Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanı silahlandıran ölkələrin əsl niyyəti...

25 avqust 2020 | 11:00
Dünya ölkələrinin bütün beynəlxalq hüquq prinsiplərini pozaraq işğalçılıq siyasəti yürüdən və qonşu ölkələrə qarşı ərazi iddiası ilə çıxış edən Ermənistana silah satması beynəlxalq sülhə, sabitliyə və təhlükəsizliyə ciddi təhdid yaradır.
Dünyadakı bütün ölkələrin regional sabitlikdən və beynəlxalq sülhdən dəm vurduğu bir vaxtda işğalçını silahlandırmağa qarşı heç bir bəyanatın verilməməsi həmin ölkələrə qarşı dərin şübhələrin yaramasına səbəb olur. Deməli bir çox hallarda beynəlxalq prinsiplər şəxsi mənfəətlərdən daha az əhəmiyyət kəsb edən məsələyə çevrilir. Çünki aydındır ki, işğalçını silahlandırmaq həmin regionda gərginliyin artmasına, insan tələfatına və dolayısıyla da beynəlxalq hüquq prinsiplərinin pozulmasına gətirib çıxaracaq.
Bəli dəqiqliklə deyə bilərik ki, Ermənistanın silahlanması bölgədə və dünyada sülhün, sabitliyin bərqərar olmasına yox, gərginliyin yaranmasına, işğalçılıq siyasətinin möhkəmləndirilməsinə xidmət edən addımdır. Ermənistan son 15 il ərzində Avropada ən çox silahlanmış, 2012-ci ildən etibarən isə silahlanma yarışında dünya ölkələri sırasında ilk 3-də yer alan ölkədir. Və Ermənistanın bu qədər silahlanaraq niyyəti heç də ərazi bütövlüyünü qorumaq deyil, onların niyyəti məhz işğalçılıqdır. Bunu 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan əməliyyatı və nəhayət yaxın keçmişdə baş verən Tovuz döyüşləri sübut edir. Bu hadisələrin heç birində Ermənistanın ərazi bütövlüyünü təhdid edən bir məsələ yox idi. Amma Ermənistan torpaqlarımıza qarşı təcavüzkarlıq niyyəti ilə Azərbaycana hücum etməyə cəhd etdi. Təbii ki, ordumuz da bu anda boş dayanmadı və düşmənə layiq olduğu cavabı sonuna qədər verdi. Və onlara başa saldı ki, Azərbaycan indi 1990-cı illərin əvvəlindəki Azərbaycan deyil. Azərbaycan indi regionun ən güclü ordusuna malik böyük dövlətdir və heç bir ölkə, heç bir şəraitdə bizim ərazi bütövlüyümüzü təhdid edə bilməz. Əgər buna cəhd edərsə də ən ağır şəkildə cəzasını alar. Beləliklə Tovuz döyüşlərində də düşmən cavabını aldı. Gecə yarısı qəflətən hücuma keçən mənfur düşmən elə sarsıdıcı cavabla qarşılaşdı ki, tez qaçıb digər ölkələrdən kömək dilənməyə məcbur oldu. Amma bizim burada vurğulamaq istədiyimiz məsələ düşmənin xain hücumu yox, o hücumu reallaşdırmaq üçün əldə etdiyi silahlardır. Çünki bu məsələnin özü də olduqca maraqlı nüanslardan ibarətdir.
Tovuz istiqamətində döyüşlərin getdiyi bir vaxtda məlum oldu ki, düşməni silahla təmin edən ölkə heç də bizə yad olmayan Serbiyadır. Əlbəttə ki, bu da Azərbaycanda həm cəmiyyətdə, həm də dövlətdə narahatlıq və narazıçılqla qarşılandı. Ən azından ona görə ki, çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Cəmi bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərmişdi. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Belə olan halda Serbiyanın hərəkətinin ölkəmizdə narazıçılıqla qarşılanmağı tam normal haldı.
