Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “ Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı və rahatlığı bizim üçün prioritet məsələdir”

12 avqust 2020 | 11:00

Dünya ölkələri COVİD-19 pandemiyası ilə mübarizəni davam etdirməkdədir. Bu mübarizə artıq zərurət halını alıb və bütün ölkələrin demək olar ki, siyasətinin əsas prioritetinə çevrilib. Hal-hazırda hər bir ölkə pandemiyanın təsirlərini minimuma endirmək üçün səylə çalışır. Azərbaycanda bu infeksiya ilə mübarizədə vəziyyətin necə olması ilə əlaqədar 6 avqust 2020-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirilib. Cənab prezidentin həm 6 avqust tarixində keçirdiyi müşavirəsi, həm bundan öncəki müşavirələri, regionlara səfərləri zamanı vətəndaşlarla görüşləri və görülən tədbirlərin vətəndaşlarımıza çatdırılması bir daha onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev koronovirus pandemiyası başlayandan bu günədək məsələni bütövlükdə öz nəzarətinə götürüb və lazım olan bütün tədbirlər böyük dəqiqliklə addım-addım həyata keçirilir. Bu ilin fevral ayından başlayaraq ölkə başçısının göstərişləri, fərman və sərəncamları ilə olduqca böyük işlər görülüb və son müşavirədə də bu məsələlərə toxunaraq ümumiləşmiş şəkildə öz münasibətini bildirdi. Burda əsas olan ölkə başçısının məsələyə kompleks şəkildə yanaşması, dünya təcrübəsini-ən qabaqcıl təcrübələri ölkəmizə tətbiq etməsidir. Kompleks şəkildə həyata keçirilən səhiyyə yönümlü, iqtisadi yönümlü və biznes yönümlü tədbirlərlə yanaşı ən əsası sosial yönümlü tədbirlər də həyata keçirildi.
Cənab prezidentin pandemiya ilə mübarizə tədbirləri başlayanda ilk öncə söylədiyi fikir bu gün də qüvvədədir və bundan sonra da nəinki Azərbaycanda hətta bütün dünyada çox gərəkli bir fikir kimi yaşayacaqdır: “Bizim üçün ən önəmli Azərbaycan vətəndaşının sağlamlığıdır”. Məlumdur ki, pandemiya dövründə bəzi ölkələr əsas diqqəti hansı sahəyə yönəldəcəyini, iqtisadiyyatı yoxsa insanların həyatını xilas etmələri haqqında çoxlu tərəddüdlər yaşadı. Məntiqlə düşünəndə hər ikisi də o qədər vacibdir ki, dövlətin necə deyərlər ayaqüstə qalması üçün hər iki məsələ vacibdir. Azərbaycan Prezidentinin söylədiyi “Azərbaycan vətəndaşının sağlamlığı bizim üçün prioritetdir və Azərbaycan vətəndaşının sosial rifah halı, sosial müdafiəsi bizim daxili siyasətdə həmişə öncül bir siyasətdir” fikri Azərbaycanın hansı yolu seçdiyini açıq şəkildə ortaya qoyur.
Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması ilə bağlı bu gün 46 klinika koronovirusla mübarizəyə cəlb olunub. Bu klinikaların yarısından çoxu cənab Prezidentin zamanında verdiyi fərman və sərəncamlarla tikilmiş və ən müasir tələblər üzərində yenidən qurulmuşdur. Ölkə başçısı modul tipli klinikaların qurulması ilə bağlı zamanında qərar verdi və bu gün demək olar ki, onların hamısı qurulub və vətəndaşların istifadəsinə verilib. Eyni zamanda yaxın keçmişdə FHN xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verilib. Bundan əlavə iki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi kimi addımlar da ölkə başçısının hətta ən kritik ssenari üçün belə hazırlıqlı olduğunu sübut edir.
