Şriftin ölçüsü :

Saytın rəngi :

Milli maraqlarımızın qorunması ilə bağlı daha bir qətiyyətli addım

13 avqust 2020 | 11:00
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətindəki hərbi təxribatlarına Azərbaycan Ordusu sərt cavab verməklə işğalçı ölkəni məğlub duruma saldı. Əslində, Ermənistanın indiki avantürist rəhbərliyi burada böyük oyun oynamaq istədi və Azərbaycanı onun da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), xüsusilə də Rusiya ilə qarşı- qarşıya gətirmək istədi. Lakin həm Rusiya, həm də KTMT-nin digər üzvləri Ermənistanın bu oyununa nəinki getmədi, hətti bəzi üzv dövlətlər bizim mövqeyimizi dəstəklədi.
Əslində, Tovuz döyüşləri geosiyasi durumda da bir çalxalanma yaratdı və xüsusilə qardaş Türkiyənin Azərbaycana çox ciddi hərbi və siyasi dəstək verəcəyi ilə bağlı bəyanatları Ermənistanda narahatlıqla qarşılandı. Hətta iki ölkənin hərbi qüvvələrinin birgə təlimləri işğalçı ölkəyə çox sərt təpki oldu.
Ancaq bununla belə, Ermənistan Azərbaycana qarşı silahlanmanı bu gün də davam etdirir. Bu həm də çox vaxt qeyri-leqal şəkildə, beynəlxalq konvensiyalara zidd bir tərzdə reallaşır. Ötən həftə həm Serbiyadan, həm də Rusiyadan Ermənistana böyük həcmdə silah daşınıb. Serbiya buna görə Azərbaycana nümayəndə heyəti göndərərək üzrxahlıq etdi.
Avqustun 12-də Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edərək onunla məhz bu və digər narahatedici məqamlardan danışmışdır. Ölkəmizin başçısı iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat vermişdir. Azərbaycan Prezidenti Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizin həlak olduğunu vurğulamışdır. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirmişdir.
Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd etmişdir.
Ermənistanı silahlandırmaq həm beynəlxalq hüquq normalarına ziddir, həm də işğalçıya dəstək verməkdir.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırmışdır.
Ölkəmizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edilməklə bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdır.
Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın gündəliyinə aid məsələlər müzakirə edilmiş və Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunmuşdur. Prezident İlham Əliyev Vladimir Putini Rusiyada COVID-19-a qarşı peyvəndin qeydiyyata alınması ilə bağlı təbrik etmişdir.
Prezident İlham Əliyevin Rusiyanın dövlət başçısına məhz indiki mürəkkəb bir dövrdə zəng etməsi və işğalçı Ermənistanı ciddi faktlarla ifşa etməsi bir daha göstərdi ki, ölkəmizin başçısı beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla qoruyur. Eyni zamanda, Azərbaycanın milli maraqlarına zidd olan hər bir məsələ nəinki Prezident İlham Əliyevin xüsusi nəzarətindədir, hətta dövlətimizin başçısı bu tip məsələlərin milli maraqlarımıza uyğun həlli istiqamətində prinsipial mövqe ortaya qoymağı bacarır.
Qeyd edək ki, Rusiyanın Ermənistanı silahlandırması faktı həmişə olub və bu gün də davam edir. Xatırlayırsınızsa hələ 1995-ci ildə Rusiya Ermənistana 1 milyard dollarlıq silah hədiyyə etmişdi, onların içində 300 km-lik məsafəsi olan «SKUD-B» raketləri də var idi. O zaman Azərbaycan hakimiyyəti buna qarşı etirazını bildirdi, lakin daha sonrakı illərdə raketlərin satışı davam etdirilirdi.
