Şriftin ölçüsü :

Saytın rəngi :

2020-ci il avqustun 6-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ölkəmizdə koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı müşavirə keçirib

09 avqust 2020 | 11:00

Müşavirədə geniş nitqlə çıxış edən cənab Prezident qeyd etmişdir ki, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü.
Ölkə başçısı vurğuladı ki, koronavirusla mübarizə tədbirləri çərçivəsində ölkəmizdə 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət edir. Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Qısa müddət ərzində laboratoriyalarımızın sayı 5 dəfə artırılıb, belə ki ölkəmizdə artıq 45 labaratoriya fəaliyyət göstərir. 9 modul tipli xəstəxana istifadəyə verilmişdir.
Həkimlərin sayının arıtırlması ilə əlaqədar təbii çətinliklər nəzərə alınaraq xaricdən həkimlərin dəvət edilməsi məsələsinə baxılmış və Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən həkim briqadaları Azərbaycana gətirilmişdir. Bu da, əlbəttə ki, əlavə imkanlar yaratdı. Çünki sözü gedən həkimlərin gəldiyi ölkələrdə səhiyyə sahəsi inkişaf etmiş sahədir, orada təcrübə yüksək səviyyədədir və əlbəttə, həm xəstələrin müalicəsi, həm də təcrübə mübadiləsi məsələləri burada kompleks şəkildə həll olunur.
İqtisadi və sosial məsələrlə də bağlı danışan cənab Prezident bildirdi ki, təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə olunub. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir ancaq dövlət tərəfindən əməkhaqqı ilə təmin olunur. 760 min insana lazımi maliyyə dəstəyi göstərilib. Altı yüz min işsiz insan, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunub. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq olunan yerlərdə insnalarbu dəstəklə bundan sonra da əhatə olunacaqlar. Avqust ayında da onlara 190 manat ödəniləcək.
Bundan əlavə prezident vurğuladı ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması gəlirlərimizə mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib. Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir.
Cənab Prezident çıxışında iqtisadi məsələlərə də toxunaraq olduqca vacib fikirlər səsləndirdi. Prezident bildirdi ki, iqtisadi sahədə biznesə dəstək məsələlərində də çox böyük addımlar atılıb. Həm ilin əvvəlində nəzərdə tutulmuş layihələr, sahibkarlara güzəştli şərtlərlə kreditlərin, subsidiyaların verilməsi, kənd təsərrüfatının stimullaşdırılması, eyni zamanda, pandemiya ilə əlaqədar görülmüş işlər siyasətimizi tam şəkildə əks etdirir.
Prezident vurğuladı ki, bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə ki, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Ancaq yenə də iqtisadi inkişafımız təmin edilməlidir. Bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır.
Bundan əlavə vergi sistemi ilə bağlı fikirlərini bildirən dövlət başçımız vergilərin 75 faizinin özəl sektorda formalaşdığını və əgər vergi sistemində vaxtında ciddi islahatlar aparılmasaydı, bu vergilərin yığılmayacağını vurğuladı. Ölkə başçısı məhz bu sahədə aparılan islahatlarla 6 ay ərzində proqnozdan əlavə vəsait yığıldığını dedi.
Müşavirədə ölkə başçısının toxunduğu vacib digər bir məsələ dövlət şirkətlərinin fəaliyyəti ilə bağlı oldu. Xüsusilə dövlət şirkətlərində (qaz, su, elektrik enerjisi və  s.) itkilər aradan qaldırılmalıdır-deyən ölkə başçısı - dövlət şirkətlərinin itkilərinin dövlətin hesabına aradan qaldırılması tendensiyasına son qoyulmalı olduğunu qeyd etdi və əlavə etdi ki, dövlət şirkətlərinin normal korporativ idarəetmə əsasında işləməsi təmin olunmalıdır. Həmin şirkətlərdən itkilərin səbəbləri və onların aradan qaldırılması ilə bağlı planlara dair açıqlamalar alınmalıdır.
Daha sonra müşavirədə çıxış edən Baş Nazir Əli Əsədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev, İqtisadiyyat Naziri Mikayıl Cababrov öz çıxışlarında Prezidentin çıxışını dəstəklədilər və gələcək planlar haqqında öz fikirlərini bildirdilər.
Ölkə başçısı çıxışının sonunda Koronavirus infeksiyası ilə bağlı görülən işlərdən danışaraq bildirdi ki, pandemiya ilə əlaqədar görülmüş işlərə bütövlükdə yüksək qiymət vermək olar. Üç həftə ərzində müsbət dinamika onu göstərir ki, bütün addımlar düzgün istiqamətdə atılmışdır.
Müsbət dinamika, əlbəttə ki, indi karantin rejiminin yumşaldılmasına gətirib çıxarır. Ancaq burada da, çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Demək bütün ölkələrdə - harada ki, yumşalma olub, obyektlər, turizm obyektləri, ictimai iaşə obyektləri, xidmət sektoruna aid obyektlər açılıb, orada xəstəlik yenidən geniş vüsət alır və buna ikinci dalğa deyirlər. Ona görə də, hər bir kəs bu məsələyə diqqətlə yanaşmalı, bu məsələyə ciddi nəzarət etməlidir.
Sonda dövlət başçısı Koronavirusla mübarizədə, bundan sonra da addımlarımızı vəziyyətə uyğun şəkildə atacağımızı bildirdi və qeyd etdi ki, insanlar yorulub, karantin rejimi hamını yorub. Ona görə yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. Karantin rejimi nə vaxt lazımdırsa yumşaldılacaq. Bu xəstəlik dünya üçün çox ciddi problemdir. Ona görə hamımız məsuliyyətli olmalıyıq. Əgər belə olsa, biz qısa müddət ərzində normal həyata daha tez qayıda bilərik.
Loğman Müslümov

Keçidlər