Şriftin ölçüsü :

Saytın rəngi :

“Ordun varsa, yurdun var.”

03 avqust 2020 | 11:00
Tarix boyu xalqımız qəhrəmanlıq ənənələri ilə ad-san çıxarıb, yadellilərə qarşı mərdliklə döyüşüb. Böyük sərkərdələr yetirən Azərbaycan xalqının çox yaxşı bir deyimi də var: “Ordun varsa, yurdun var.”
Bu gün  müstəqil dövlətimizin güclü ordusunun olması təsadüfi deyil.  Ötən əsrdə Azərbaycan nə az, nə çox düz iki dəfə dövlət müstəqilliyi əldə etmişdir. Birinci dəfə  rus imperializminin əsarətindən xilas olub Azərbaycan Xalq Cümhuriyyətini quranda ordumuz yox idi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinə rəhbərlik edən insanların dövlət quruculuğu istiqamətində ilk tədbirlərindən biri müstəqil dövlətin silahlı qüvvələrinin formalaşdırılması oldu. Təəssüf ki, Xalq Cümhuriyyəti 23 ay yaşadı və bu qısa müddət ordu quruculuğunun yüksək səviyyədə həyata keçirilməsinə imkan vermədi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasında güllələndi.
İkinci dəfə 18 oktyabr 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi və Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını ümumxalq ifadəsi ilə təsdiqlədi. Müstəqillik bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında qanunlar qəbul edildi.
1991-ci ilin sonlarından başlayaraq Azərbaycan milli ordusunun yaradılması istiqamətində ilkin addımlar atılsa da, bu proses çox bərbad vəziyyətdə gedirdi. Silahlı qüvvələr Müdafiə Nazirliyinin deyil, ayrı-ayrı siyasi partiyaların nəzarətində idi. Həmin partiyalar silahlı birləşmələri milli mənafelər uğrunda deyil, öz maraqları naminə, hakimiyyətə gəlmək üçün istifadə etməyə çalışırdılar.
Vahid komandanlığın olmaması ucubatından silahlı birləşmələrin müxtəlif  qrupların əlində  cəmləşməsinin nəticəsi idi ki, Azərbaycan daxildə qardaş qırğını ilə üz-üzə qaldı. 1993- cü il iyun ayında xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən Azərbaycana dönüşü qardaş qırğınının qarşısını almaqla yanaşı, mərkəzi komandanlığa bir başa tabe olan ordu quruculuğuna başlanıldı. Qüdrətli Azərbaycan Ordusunun olması isə hər bir Azərbaycan vətəndaşının arzusu idi.
Təbii ki, cəbhədəki vəziyyəti bir günə, bir aya düzəltmək mümkün deyildi. 1993-cü ilin sonunda yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən bütün silahlı birləşmələrin ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordunun yaradılması idi. Müdafiə Nazirliyinə, Baş Qərargaha, birlik və hərbi hissə komandirləri vəzifələrinə peşəkar hərbçilər cəlb edildi.
1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi və silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.  Azərbaycan modern silahlı qüvvələrinin olduğunu bütün dünyaya nümayiş etdirməklə yanaşı, ölkə əhalisinin hakimiyyətə etimadını, gələcəyə olan inamını daha da möhkəmləndirdi. Milli Ordunun yaradılması günü 1998-ci ilə qədər hər il oktyabrın 9-da qeyd edilsə də, sonradan varislik prinsipi əsas tutularaq ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr günü kimi təsbit edildi.
İndi  sadə vətəndaş da çox yaxşı  bilir ki,  Azərbaycan cəmiyyətinin varlığı, sarsılmazlığı ordumuzun möhkəmliyinə və gücünə bağlıdır. Ordumuz Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz donanmasından ibarətdir və Azərbaycan ordusu günün müxtəlif vaxtlarında, istənilən iqlim şəraitində irimiqyaslı taktiki təlimlərdə şəxsi heyət öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini dəfələrlə nümayiş etdirir. Azərbaycan əsgəri quruda, havada və dənizdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir.  Qəhrəmanlar təkcə müharibədən  bəhs edən filmlərdə,  kitablarda  olmur.  Biz Azərbaycanda real qəhrəmanlığı Mübariz İbrahimov  kimi  igid  oğulların  timsalında görə bildik. 2010-cu ilə Mübarizin tək başına düşmən üzərinə şığıması düşməni lərzəyə salmışdı. Bu hadisə bir daha sübut etdi ki, Azərbaycanın bir əsgəri erməninin yüz,  hətta min əsgərini məhv etməyə qadirdi. Bu günlərdə ordumuzun peşəkarlıq səviyyəsini yüksəltmək üçün dünyanın ən güclü ordularından biri hesab olunan Türk Ordusu ilə birlikdə geniş miqyaslı hərbi təlimlər keçirilir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan Azərbaycanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başlayıb. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək. Məlumdur ki, Türkiyə NATO ölkəsidir və Azərbaycan ordusu Türkiyə ordusu ilə birgə təlimlər vasitəsilə NATO standartlarına yiyələnir. Bu Ordumuzun peşəkarlıq səviyyəsinin və döyüş qabiliyyətinin artırılması üçün olduqca vacib haldır. Və sözsüz ki, bu düşməndə narahatlıq yaratmaya bilməz.