Daha sonra 2015-ci ildə imzalanan kredit müqaviləsi çərçivəsində 2016-cı ildə Rusiya Ermənistana «İskəndər» raket kompleksləri, «TOS 1A» ağır odatanları, «Smerç» yaylım atəşli reaktiv sistemləri və onların döyüş maşınları, nəqliyyat avtomobilləri və digər texniki vasitələr, eləcə də atıcı silahlar və helikopterlərin satışını həyata keçirdi. Bu müqaviləyə əlavə olaraq Ermənistan 4 ədəd «Su-30SM» qırıcısı, eləcə də bu təyyarələrin aerodrom avadanlıqları və
təyyarələr üçün uzunmənzilli antiradar raketlərini sifariş verdi. Bu təyyarələr sentyabr ayında ilk uçuşlarını reallaşdırdı, hazırda isə onlar Ermənistan Hava Qüvvələrinin tabeliyində fəaliyyət göstərir. Bununla yanaşı, təyyarələr üçün olan aviasiya bombaları, «X-31» antiradar raketləri, «Tor2-KM» zenit-raket kompleksləri Ermənistana çatdırıldı. Bundan əlavə, Ermənistan Rusiyaya özüyeriyən minaatan sistemlərini də sifariş verib.
Burada bir önəmli məsələyə də diqqət yetirilməlidir ki, 1990-cı illərin ortalarından başlayaraq Rusiyanın Ermənistanı silahlandırması davam edib. Hətta bu barədə general-mayor Lev Roxlin 1997-ci il aprelin 2-də Dövlət Dumasının qapalı iclasında ifşa xarakterli çıxış edərək Rusiya siyasi rəhbərliyini ciddi şəkildə tənqid etmişdi.
Bundan başqa, bir müddət əvvəl Yerevan və Moskva arasında imzalanmış kredit sazişi üzrə Rusiyanın Ermənistana 200 milyon dollar dəyərində silah tədarükü başa çatdırılıb. Bu barədə jurnalistlərə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib: «Müasir silahlar tədarük edilib. İstisna deyil ki, bu cür silahlar heç Rusiya ordusunun özünün arsenalında yoxdur.»
David Tonoyan əlavə edib ki, dost münasibətləri olan Ermənistan və Rusiya arasında bir çox müqavilələr bağlanılsa da, lazım gəldikdə sazişlərdəki bəzi müddəalar yenidən nəzərdən keçirilə bilər. Qeyd edək ki, 200 milyon dollar dəyərində Rusiya istehsalı olan silahların alınması üçün nəzərdə tutulmuş qeyd olunan kredit sazişi (illik 3 faizlə) iki ölkə arasında 2015-ci ilin iyununda imzalanıb.
Türkiyə də Minsk qrupunun həmsədr dövləti olmalıdır
Bütün bu faktlar bir daha təsdiq edir ki, Rusiyanın Ermənistanı silahlandırmağa davam etməsi işğalçı ölkəyə dəstəkdir. Belə silahlandırma isə münaqişənin beynəlxalq
hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir və bu fakt mövcud status-kvonun saxlanmasına xidmət edir.
Təbii ki, acınacaqlı və aciz durumda olan Ermənistan bu gün həm hərbi istiqamətdə, həm də iqtisadi sferada Azərbaycandan ciddi zərbələr alıb və almaqda da davam edir. Məhz 2020-ci ilin iyulunda Tovuz döyüşlərində məğlub duruma düşən Ermənistana buna görə də silahlar pulsuz verilir.
Bir daha aydın olur ki, Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT-in Minsk qrupunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin «Böyük səkkizliy»in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməzliyi prinsipinə ziddir.
Ermənistanın Tovuz sərhədindəki hərbi təxribata və onun ciddi şəkildə silahlanmasına hələ də susqunluğunu davam etdirən ATƏT-in Minsk qrupu bir daha göstərdi ki, bu beynəlxalq qurum uzun illərdir üzərinə götürdüyü vəzifə və öhdəlikləri hələ də yerinə yetirə bilmir. Bu qurum bir çox hallarda ya ikili standartlara yol verir, ya da ki, açıq şəkildə ermənipərəst mövqe tutmaqla işğalçıya dəstək verir.
Təbii ki, artıq bu rəzilliyə bir son vermək lazımdır. Xüsusilə buna görə də ATƏT-in Minsq qrupu buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalıdır. Ən ədalətli mövqe və tələb isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə Türkiyənin də Minsk qrupuna həmsədr üzv kimi qoşulmasıdır.

Elçin Zaman, «İki sahil»

Keçidlər