Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının qəhrəmanlıq dastanı XXI əsrdə də davam edir

04 avqust 2020 | 11:00
Azərbaycanın dövlətçilik ənənələri və Azərbaycan xalqının bir millət kimi formalaşması onun uzaqgörən, cəsur və mərd övladlarının ideyaları, qəhrəmanlıqları və əməllərinin nəticəsidir. Məhz həmin övladlar sayəsində ölkəmiz dünya sivilizasiyasına özünün layiqli töhfələrini verib, dövlətçiliyini qoruyub saxlayıb və müasir dünyanın bir hissəsinə çevrilib. Artıq  Azərbaycan Respublikası dünya dövlətləri arasında öz layiqli yerini tutur, inkişaf etmiş dövlətlər sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləyir. Müstəqil Azərbaycan Respublikasının bu yolda inamla və qətiyyətlə irəliləməsinin səbəbkarı ümummilli lider Heydər Əliyevdir. Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır.
Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Ordusu bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşmışdır. Bir mərkəzdən  idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı xüsusilə diqqətəlayiqdir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində bugün Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Ən mühüm məqamlardan biri də ondan ibarətdir ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Silahlı Qüvvələrimiz hər bir vətəndaşın qürur mənbəyidir. Bu, olduqca vacib amildir. Çünki ordu cəmiyyətdə daxili özünə inamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir. Azərbaycan beynəlxalq aləmdə  güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir. Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran Ali Baş Komandan Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Ordu quruculuğunda mühüm rol oynayan kadr hazırlığı da ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu gün Silahlı Qüvvələrimiz dünya reytinqində 50-ci pillədə qərarlaşır.
Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəfidir. Və məlumdur ki, bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimiz xüsusi əhəmiyyətli rol oynayır. Silahlı Qüvvələrimizin döyüş ruhu yüksəkdir, ordumuz istənilən vaxt verilən əmri yerinə yetirməyə hazırdır. Bunu müxtəlif vaxtlarda hər birimiz müşahidə etdik. Hətta ən çətin strateji mövqelərdə belə Azərbaycan əsgəri maksimum peşəkarlıqla və fədakarlıqla Ali rəhbərliyin verdiyi əmrləri yerinə yetirir və torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Bu gün hər bir Azərbaycan gənci Mübariz İbrahimov kimi, Fərid Əhmədov kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq arzusundadır. Biz bilirik ki, General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğullarımız şəhidliyi özləri seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılara vəsiyyət kimi seçmişdi. Onların şəhidliyi hər bir Azərbaycan əsgərinə və gəncinə  nümunədir.
Azərbaycanın son illərdə ən böyük hərbi əməliyyatlarından biri olan Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətinin göstəricisi kimi düşdü. Aprel döyüşləri zamanı əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi tam təmin olundu. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Şübhəsiz ki, bu hər bir azərbaycanlıda və qəlbi Azərbaycanla döyünən hər kəsdə böyük  sevinc və qürur hisssi yaratdı.
2018-ci ildə Şərur rayonunun işğal altında olan Günnüt kəndi və ətraf ərazilər uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edildi, 11 min hektar torpağa ordumuzun nəzarəti təmin olundu. Nəticədə, Ordumuz düşmənin mühüm strateji yollarına nəzarəti öz əlinə aldı, onun üzərində böyük üstünlük qazandı. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər ələ keçirildi. Qızılqaya yüksəkliyinin ələ keçirilməsi İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi. Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədilə 50 kilometr yeni yol çəkildi, 60 kilometrdən artıq yararsız yollar bərpa edildi.  Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu. Müdafiə rayonunun qorunmasının təşkili məqsədilə ərazidə qısa müddətdə mühəndis istehkam tədbirləri görüldü, postlar arasında dayanıqlı rabitə əlaqəsi quruldu, yeni səngərlər qazıldı. Ön xətdəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradıldı.  Eyni zamanda bu hərbi üstünlük ordumuzun şəxsi heyətinin döyüş ruhunu daha da artırdı. Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan üçrəngli, şəhid qanı ilə boyanmış müqəddəs bayrağımız ucaldıldı.
