Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan silahlanma prosesini qeyri şəffaf şəkildə həyata keçirməyə davam edir

21 avqust 2020 | 11:00
Xaricdəki erməni diasporunun və ermənipərəst qüvvələrin dəstəyindən maksimum şəkildə yararlanan rəsmi İrəvan silahlanma prosesini qeyri şəffaf şəkildə həyata keçirməyə davam edir.
Azərbaycanla Ermənistan arasında 12 iyul tarixində başlayan və bir neçə gün davam edən hərbi toqquşmalar bir sıra maraqlı məqamlarla yadda qaldı.
Ermənistan silahlı qüvvələrinin təchizatı və yenidən silahlanması məqsədilə qanunsuz hərbi layihələr həyata keçirən və beləliklə sürətlə silahlandırılan Ermənistan Avropada Adi Silahlı Qüvvələr Haqqında Sazişlə müəyyənləşmiş balansı kobud surətdə pozur. Bu isə öz növbəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli və Cənubi Qafqazda sabitlik üçün təhlükə törədir. Təbii ki, Azərbaycan ordusunun gücü həm də onun şəxsi heyətinin mənəvi-psixoloji durumunun yüksək səviyyədə olması təcavüzkar Ermənistan dövlətini ciddi şəkildə narahat edir və onların qanunsuz silahlanma yoluna əl atmaları Ermənistan dövlətinin qorxaq və aciz hərb siyasətinin daha bir bariz təzahürüdür. Azərbaycan dövləti isə hər zaman olduğu kimi öz sülh və sabitliyini, eyni zamanda bölgədəki sülhün qorunması üçün uğurlu hərb siyasətini yürüdərək Cənubi Qafqazda vəziyyətin gərginləşməsinin tərəfdarı olmadığını nümayiş etdirir. Silahlı qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev bununla bağlı çıxışlarında dəfələrlə bildirmişdir ki, işğalçı Ermənistan öz təcavüzkar və qanunsuz əməllərini yerinə yetirərək bölgədəki sabitlik və inkişafa, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ciddi şəkildə məneə törədir.
Tovuz hadisələri zamanı Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etdi amma bunun heç bir məntiqə sığmadığı aydındır. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində heç bir hərbi məqsədimiz yoxdur. İndiyə qədər olmayıb, bundan sonra da olmayacaq. Bu iddiaların hamısı altı boş və vəziyyətdən çıxmaq üçün Ermənistan rəhbərliyi tərəfindən uydurulmuş yalanlardı. Bunu dünya ictimaiyyəti də dərk edir. Belə ki, bu Nikol Paşinyan BBC telekanalında yayımlanan "HardTalk" verilişinin qonağı olanda bir daha bəlli oldu. Verilişin aparıcısının "Siz son münaqişəni Azərbaycanın başladığını iddia edirsiniz, qarşı tərəf isə əksini deyir, bu verilişdə bunu aydınlaşdıra bilməyəcəyik. Ancaq aydın olan odur ki, Siz buna qədər vəziyyəti gərginləşdirən bir sıra təxribat xarakterli addımlar atmısınız. Məsələn, niyə ötən ilin avqustunda siz Stepanakertə (Xankəndi -red.) səfər edib çıxışınızda "Artsax Ermənistandır" demisiniz? Bu, açıq aşkar Azərbaycana qarşı təxribat idi" sualına cavabda erməni Baş Nazir sualdan yayınmağa çalışıb və daha sonra onun verdiyi cavab aparıcını heç də qane etməyib. "Mən ona görə "Artsax Ermənistandır" demişəm ki, Dağlıq Qarabağda min illər boyu ermənilər məskunlaşıb və Artsax adı minilliklərlə tarixə sahibdir". Buna cavab olaraq isə aparıcı "Biz sizin tarixinizin minilliklərini indi araşdıra bilmərik, edə biləcəyimiz bu günün reallıqlarına baxmaqdır. BMT Baş Assambleyasının münaqişə ilə bağlı 4 qətnaməsi, hansı ki, işğal olunmuş Azərbaycan torpaqlarından bütün Ermənistan hərbi qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edir, pozmusunuz. Beynəlxalq hüquqa görə sizin qüvvələr işğal həyata keçirir və siz ora gedib bu ərazilərin sizə aid olduğunu elan edirsiniz. Aydındır ki siz sülh qurucusu deyilsiniz" deyə bildirib.
