Şriftin ölçüsü :

Saytın rəngi :

İşğalçını kimlər və nə üçün silahlandırır və yaxud Azərbaycanın Tovuz qələbəsi kimlərin gözünə batır?!

17 avqust 2020 | 11:00
Azərbaycanın parlaq qələbəsi ilə bitmiş Tovuz döyüşləri Qarabağ konfliktinin tezliklə və ədalətli həllinin nə dərəcədə vacib, böyük müharibənin isə nə dərəcədə real olduğunu qabarıq şəkildə göstərdi. Əlbəttə ki, burada söhbət bölgədə ədalətli sülh və daimi sabitliyin, nəhayət ki, bərqərar olmasından gedir. Bunun isə bir yolu var - beynəlxalq hüququn təməl prinsiplərinə hamının, öncəliklə işğalçı Ermənistanın, sonra isə konfliktin aradan qaldırılmasında marağı olan digər dövlətlərin qeyd-şərtsiz riayət etməsi!
Təəssüf ki, iki ölkə sərhəddində son toqquşmalar bu hədəfin əlçatanlığının xeyli problemlərlə bağlı olduğunu nümayiş etdirdi. Səbəb isə üzdədir - bir sıra maraqlı dövlətlər hələ də Qarabağ münaqişəsinə ilk növbədə regionda möhkəmlənmək vasitəsi kimi, siyasi və iqtisadi dividendlər, ilk növbədə silah satışından qazanc mənbəyi kimi baxır.
Qonşu Rusiya isə bu gün də işğalçı Ermənistanı yalnız özünün forpostu və vassalı kimi qəbul edir. Bu vəziyyətindən məmnun görünən Ermənistan hələ 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə yaranan və Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir.
Təsadüfi deyil ki, Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxstan, Qırğızstan və Tacikstan ilə inkişaf etdirməyə çalışır. Təcavüzkar ölkənin Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb.
Təcavüzkarın dişinə-dırnağına qədər silahlandığını faktlar da sübut edir. Almaniyada fəaliyyət göstərən “BonnInternational Centerfor Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, Ümumi Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb.
Faşist Njdeni ideallaşdıran Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biri də odur ki, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib.
Ölkəmizdən daim dəstək görən Serbiyanın hərəkətləri cəmiyyətimizdə anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu. Başqa cür ola da bilməzdi. Həqiqətən də, çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərdi. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib.
Xoşagəlməz faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin reaksiyası özünü çox gözlətmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirilib.
Məsələyə münasibət bildirən Serbiyanın Ticarət və Telekommunikasiya naziri Rasim Ljajic bildirib ki, Bakının beynəlxalq təşkilatlardakı səsi Serbiya üçün olduqca vacibdir. Biz indi Azərbaycan hakimiyyətinin nümayəndələriylə danışmalı və bu vəziyyətin hər hansı bir şəkildə əlaqələrimizə xələl gətirməsinə imkan verməməliyik, əlimizdən gələni etməliyik ki, gələcəkdə bənzər hallara yol verilməsin.
Bunun ardınca avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət edib. O jurnalistlərə deyib ki, mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasiyaların mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik.
İctimaiyyətə məlum olmuş son faktlardan biri də odur ki, sən demə, Tovuzda qızğın döyüşlər getdiyi vaxt Rusiya hərbi nəqliyyat təyyarələri vasitəsilə təcavüzkar Ermənistana müasir silahlar çatdırıb. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də işğalçı Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb.
Ən yaxın yol qonşu Gürcüstan üzərindən olmasına baxmayaraq (500km) bu ölkə silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan marşrutu ilə (2000km-dən artıq) 3 xarici ölkə üzərindən İL-76 laynerləri ilə həyata keçirilib.
Xüsusi qeyd edilməlidir ki, bu ölkələrdən Qazaxıstan və Türkmənistan türkdilli ölkələrdir və Azərbaycanla yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər. Çox təəssüf doğuracaq faktdır. Özünü “müsəlman” və “qardaş” adlandıran İran İslam Respublikasının dövlətimizə qarşı xəyanətkar hərəkətlərindən isə artıq danışmağa belə dəymir –İranın fitnəkar və xəyanətkar hərəkətləri göz qabağındadır.
Azərbaycanı “yaxın” və “qardaş” ölkə adlandıran daha bir qonşu dövlət - Rusiya son günlərdə Ermənistana xeyli silah verib. Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və onları pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür.
Minsk Qrupunun həmsədri olan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə çalışdığına ən yüksək çinli dövlət xadimlərinin dili ilə az qala “and içən” Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır ki, bu da Ermənistana olduqca ucuz başa gəlir. 1997-ci ildə Rusiyanın faşist Ermənistana 1 milyard dollarlıq, 2009-cu ildə isə 800 milyon dollarlıq silah-sursat “bağışladığını” yada salsaq, işğalçı ölkənin bu günlərdə aldığı silahların da pulunu haçansa ödəyəcəyinə şəxsən mən çox şübhə edirəm.
Eyni zamanda Rusiyanın terroru dövlət siyasəti səviyyəsinə qaldırmış Ermənistana hansı əsaslarla silah satdığı da məlum deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin KİV-lərində heç bir məlumata rast gəlinmir. Deyəsən bu da həqiqətən “bağışlama” məsələsinə oxşayır...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.
Eyni zamanda Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib. Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğu Rusiya Prezidentinin diqqətinə çatdırılıb.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Çox ümid edirik ki, qarşı tərəf, eləcə də işğalçıya yol açan digər qonşularımız qaldırılan məsələlərə aydın, anlaşıqlı və sağlam məntiqə uyğun cavab tapa biləcəklər...

İLQAR MƏMMƏDLİ,
Dövlətqaçqınkomun Pirallahı rayon sektorunun müdiri

Keçidlər