Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan Avropada ən çox silahlanmış dövlətdir

23 avqust 2020 | 11:00
Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Bu barədə məlumatlar BICC-nin hazırladığı “Qlobal Hərbləşdirmə İndeksi” məruzəsində də öz əksini tapıb. Region üçün bunun necə təhlükəli olduğu isə artıq hamıya məlumdur. Ermənistan regionda Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı əsassız ərazi iddiasında olan, eləcə də Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayan, işğalçılığı dövlət siyasəti səviyyəsində qəbul edən bir ölkədir və onun silahlandırması regionda qarışıqlıqdan başqa heç nə vəd etmir.
Məlumdur ki, Ermənistanın əsas silah təminatçısı və dəstəkçisi Rusiyadır. Bu, faktlarla təsdiq olunmuş məsələdir və heç bir şübhəyə yer qoymayan faktdır. Ermənistanın Rusiya tərəfindən silahlandırılması, yaxud, Rusiyadan silah alması elə Ermənistanın dövlət müstəqilliyinin yaşı qədərdir. Belə ki, Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurmuş və 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmuşdur. Beləliklə, Rusiya hər zaman, hətta Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başladığı ilk günlərdən Ermənistana müxtəlif formalarda dəstək olmuşdur.
Tovuz təxribatından sonra da Rusiya, Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə etməklə Ermənistana 400 ton hərbi təyinatlı yük göndərib. Bu addım regionda sülhə və təhlükəsizliyə nəinki xidmət etmir, əksinə çox təhlükəli bir vəziyyət yaradır. Rusiyanın işğalçını silah-sursatla təchiz etməsi ilk növbədə onun ATƏT-in Minsk qrupunun həmsədri statusuna ziddir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi bitərəf mövqedə dayanmalı və münaqişə tərəflərini daim sülhə və sabitliyə dəvət etməlidir. Reallıq isə tamamilə fəqli bir mənzərədən ibarətdir. Düşmənin hücuma başlamasından 5 gün sonra, iyul ayının 17-dən etibarən, avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Silahların daşınması üçün ən kəsə yol Gürcüstanın hava məkanı və ya quru yolu ilə daşınma olsa da, qonşu Gürcüstan silahların özünün hava və ya quru sərhədini keçərək daşınmasına icazə verməyib. Bundan sonra təyyarə reysləri Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Burada da diqqət çəkən məqamlar mövcuddur. Bu ölkələrdən Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər.Bu da əlbəttə ki bizdə dərin təəssüf yaratdı. Xəzər qonşularımız Qazaxıstanla, Türkmənistan, habelə milyonlarla soydaşımızın vətəni olan İran, hər üç ölkədən daha kiçik, daha az imkanlara sahib olan və Rusiya ilə problemlər yaşayan Gürcüstanın bu məsələdə göstərdiyi dəyanəti göstərə bilməyib. Həqiqətən də təəssüfləndirici faktdır.
Bu faktla əlaqədar ölkə başçımızda öz mövqeyini bildirmək üçün Rusiya Federasiyasının prezidenti Vladimir Putinə telefonla zəng etmiş və etirazını bildirmişdir.
Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb və Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirmişdir. Bundan əlavə, Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.
Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu bildirən Prezident İlham Əliyev telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biri də odur ki, döyüş başlamazdan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi müddətdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib.
Əlbəttə, Serbiyanın bu hərəkətləri cəmiyyətimizdə qəzəblə və suallarla qarşılandı. İndiyə qədər müttəfiqimiz olaraq qəbul etdiyimiz bir ölkənin düşmənin silahlandırılmasında iştirak etməsi bizi həm təəccübləndirdi, həm də məyus etdi. Həqiqətən də Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib, məsələn, bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərdi. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımayan ölkələrin siyahısındadır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib.
Bu səslü-küylü faktla əlaqədar olaraq, Azərbaycan hökuməti də adekvat reaksiya göstərdi. Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı və Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirildi.
Azərbaycan hökumətinin rəsmi etirazından sonra avqustun 7-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək Tovuzdakı hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirdi və vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etdi. Və Serbiya Baş nazirinin müavini – Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Bakıya gəldi, burada danışıqlar aparıldı.
Beləliklə, bir daha aydın oldu ki, Serbiya üçün Azərbaycanla dostluq və bu dostluğu qorumaq həssas və vacib məsələdir. N.Stefanoviçin Bakıda olarkən, jurnalistlərə “Mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq”  deməsi də bunun aydın ifadəsidir.
Sonda bir daha qeyd etmək istərdim ki, Tovuz hadisələri hər birimizə göstərdi ki, nə beynəlxalq təşkilatlar, nə müttəfiq ölkələr, nə də başqa ümid olunacaq nəsə var. Biz bugün başqa heç nəyə güvənmədən, sadəcə özümüzə, Ali Baş Komandanımıza və əsgərimizə güvənərək irəliləməliyik. “Ümid sənədir ancaq, Azərbaycan əsgəri”- deyib, silahlı qüvvələrimizi gücləndirməli, silahlanmaya yeni, yerli və xarici çağdaş silahlar qəbulunu davam və inkişaf etdirməli, hərbçilərimizin təhsilini artırmalıyıq. Heç vaxt unutmamalıyıq ki, bizim mövqeyimiz haq mövqeyidir və biz gec və ya tez haqqımız olanı alacaq öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Loğman Müslümov

Keçidlər