Azərbaycanda 2020-ci ilin ilk yarısı demək olar ki, karantin rejimində keçdi. Buna baxmayaraq ölkədə 2018-2019-cu ildə həyata keçirilən islahatlar 2020-ci ildə də səngimədən davam etdi. Beləki, bu ilin 6 ayı ərzində sosial proqramlar ixtisarsız həyata keçirildi. Hər ay təxminən 2.3 milyona yaxın  vətəndaşa dayanıqlı şəkildə sosial dəstək tədbirləri göstərildi. Cənab prezidentin də qeyd etdiyi kimi, vətəndaşların, xüsusilə işsiz vətəndaşların sosial müdafiəsinin ön plana çıxması, qeyri-formal məşğulluqla məşğul olan insanların işsiz qalmaması, yaşayış minimumu həcmində vəsaitin ayrılması, ictimai işlərə cəlb olunması üçün haqqı ödənilən ictimai işlərin kvotasının iki dəfəyə yaxın artırılması- 90 minə çatdırılması - kimi mühüm addımlar atılıb. Sosial göstəricilərə nəzər saldıqda orta aylıq əmək haqlarının 6 ay ərzində 25 faizli, pensiyaların 27 faizli artımını müşahidə edirik.
Pandemiya ilə bağlı sosial sahədə görülən tədbirlərlə əlaqədar cənab prezidentin mövqeyi də belə oldu ki, ilin sonuna qədər bütün proqramlar davam etdirilməlidir və ölkə başçısı bu sahədəki proqramları genişləndirməyi qarşıya hədəf qoydu. Karantin rejiminin tətbiqi ilə əlaqədar gəlirini müvəqqəti itirmiş qeyri-formal sektorda çalışan aztəminatlı vətəndaşlar üçün də xüsusi bir proqram hazırlandı. Proqramın mahiyyəti 190 manat  yaşayış minimumu həcmində olmaqla bu kateqoriyadan olan şəxslərə ödənişin verilməsindən ibarətdir. Bir ay ərzində hazırlanan bu proqram sayəsində 100 minlərlə şəxs heç bir yerə getmədən və heç bir sənəd təqdim etmədən müvafiq qiymətləndirilmə prosesindən keçərək sözügedən müavinətlə təmin olundu. Aprel və may aylarında 600 min şəxsə ödənişlər həyat keçirildi ki, bu ödənişlərə dövlət tərəfindən 225 milyon manat vəsait sərf olunmuşdur. Bildiyimiz kimi iyun ayında karantin rejimi bir qədər yumşaldıldı, amma bu yumşaldılma nəticəsində bəzi rayonlarda yoluxmaların sayı artdı və bununla əlaqədar olaraq Operativ Qərargah ölkənin 16 şəhər-rayonunda Xüsusi Karantin Rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul etdi. Buna uyğun olaraq ölkə başçısının tapşırığına əsasən 290 min nəfərə təkrar bu ödənişin həyata keçirilməsi təmin edildi və bu məqsədlə 55 milyon manat vəsait istifadə olundu. Qeyd edək ki, 6 avqust tarixində koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə ölkə başçısı xüsusi karantin rejiminin davam etdiyi 13 şəhər və rayon üzrə ödənişlərin aparılması ilə bağlı  qərar qəbul etdi. Hesablamalara görə bu 270 min nəfəri əhatə edəcək və bu proqrama da 53 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulur. Ümumilikdə bu proqrama baxdıqda görərik ki, dövlət tərəfindən bu proqrama 330 milyondan yuxarı vəsait xərclənmişdir.
Həmçinin dövlət sektorunda çalışan 900 mindən çox vətəndaşın bir hissəsi karantin dövründə işləmədilər və ya növbəlilik əsası ilə, evdən  işlədirlər ki, onlar da tam həcmdə öz əməkhaqlarını ala bildilər. Özəl sektorda çalışan  300 minə yaxın vətəndaşın əməkhaqlarının tam və ya qismən şəkildə dövlət büdcəsi hesabına kompensasiyası təmin olundu. Beləliklə, deyə bilərik ki, pandemiya dövründə görülən kompleks tədbirlər öz nəticələrini verdi. İş yerlərinin böyük əksəriyyəti qorunub saxlanıldı, vətəndaşların sosial müdafiəsi təmin olundu və bu istiqamətdə işlər davam etdirilir.