Bununla bağlı Azərbaycan hökumətinin reaksiyası da dəqiq və kəskin oldu. Belə ki, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı və Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirildi. Serbiyanın bu hərəkəti rəsmi Bakı tərəfindən iki ölkə arasındakı mövcud münasibətlərin ruhuna zidd olaraq qiymətləndirildi və bundan təəssüf hissi keçirildiyi qeyd edildi. Beləliklə, Azərbaycan rəsmi formada Serbiyaya öz etirazını bildirdi. Bunun nəticəsi olaraq avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirdi və vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etdi. Bu məqsədlə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycana səfər etməli oldu. Bakıda keçirilən görüşlərdə bir daha iki ölkə arasındakı münasibətlərə ciddi xələl gətirəcək hərəkətlərə yol verilməməsi və təhlükəsizlik, həssas informasiyaların mübadiləsi və digər mühüm istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə edildi.
Bununla da iki ölkə arasında olan münasibətlər yenidən qaydasına düşdü. Amma xatırlatmaq lazımdır ki, hansı ölkə olmasından asılı olmayaraq düşmənimizi silahlandıran ölkə bizim ərazi bütövlüyümüzə qarşı hörmətsizlik etmiş olur və bunun da təbii ki, Azərbaycan tərəfindən cavabı olmalıdır. Heç bir ölkə Ermənistana dəstək olaraq Azərbaycanın dostu ola bilməz. Əlbəttə ki, hər ölkənin balanslaşdırılmış siyasət aparmağa və ölkələr arasında tərəf olmamağa haqqı var amma düşməni silahlandıran ölkə tərəfini bəlli etmiş olur.
Tovuzda 11 hərbiçimizin və 1 mülki şəxsin ölümü ilə nəticələnən döyüşlərdə Ermənistana silah tədarük edən digər bir ölkə isə heç birimizi təəccübləndirməyərək Rusiya oldu. Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Qeyd edək ki, bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür.
Rusiyadan Ermənistana silah daşınması ilə bağlı bir məqam da qeyd olunmalıdır ki, bizə müttəfiq kimi görünən ölkələrin fəaliyyətini aydın dərk edək. Belə ki, Gürcüstan Ermənistana gedən silahların özünün hava sərhədindən daşınmasına icazə verməyib. Buna görə də silahlar Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Silahların öz hava sərhədlərindən daşınmasına icazə verən Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri mövcuddur. Amma buna baxmayaraq onlar Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər. Bu da əlbəttə ki, bizdə dərin təəssüf və məyusluq yaratdı. Bu silahların hansı məqsədlə daşındığı bütün ölkələrə məlumdur. Silahlar Azərbaycanın ərazi bütövlüyünü təhdid edən Ermənistana göndərilir və bu silahların Ermənistan göndərilməsində iştirak edən ölkələr dolayı yolla Azərbaycanın ərazi bütövlüyünün təhdid olunmasına göz yumur.
Rusiya isə bu məsələdə birbaşa Ermənistanı dəstəkləyir. Vurğulamaq zəruridir ki, Minsk qrupunun üzvlərindən biri olan Rusiyanın Ermənistanı bu şəkildə  silahlandırması onun bu qurumda tutduğu vəzifəyə və onun fəaliyyətinə tamamilə ziddir. Necə ola bilər ki, Rusiya həm münaqişənin həll olunması ilə bağlı həmsədr olsun, həm də işğalçı dövləti silahlandırsın. Beləliklə, Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və özünü qeyri-səmimi tərəf kimi göstərir. Üstəlik, Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı da məlum deyil, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin kütləvi informasiya vasitələrində heç bir məlumata rast gəlinmir.
Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Prezident İlham Əliyev Prezident Vladimir Putinə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verərək, Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb.  Telefon danışığı zamanı ölkə başçısı Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu da qeyd edib.
Dövlət başçımız Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Bütün hallarda Ermənistan tərəfi bilməlidir ki, hansı ölkənin Ermənistanı dəstəkləməsindən və ya işğala göz yummasından asılı olmayaraq Azərbaycan öz torpaqlarının işğalı ilə heç zaman barışmayacaq. Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır və istənilən anda torpaqlarımızı işğaldan azad etməyə tam qadirdir.
Bugün Azərbaycanda istər xalq, istərsə də  ordu Ali Baş Komandanın əmrini gözləyir ki, torpaqlarını azad etsin. Əgər bir gün Ali Baş Komandan münaqişənin sülh ilə həll olacağına inamını itirərsə və biz torpaqlarımızı müharibə ilə azad etməliyik əmri verərsə şübhəsiz ki, qısa müddət ərzində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.

Arzu Abdullayev
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının
        İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Keçidlər