Azərbaycan Ordusu müstəqilliyimizi əbədi qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək gücündədir. Bu gün Azərbaycan Ordusunun təchizatı, o cümlədən daxildə istehsal olunan məhsullar hesabına formalaşır. Azərbaycanda müxtəlif növ silahlar, sursatlar, hərbi texnika istehsal olunur. Patronlar, silahlar, mərmilər, tapançalar, avtomatlar, pulemyotlar, minaatanlar, snayper tüfəngləri, zirehli texnika, pilotsuz təyyarələr - bütün bunlar Azərbaycanda istehsal olunur və onlar yüksək səviyyədədir. Belə ki, beynəlxalq sərgilərdə nümayiş etdirilən Azərbaycan hərbi texnikası dünya miqyasında da böyük qiymətə malikdir.
Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan təcavüzkar Ermənistanın iyulun 12-də törətdiyi növbəti təxribatının əsas məqsədi Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək, həmçinin canlı qüvvəyə və hərbi texnikaya zərər yetirmək idi. Azərbaycan tərəfi isə yüksək peşəkarlıqla Ermənistanın təxribatlarına qətiyyətli cavab verdi və ordumuzun həyata keçirdiyi tədbirlər  nəticəsində düşmən geri oturduldu. Onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirildi.
Şübhəsiz, Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz isiqamətində hərbi təxribatı ilk hadisə deyil. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak olubdur. Ancaq qəhrəman əsgərlərimizin səyi və hərbi rəhbərliyin düzgün və vaxtında atılmış addımları ilə Ermənistan tərəfinin bütün cəhdləri çox keçmədən iflasa uğradılıb.
Tovuz istiqamətində gedən döyüşlərdə də Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına girə bilmədilər. Azərbaycan ordusu sərt cavab tədbirləri ilə düşmənin təxribatının qarşısını aldı və Ermənistan ordusuna ağır və sarsıdıcı zərbələr vurdu. Təcavüzkar tərəf ağır itkilər verdi, belə ki, 100-ə yaxın canlı qüvvə və çoxsaylı texnikasını itirən Ermənistan hələ də itkiləri ilə bağlı dəqiq rəqəmlər verməkdən çəkinir və bununla ölkə daxilində olan narazılığı azaltmağı planlaşdırır. Ancaq Ermənistan hakimiyyəti gizlətməyə çalışsa da erməni xalqı sosial şəbəkələrdə reallıqları görürlər. Və onlar bu günlərdə bir daha anladılar ki, əgər müharibə başlayarsa onların təcavüzkar niyyətlərinin qarşısı qətiyyətlə alınacaq və erməni ordusu darmadağın ediləcək. Əslində ermənilər bunu artıq dəfələrlə görüblər: 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin uğurlu Naxıvan əməliyyatında və nəhayət Tovuz istiqamətində gedən döyüşlərdə. Bu döyüşlərin hər biri Azərbaycan hakimiyyətinin qətiyyətini, Azərbaycan Ordusunun gücünü və Azərbaycan xalqının qələbə istəyini ortaya qoydu. Təkcə bu faktı bilmək kifayətdir ki, xalqımızın işğal altında olan torpaqlarımıza qayıtmaq istəyini görək, belə ki, ölkə başçısının Səfərbərliklə bağlı çağırışına səs verən 55 mindən çox vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçib və müraciətlər hələ də davam edir. Bununla yanaşı hal-hazırda daxildə və xaricdə Ali baş Komandana və Ordumuza dəstək maksimum həddədir. Tovuz istiqamətində döyüşlərin getdiyi bir vaxtda Bakıda, Sumqayıtda və bir çox bölgələrimizdə yürüşlər təşkil olundu və əvvəlcədən planlanmamış bu yürüşlərə minlərlə vətənpərvər azərbaycanlı toplaşaraq Ali rəhbərliyin ətrafında sıx birləşdiklərini və istənilən əmrə hazır olduqlarını bəyan etdilər. Ölkə xaricində isə dünyanın demək olar ki, bütün böyük şəhərlərində azərbaycanlılar ard-arda mitinqlər, aksiyalar təşkil edərək bu məsələyə beynəlxalq ictimaiyyətin fikrini çəkməyə çalışdı və erməni təcavüzünü pislədi. Günlərlə davam edən bu aksiyalarda hətta hücumlara məruz qalsalar belə heç bir soydaşımız geri çəkilmədi və öz doğma yurdlarının haqlı mövqeyini dünyaya bəyan etdilər.
Qeyd edək ki, Tovuz hadisələri zamanı Azərbaycana beynəlxalq dəstək də kifayət qədər yüksək oldu. İlk növbədə qardaş Türkiyə ən yüksək səviyyədə  ölkəmizi dəstəklədiyini və yanımızda olduğunu bildirdi. Bundan əlavə 120 üzvü olan Qoşulmama Hərəkatı, 57 üzvü olan İslam Əməkdaşlıq Təşkilatı və 5 üzvü olan Türkdilli dövlətlətin Əməkdaşlıq Şurası da açıq və birmənalı şəkildə Azərbaycanı dəstəklədi.  Bunlarla yanaşı ötən günlərdə Ermənistana daha bir zərbədə Amerikadan gəldi. Belə ki, ABŞ Konqresinin Qaydalar Komitəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktını tanıyan 296 saylı düzəliş qəbul edildi. Bütün bunlar hamısı əlbəttə ki, bizim beynəlxalq qələbəmizdir və sözsüz ki, Azərbaycanın haqlı mövqeyinin dünyada tanınması üçün çox vacibdir.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin zabitləri Türkiyənin, Ukraynanın, Rusiyanın, Pakistanın, Çinin, Almaniyanın, Böyük Britaniyanın, İtaliyanın, Rumıniyanın, Macarıstanın hərbi akademiyalarında və dinləmə kurslarında da təhsil alırlar. Ordu sıralarında xidmət edən  Azərbaycan əsgərləri isə vətənpərvər, yüksək mənəvi-psixoloji hazırlığı olan, yetərincə dünyagörüşə malik gənclərdir. Beləliklə, xalqımız  əmindir ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da özünün döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək və  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın azad edilməsinə nail olacaqdır.


Rayon sakini Müslümov Loğman Sultanməcid

Keçidlər