Azərbaycanda sosial paketlə yanaşı iqtisadi paket də hazırlanıb və artıq tətbiq olunmaqdadır. Ölkə başçısının 6 avqust tarixli müşavirədə qeyd etdiyi kimi bu paketlər xeyli sayda vətəndaşımızın dövlətdən birbaşa yardım almasına şərait yaratdı. 300 minə yaxın fərdi sahibkara minimum 250 manatlıq, maksimum 5 min manatlıq dövlət yardımları həyata keçirildi. İqtisadi paket də sosial paket kimi dövlət dəstəyinin artırılması və dövlət yardımlarının həyata keçirilməsini özündə ehtiva etdi. Eyni zamanda iqtisadi paket birbaşa dövlət yardımı deyil eyni zamanda strateji olaraq sahibkarların və iqtisadiyyatın daha çox dəstəklənməsini nəzərdə tutur. Həmçinin birbaşa yardımlarla yanaşı iki mühüm iqtisadi paket də  təsdiq olundu. Onlardan biri vergi güzəştləri paketi idi ki, pandemiyadan əziyyət çəkən 20 fəaliyyət sahəsində çalışan sahibkarlara vergi güzəşti təklif edildi və bu tətbiq olunur. Bu paketdə əmlak və torpaq vergisinin sıfırlanması, icarə vergisinin və sadələşmiş verginin iki dəfə azaldılması, mənfəət və gəlir vergisinin güzəştlərinin tətbiq edilməsi kimi çox fərqli güzəştlər mövcuddur. Nəticə etibarilə sahibkarlara daha aşağı vergi güzəştlərindən hətta bəzi istiqamətlər üzrə sıfır dərəcədən istifadə etməklə xərclərinin  minimuma endirmək imkanı verildi. Eləcə də digər istiqamət üzrə güzəştli kredit portfelinin tətbiqi sahibkarlara yarım milyard manatlıq güzəştli kreditin təqdim edilməsinə imkan yaratdı. Sahibkarlara təqdim edilən 500 milyon manatlıq güzəştli kredit paketinin 60 fazinə dövlət zəmanət verdi. Eyni zamanda kredit fazilərinin yarısı yəni 50 faizi dövlət tərəfindən kompensasiya olunur. Bu paket həqiqətən də çox şaxəlidir. Belə ki, bir tərəfdən sahibkarın əldə etdiyi güzəştli kreditə dövlət zəmanəti var, digər tərfədən isə sahibkar kredit faizinin cəmi 50 faizini ödəyir.
Bu gün Azərbaycanın maliyyə imkanlarının və eyni zamanda pandemiyaya iqtisadi baxımdan çevik reaksiya verməsinin əsas səbəblərindən biri əvvəlki illərdə aparılan iqtisadi islahatlardır. Xüsusən də kölgə iqtisadiyyatına qarşı mübarizə, qeyri-formal məşğulluğun rəsmiləşdirilməsi ilə bağlı son illər aparılan islahatlar nəticə etibarilə 2020-ci ildə məhz sadalanan tədbirlərin həyata keçirilməsi üçün maliyyə bazası formalaşdırdı. Qeyri-formal məşğulluğun rəsmiləşdirilməsi, məşğulluq sektorunun ağardılması və iqtisadiyyatın ağarması prosesi həmçinin büdcə gəlirlərinə də təsir göstərir. İqtisadiyyat ağardıqca, şəffaflaşdıqca sahibkarlıq subyektləri bu güzəştlərdən daha çox faydalanmaq, paketlərdən daha aktiv istifadə etmək imkanları qazanır. Bu isə sahibkarların bir tərəfdən birbaşa maliyyə dəstəyi ilə dəstəklənməsinə, digər tərəfdən güzəştli paketlərin tətbiq olunması yolu ilə onların güzəştli kredit imkanlarına çıxışının artırılmasına və bütövlükdə xərclərinin azaldımasına şərait yaratdı. Bu da təbii ki, pandemiya dövründə iqtisadi sektora dövlət dəstəyinin güclənməsindən xəbər verir.