Bəli bu qısa sual cavabdan da aydındır ki, dünya ictimaiyyəti artıq reallığı görür və qəbul edir. Ermənistan rəhbərliyi bundan nə qədər yayınmağa çalışsa da, onların işğalçı mahiyyəti artıq gün kimi ortadadır.
Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biri də odur ki, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib.Vurğulamaq lazımdır ki, Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu. Bu da əlbəttə ki, gözləniləndir. Çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Cəmi bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərib. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Qarşılığında isə eyni hərəkəti Serbiyadan da gözləmək bizim haqqımızdır. Müttəfiq olaraq qəbul etdiyimiz, bir çox sahədə əməkdaşlığımız olan ölkədən bizim ərazi bütövlüyümüzə qarşı addım atılması bizi məyus etdi, təəssüfləndirdi. Bu faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin reaksiyası da özünü çox gözlətmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili DanitsaVeinoviç, Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və XİN tərəfindən Serbiyanın qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu onun diqqətinə çatdırılıb. Serbiyanın hakim dairələrinə çatdırılan etirazdan çox keçməmiş - avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, vəziyyətin araşdırılması ilə bağlı Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Telefon zənginə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycanın hərbi və mülki mövqelərini atəşə tutması zamanı Serbiya istehsalı olan hərbi sursatlardan istifadə etməsi faktı Azərbaycan cəmiyyəti tərəfindən narahatlıqla qəbul edilib və bu atəşin nəticəsində hərbi qulluqçularımız və o cümlədən mülki şəxsimiz həlak olub. Dövlət başçısı Serbiya Prezidentinin faktın araşdırılması və əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi üçün yüksək səviyyəli nümayəndə heyətinin göndərilməsi barədə qərarı ilə bağlı məmnunluğunu ifadə edib.
Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət edib. O jurnalistlərə müsahibəsində bildirib ki,  mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq.
Aydındır ki, Ermənistana silah satan tək ölkə Serbiya deyil. Rusiya da Ermənistanın ən ciddi silah tədarükçüsüdür.
Ümumiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başladığı ilk günlərdən Rusiya Ermənistana müxtəlif formalarda dəstək olub. Rəsmi Moskvanın silah-sursat, canlı qüvvə, siyasi və maliyyə formasında verdiyi bu dəstək olmasaydı Ermənistan Azərbaycan ərazilərini işğal edə və onu 30 il işğal altında saxlaya bilməzdi.
Yenidən bugünə qayıdaq. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür.
Üstəlik, Rusiyanın Ermənistana verdiyi dəstək bununla da yekunlaşmır. Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır ki, bu da Ermənistana olduqca ucuz başa gəlir. Qeyd edək ki, Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı da məlum deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında iki ölkənin kütləvi informasiya vasitələrində də heç bir məlumata rast gəlinmir.
Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanda ciddi narazılıqlara səbəb olub. Çünki, rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədridir. Yəni, Rusiya münaqişənin danışıqlar yolu ilə nizamlanması istiqamətində fəaliyyət göstərməlidir, münaqişə tərəflərindən birinə haqsız üstünlük verməli deyil. Burada daha bir diqqətçəkən məqam isə Rusiyanın bir sıra silahları Azərbaycana satmaqdan imtina etdiyi halda, həmin silahları Ermənistana verməsidir. Bu da onu göstərir ki, rəsmi Moskva münaqişə tərəflərindən birinin yanındadı, onu hər cür müdafiə edir, silahlandırır və digərinin üzərinə göndərir. Belə olan halda Rusiyanın bu siyasətinin ölkəmizdə narazılıqla qarşılanması başa düşülən və qəbul olunandır.
Bu məsələ ilə bağlı avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini də artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.
Dövlət başçımız Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu da qeyd edib. Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdıran cənab İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Beləliklə, faktlar ortadadır. Bütün bu faktlar ortaya çıxandan sonra Rusiya tərəfsiz vasitəçi statusunu tamamilə itirib.
Sonda bir daha vurğulamaq istərdim ki, hətta bütün dünya qarşımızda dayanaraq, düşməni müdafiə etsə belə biz öz prinsipial və haqlı mövqeyimizdən əl çəkməyəcəyik. Qarabağ tarixi Azərbaycan torpağıdır və biz gec-tez öz torpaqlarımıza qayıdacağıq. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Vüqar Nəsirov
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər