Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil

07 avqust 2020 | 11:00
Tarix göstərib ki, güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi sarsılmaz və əbədi olaraq qalır. Azərbaycanın dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur.  Müstəqil ölkəmizin güclü-qüdrətli ordusunun memarı olan Ümummilli Lider Heydər Əliyev hələ Sovet dönəmində ordu quruculuğu istiqamətində bir sıra mühüm addımlar atmışdı. Cəmşid Naxçıvanski adına hərbi məktəbin Sovet dövründə Bakıda açılması Heydər Əliyevin xidmətlərinin nəticəsi idi. Hansı ki, həmin məktəb bu gün də müstəqil Azərbaycanın Ordusu üçün zabitlər hazırlayır. Yəni ordu quruculuğu prosesinin, müasir dövrün tələblərinə cavab verə biləcək Silahlı Qüvvələrin formalaşmasının bünövrəsi məhz Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider tərəfindən əsası qoyulmuş ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyanın ən güclü 50 ordusu sırasına adını yazdıran Azərbaycan Ordusunun bugün həm silah arsenalı, həm də maddi-texniki bazası genişlənir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daha da yüksəlir. Bötüvlükdə, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır. Beləliklə, Azərbaycan Ordusunun şəxsi heyəti bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələrək işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə tam qadirdir.
Ordumuzun bu gücə qovuşmasında sözsüz ki, xalq-ordu birliyinin də mühüm rolu var. Bugün xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması Ordunun  məğlubedilməzliyini və qələbə əzmini daha da artırır.
Onu da qeyd edək ki, ordunun gücü sadəcə onun texniki imkanları ilə bağlı deyil. Texniki güclə paralel olaraq vətənpərvərlik ruhu da vacib amildir. Əminliklə deyə bilərik ki, Azərbaycan bu baxımdan şanslı ölkələrdəndir. Bugün ölkəmizdə sadəcə hərbiçilər deyil gənclər də yüksək vətənpərvərlik ruhuna malikdir. Bunu elə gənclərimizin Tovuz hadisələrinə verdiyi adekvat reaksiyadan da müşahidə edə bilərik. Gənclərimiz cəbhədə qızğın döyüşlərin getdiyi vaxt Orduya və Ali Baş komandana dəstək məqsədilə çoxminlik yürüş keçirdi. Üstəlik bu yürüşlər sadəcə paytaxt ya da ölkə daxili ilə yükunlaşmadı. Eyni zamanda dünyanın ən müxtəlif bölgələrində analoji yürüşlər davam etdirildi. Tovuz hadisələrinin dünyaya çatdırılmasında xaricdə yaşayan soydaşlarımız xüsusən gənclər əhəmiyyətli rol oynadı. Bununla yanaşı ölkə başçısının Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı səfərbərliklə bağlı “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin”  çıxışına əsasən 55 mindən çox vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçib və müraciətlər hələ də davam edir. Beləliklə bununla da gənclərimiz ərazi bötüvlüyümüzün bərpası üçün canlarından keçməyə könüllü olduqlarını bir daha bəyan etdilər. Bugün gənclərimizin ən böyük arzusu General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaqdır.
Son illər ərzində Ordumuzun gücünü və hazırlıq səviyyəsini nümayiş etdirdiyi ən vacib hadisələrdən biri şübhəsiz ki, 2016-cı ilin Aprel döyüşləridir. Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətinin, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Döyüşlər zamanı əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Azad olunan Lələtəpə və Talış yüksəklikləri yaxın ərazilərdə yaşayan insanlarımızı təhlükədən qurtardı. Həm də işğaldan azad etdiyimiz yüksəkliklərdən Dağlıq Qarabağa nəzarət etmək imkanlarımız genişləndi. Aprel döyüşləri eyni zamanda ermənilərin məğlubedilməz ordu mifini tamamilə məhv etdi və bir daha göstərdi ki, Silahlı Qüvvələrimiz hərəkətə keçərsə, ermənilər darmadağın olacaqlar.
Aprel döyüşlərindən sonra 2018-ci ildə Şərur rayonunun işğal altında olan Günnüt kəndi və ətraf ərazilər uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edildi, 11 min hektar torpağa ordumuzun nəzarəti təmin olundu. Nəticədə, Ordumuz düşmənin mühüm strateji yollarına nəzarəti ələ aldı, onun üzərində böyük üstünlük qazandı. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər ələ keçirildi. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu. Müdafiə rayonunun qorunmasının təşkili məqsədilə ərazidə qısa müddətdə mühəndis istehkam tədbirləri görüldü, postlar arasında dayanıqlı rabitə əlaqəsi quruldu, yeni səngərlər qazıldı. Ön xətdəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradıldı. Bu əməliyyatlar eyni zamanda ordumuzun şəxsi heyətinin döyüş ruhunu və xalqımızın orduya və qələbəyə olan inancını daha da artırdı.
Beləliklə, müxtəlif vaxtlarda ordumuz tərəfindən ağır məğlubiyyətlər alaraq geri çəkilməyə məcbur olan erməni ordusu bundan dərs almayaraq bu günlərdə yenidən aktivləşmiş və 12 iyul tarixində Azərbaycan–Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs müqaviləsini pozaraq hücuma keçməyə cəhd etmişdir. Əlbəttə ki, ordumuz dərhal adekvat cavab vermiş erməni ordusunu yerinə otuzdurmuşdur.
Bir neçə gün davam edən qızğın döyüşlər zamanı Azərbaycan Ordusu heç 1 santimetr belə Vətən torpağına ermənilərin ayaq basmasına imkan verməmiş, canı bahasına torpaqlarımızı qorumuşdur. Təəssüf ki, döyüşlərdə itkilərimiz də oldu. Belə ki, 12  hərbiçimiz şəhid olmuş  və 1 mülki şəxs həyatını itirmişdir. Hər itkimiz bizi yasa boğsa da vətən uğrunda canından keçməyə hazır olan soydaşlarımız sözün əsl mənasında hər birimizdə qürur hissi yaratdı. Qeyd edək ki, Ermənistan tərəfi itkilərini gizlətməyə çalışsa da 100-dən çox canlı qüvvəsini və çoxsaylı hərbi texnikasını itirdiyi məlumdur. Müdafiə Nazirliti tərəfindən yayımlanan görüntülərlə bu sübut olunmuşdur.
Son hadisələr bir daha təsdiq etdi ki, əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəməyə hazırdırlar. Qeyd edək ki, Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etdi. Halbuki bunun heç bir məntiqə sığmadığı aşkardır. Azərbaycanın Ermənistanla dövlət sərhədində hər hansı bir hərbi məqsədi yoxdur. İndiyə qədər olmayıb, bundan sonra da olmayacaq. Ölkə başçısının dediyi kimi, “Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”. Bəli, Azərbaycan heç vaxt öz əzəli torpaqlarından əl çəkməyəcək və heç vaxt işğalla barışmayacaq. Biz gec-tez torpaqlarımızı azad edəcək və doğma yurd-yuvamıza  qayıdacağıq. Beləliklə biz tam əminik ki, yaxın gələcəkdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və güclü ordumuzun yenilməz mübarizəsi ilə üç rəngli bayrağımız Xocalıda, Şuşada, Laçında və bütün işğal altında olan torpaqlarımızda dalğalanacaq.

Əli Kərimov
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri

Keçidlər