2020-ci ilin dövlət büdcəsi təsdiq olunan zaman ümumiyyətlə pandemiya məsələsi gündəmdə deyildi. Bəlkə də pandemiya olmasaydı bugün büdcənin tətbiqini müzakirə edər, büdcənin artıq gələn gəlirlərini aidiyyəti üzrə istiqamətlərə xərclənməsindən danışılardı. Çox təəssüf olsun ki, heç kəsin gözləmədiyi, proqnozlaşdırmadığı pandemiya dünyanın iqtisadi-sosial planlarını alt-üst etmiş oldu. Amma Azərbaycanda iqtisadiyyatın balanslı şəkildə idarə olunması bu proseslərdən kifayət qədər az itki ilə çıxmağa imkan verir. Cənab Prezidentin vaxtında apardığı kompleks tədbirlər ölkə iqtisadiyyatının həddən artıq zərər çəkməsinə imkan vermədi. Bu ilin birinci yarısında ölkənin iqtisadi göstəricilərində o qədər də geriləmə müşahidə edilmədi, xüsusilə birinci rübdə çox yaxşı iqtisadi göstəricilər əldə olundu.
Daha irəli bir perspektivə ilin ikinci yarısı və hətta gələn ilə baxsaq ölkə büdcəsinin optimallaşdırılması və daha ehtiyatlı bir büdcə tənzimlənməsi üçün çox vacib bir zərurət vardı. Bu ilin büdcəsi qəbul olunan zaman neftin qiyməti optimal olaraq 55 dollardan götürülmüşdü. Ancaq 2020-ci ilin aprel ayında neftin qiyməti çox ciddi şəkildə aşağı düşdü və bunu nəzərə alan rəsmilərimiz büdcəyə olan dəyişiklikdə neftin qiymətinin 35 dollardan götürülməsinə qərar verdi.
Qeyd edək ki, büdcədə 0.8 faizlik azalma var, amma bu azalma sosial müdafiə və sosial təminatı heç bir şəkildə məhdudlaşdırmayacaq, insanlar pensiyalarını, müavinətlərini, təqaüdlərini vaxtı-vaxtında olduğu məbləğdə alacaqlar. 6 avqust tarixli müşavirədə cənab prezident qarşıya tamam başqa bir məqsəd də qoydu ki, hətta koronovirus pandemiyası dövründə belə sosial müdafiəyə ehtiyacı olan şəxslərin, ailələlərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində işlər görülməlidir. Məcburi köçkünlərin mənzillə təminatı, şəhid ailələrinin, Qarabağ  müharibəsi veteranlarının, əlillərinin mənzillə təminatı ötən ildəkinə nisbətən daha geniş layihələr şəklində həyata keçirilməlidir. Ehtiyacı olan şəxslərin minik avtomobilləri ilə təminatı, reabilitasiya vasitələri ilə təmin olunması bu il də davam edəcəkdir. Yəni bu proqramların heç birində məhdudlaşma olmayacaq. Büdcədə edilən dəyişiklik sosialyönümlü tədbirlərə heç bir şəkildə təsir göstərməyəcək. Bu ilin büdcəsi bir qədər ehtiyatlı olsa da tam balanslaşdırılmış büdcədir və ona yenidən baxılmasının əsas mahiyyəti ondan ibarətdir ki, ilin sonuna qədər qarşıya qoyulan bütün sosial-iqtisadi proqramlar kəsirsiz olaraq yerinə yetirilsin.
