Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonu sürətli inkişaf dövrünü yaşayır

28 noyabr 2013 | 11:00

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmani ilə “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası təsdiq edilmişdir. Bu inkişaf konsepsiyasına əsasən Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar (rabitə, internet, bank xidmətləri, kommunal xidmətlər, yollar və sair), səhiyyə və təhsil xidmətləri təmin ediləcəkdir. Konsepsiya çərçivəsində enerji, nəqliyyat, tranzit və digər mühüm sahələrin inkişaf etdirilməsi, bölgələrin inkişafının diqqət mərkəzində saxlanılması, hər bir bölgənin rəqabət üstünlükləri nəzərə alınmaqla regional inkişaf mərkəzlərinin formalaşdırılması, şəhər və kənd yerlərində infrastrukturun və sosial xidmətlərin inkişaf etdirilməsi nəzərdə tutulur.
 Ölkəmizdə aparılan genişmiqyaslı islahatların nəticəsidir ki, bütün bölgələrin sosial-iqtisadi inkişafı sürətləndirilib. Yeni müəssisələrin açılması və yeni iş yerlərinin yaradılması, istehsal, nəqliyyat və kommunal infrastrukturun inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması, o cümlədən, yeni təhsil, səhiyyə, idman müəssisələrinin inşası ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin əsasını təşkil edir.
   Ölkəmizin hər bir bölgəsi kimi, yeni yaranmış Pirallahı rayonu da sürətli inkişaf dövrünü yaşayır. Rayonun hər yerində abadlıq-quruculuq işləri diqqəti cəlb edir. Aparılan yenidənqurma işləri Pirallahı rayonunun simasını sürətlə dəyişir, ona daha müasir görkəm gətirir.
   Sürətlə davam edən işlərdən biri də Pirallahı qəsəbəsində “Yanalma körpüləri kompleksi”nin tikintisidir. Kompleksin layihələndirilməsinə 2011-ci ilin noyabrında başlanmışdır. Tikinti-quraşdırma işlərinə isə 2013-cü ilin aprel ayında start verilib. Tikinti-quraşdırma işlərinin başa çatma müddəti 2015-ci ilin may ayına nəzərdə tutulmuşdur. Xatırladaq ki, kompleksin illik gücü 1200000 ton civarında yüklərin qəbul edilib yola salınmasına bərabərdir. Kompleksin insası başa çatdıqdan sonra tikilmiş körpülərə eyni zamanda 50 gəmi yan ala biləcəkdir.
   Qeyd edək ki, Pirallahı qəsəbəsində xeyli sayda qəzalı vəziyyətdə olan binalar var və həmin binalarda yaşayan sakinlərin köçürülməsi və yerləşdirilməsi üçün nəzərdə tutulmuş 3-mərtəbəli binalardan ibarət olan iki yeni yaşayış massivinin - “Abad Məhəllə-1” və “Abad Məhəllə-2”nin salınması üçün bütün lazımi işlər görülür. Hazırda inşa olunmaqda olan binalarda betonlama işləri ikinci mərtəbədə davam edir. İnşaatçılar beton tökülməsi üçün taxta qəliblərin hazırlanması prosesini yerinə yetirirlər. Ümumi yaşayış sahəsi 600 kvadratmetrdən çox olacaq 3 mərtəbəli binaların birinci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulub. Mənzillər 1 və 2 otaqlı olacaqdır. Hazırda tikintidə 20-dən artıq işçi çalışır.

Keçidlər