   Vətən qarşısında şərəflə, həvəslə, sevinclə xidmət edən əsgərlərimiz, zabitlərimiz bir an belə tərəddüd etmədən doğma Azərbaycan uğrunda ölümə atılmağa hazırdırlar. Necə ki, bunu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov, Fərid Əhmədov, Polad Həşimov və İlqar Mirzəyev kimi mərd oğullarımız bir daha sübuta yetirdi. Onların nümayiş etdirdikləri vətənpərlik nümunələri damarlarında azərbaycanlı qanı axan hər bir şəxsin qürurunu necə oxşadısa, düşmənin bağrına da bir o qədər dəhşətli vahimə saldı. Yağı düşmən bir daha gördü ki, belə oğulları olan Azərbaycan onu istənilən an məhv etməyə qadirdir. Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlirlər. Bunun ən son nümunəsini 12 iyulda Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı gördük. Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etsə də aydındır ki, bu heç bir məntiqə sığmır. Azərbaycanın Ermənistanla dövlət sərhədində hər hansı bir hərbi məqsədi yoxdur, ümumiyyətlə heç vaxt olmayıb və olmayacaq da. Ermənistan isə bu gün də işğalçılıq siyasətini davam etdirir, ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir. Amma Silahlı Qüvvələrimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək hazırlığı sayəsində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı sərt şəkildə alınır. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə məcbur edir. Tovuz isiqamətində gedən döyüşlərdə ordumuzun generalı döyüşlərdə əsgərlərimizin yanında idi, onlarla çiyin-çiyinə vuruşurdu. Bu həm orduda, həm də xalqda böyük fərəh hissi yaratdı. Bir neçə gün davam edən döyüşlərdə düşmən 100 nəfərə yaxın canlı qüvvəsini və çoxsaylı hərbi texnikasını itirdi.
Prezident,  Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız və ordumuz bu təlatümlü günlərdə də onun yanında oldu və onu dəstəklədi.   Xaricdə yaşayan soydaşlarımız da Prezident ilham Əliyevin yanındadır və onu dəstəkləyir. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Dünya Türk Birliyi təşkilatı, Latviyada yaşayan soydaşlarımız, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Ukraynadakı Türkiyənin icma nümayəndələri, Belorusda yaşayan Azərbaycanlılar da öz vətənlərinə dəstəklərini göstərib, erməni işğalını lənətləyiblər.  Macarıstanda fəaliyyət göstərən “Qardaşlıq,” Macarıstan-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyi və Azərbaycan Evinin birgə təşəbbüskarlığı ilə keçirilən mitinqdə “Erməni təcavüzünü dayandırın!”, “Qarabağ – Azərbaycandır!”, “Ermənistan beynəlxalq hüquqa etinasızlıq göstərir!”, “Ali Baş Komandan, biz sizin əsgərlərinizik!” kimi şüarlar səsləndirilib.
Bu günlərdə ölkəmizə beynəlxalq dəstək də maksimum həddə idi. Artıq dövlətlər 25-30 il bundan əvvəl olduğu kimi Ermənistanın və erməni diaspor təşkilatlarının yaydıqları informasiyalara etibar etmirlər. Ötən müddətdə eyni zamanda Azərbaycan diasporu da formalaşıb, dünyanın müxtəlif ölkələrində Azərbaycan haqq səsinin eşidilməsi üçün fəaliyyət göstərirlər.  14 iyulda Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü həyata keçirilib. Xalq ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini ən yüksək səviyyədə göstərib. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi kömək göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olur. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 55.130-dan çox vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçiblər və müraciətlər davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə iqtidar-müxalifət dialoqu davam etdirilir, yeni siyasi konfiqurasiyanın formalaşmasında müxalifət partiyaları yaxından iştirak edirlər. Ölkənin 43 siyasi partiyası birgə, 4 siyasi partiyası isə ayrılıqda bəyanat verərək, erməni təxribatına qarşı mübarizədə Ali Baş Komandanın ətrafında birləşdiyini vurğulayıb.
Tovuz rayonunda atəşkəsin Ermənistan tərəfindən pozulması zamanı Silahlı Qüvvələrimizin açıq-aşkar üstünlüyü bir daha təsdiq etdi ki, Azərbaycan Ordusu istənilən vaxt torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bizim buna hərbi gücümüz də, potensialımız da var. Sözsüz ki, bu əməliyyatın Silahlı Qüvvələrimizin şanlı tarixində öz yeri olacaq. Təbii ki, Azərbaycan hərbi potensialını genişləndirmək üçün bundan sonra da özünün sürətlə artan iqtisadi imkanlarından hərtərəfli şəkildə bəhrələnməlidir və bu iş lazımi səviyyədə həyata keçirilməkdədir. Ən inkarçı mövqedə dayanan qüvvələr və fərdlər də artıq etiraf edirlər ki, sabitlik, dinamik inkişaf və güclü ordu quruculuğu müasir Azərbaycan üçün əsas xarakterik cəhətlərdir və bu cəhətlər bir-birilə sıx bağlıdır.


Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının könüllüsü
Vüqar Nəsirov

Keçidlər