10 dayaqdan, 9 aşırımdan ibarət olacaq. Tikinti işlərinin 2014-cü ildə yekunlaşdırılması planlaşdırılır.

Keçidlər