6 avqust tarixli müşavirə zamanı Prezident İlham Əliyev dövlət şirkətlərində itkilərin dövlət hesabına aradan qaldırılması tendensiyasına son qoyulması məsələsinə də toxunmuşdur. Məlumdur ki, dövlət şirkətlərinin ölkə iqtisadiyyatında xüsusi çəkisi var və bəzi qurumların büdcə vəsaitlərindən səmərəsiz istifadəsi ölkə başçısının da qeyd etdiyi kimi “Azərbaycan iqtsiadiyyatını aşağı aparır”. Bunu nəzərə alan dövlət başçısı dövlət şirkətlərinin və müəssisələrinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə 7 avqust 2020-ci il tarixində “Azərbaycan İnvestisiya Holdinqi “ publik hüquqi şəxsin yaradılması ilə bağlı müvafiq Fərman imzaladı. Şübhəsiz ki, AİH dövlətə məxsus payı olan şirkət və müəssisələrin fəaliyyətində müsbət dəyişikliklər yaradacaq və ölkəmizdə liberallaşma prosesinin başlanğıcına start verəcək.
Bu gün məhz pandemiya dövründə xüsusilə cəmiyyətin həssas təbəqəsinə göstərilən və bundan sonra da göstəriləcək qayğı ilə bağlı müşavirədə cənab Prezident mühüm məqamlara toxundu. Pandemiya ilə əlaqədar müəyyən ciddi məhdudiyyətlər var, lakin buna baxmayaraq ölkə başçısının mövqeyi bundan ibarətdir ki, burda insan amili önə çəkilməli, heç bir sosial xarakterli proqramların azalmasına yol verilməməli və əksinə bu proqramların əhatə dairəsi genişləndirilməli və gücləndirilməlidir. Bəli, bundan da bir daha aydın olur ki, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil təminatı proqramı hər zaman ölkə başçısının diqqətindədir. 2018-ci ildən başlayaraq bu proqramın əhatə dairəsi genişləndirilmişdir. Belə ki, 2018-ci ildə bu proqram 3 dəfədən çox genişləndirilib-626 vətəndaşa mənzil verilib, 2019-cu ildə isə bu proqram 50 faizə yaxın genişləndirilidi- 934 vətəndaş mənzillə təmin edildi, bu il isə ölkə başçısının qarşıya qoyduğu hədəf kimi bu proqrama cəlb olunan vətəndaşların sayı-1500-ə çatdırılacaq ki, bu da  rekord göstəricidir. Ümumilikdə isə sosial sahə ilə bağlı görülən tədbirlərə baxsaq pandemiya dövründə dövlət tərəfindən görülən tədbirlərlə 5 milyona yaxın vətəndaşı əhatə edən sosial paketin təsdiqlədiyini görərik. Dünyada ikinci belə bir ölkə yoxdur ki, pandemiya dövründə ölkə əhalisinin 50 faizinə birbaşa dövlət dəstəyi göstərilsin.
Bütün bu tədbirlərə nəzər salanda aydın olur ki, ölkədə həyata keçirilən məqsədyönlü siyasətin mərkəzində şəffaflıq, sosial ədalətin bərpası ilə bağlı məsələlər durur. Ölkənin əldə etdiyi maliyyə vəsaitləri məhz əhalinin sosial müdafiəsinin, əhalinin gəlirlərinin təmin olunmasının, əhalinin məşğulluğu ilə bağlı tədbirlərin müəyyənləşdirilməsinə yönəldilir. Beləliklə, ölkə başçısı tərəfindən görülən tədbirlər bizə deməyə imkan verir ki, ölkədə çox ciddi sosial müdafiə və təminat sistemi yaradılıb, bu sistem dayanaqlıdır və əhalinin etibarlı müdafiəsini təmin edir.

İsmayıl Əliyev,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini

Keçidlər