Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın əsas məqsədi üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməkdir

26 avqust 2020 | 11:00
Ermənistan son dövrlərdə dünyadakı gərgin geosiyasi vəziyyətdən yararlanaraq işğal etdikləri Azərbaycan ərazilərindəki mövqelərini möhkəmləndirməyə çalışır. Bunun üçün rəsmi İrəvan vaxtaşırı olaraq yeni silahlar alır, danışıqlar prosesini uzatmaq, işğala əsaslanan status-kvonu saxlamaq üçün isə var gücü ilə səy göstərir. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan status-kvonu saxlamaq üçün danışıqların təməl prinsiplərinə zidd açıqlamalar verir, fərziyyələr irəli sürür. Təsadüfi deyil ki, Azərbaycanın qəti əleyhinə olacağını və əsla qəbul etməyəcəyini bilə-bilə Paşinyan qondarma rejimin nümayəndələrini danışıqlar prosesinə cəlb etməyə çalışdı. Bundan əlavə, baş nazir “Artsax Ermənistandır, vəssalam!” deyərək bütün danışıqların, sülh sözlərinin yalan və əbəs olduğunu sübut etdi. Artıq dünya birliyi də başa düşür ki, Ermənistan baş nazirinin özünü “sülh göyərçin”i kimi təqdim etmək cəhdi tamamilə şoudan ibarətdir.  Bunu son günlərdə bir daha müşahidə etdik.
Belə ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan son dövrdə BBC telekanalında yayımlanan “HardTalk” verilişinin qonağı oldu. Paşinyan aparıcı Stiven Sakurun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi suallara cavab verərkən sözün əsl mənasında çətin anlar yaşadı. Aparıcının “Dağlıq Qarabağ məsələsində Ermənistanın millətçi mövqeyində və sizin həyata keçirdiyiniz strategiyada əhəmiyyətli sülh elementləri yoxdur. Siz elə sələfləriniz kimisiniz, heç də fərqli görünmürsünüz, Ermənistan xalqı üçün bu vacib məsələdə sizin fərqli bir yanaşma gətirdiyinizi necə göstərmək olar?” sualına cavab verərkən erməni hökumətinin rəhbəri guya Ermənistanın millətçilik mövqeyindən çıxış etmədiyini bildirdi. Daha sonra aparıcının“Siz hakimiyyətə gəlməzdən əvvəl jurnalist və hüquq-müdafiəçisi kimi fəaliyyət göstərmisiniz. Və siz, hətta siyasi məhbus kimi həbs dönəmi də keçirmisiniz. Siz insan hüquqlarının qeydinə qalırsınız. Mənə maraqlıdır. Öz sələflərinizdən fərqli olduğunuzu göstərmək üçün Azərbaycana müraciət edərək keçmişdə, xüsusilə 80-ci illərin axırı və 90-cı illərin əvvəlində Ermənistan hərbi qüvvələrinin Dağlıq Qarabağ ərazisində insan hüquq pozuntuları, müharibə cinayətlər törətdiyini etiraf etməyə hazırsınızmı? Bir çox müstəqil müşahidəçilər bu cinayətləri siyahılaşdırıblar, onlara görə üzr istəməyə hazırsınızmı?” sualından yayınmağa çalışan Paşinyana“Mən sadəcə bilmək istərdim ki, siz məsuliyyəti üzərinizə götürüb Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Bu, çox sadədir. Bəli, ya xeyr?” deyə sualını təkrar etdi. Paşinyanın yenə sualdan yayındığını görən jurnalist onun sözünü kəsərək “Aydındır, siz üzr istəməyəcəksiniz”,- deyə cavab verdi. Bu qısa sual cavabdan da aydındır ki, dünya ictimaiyyəti artıq reallığı görür və qəbul edir. Ermənistan rəhbərliyi bundan nə qədər yayınmağa çalışsa da, onların işğalçı mahiyyəti artıq gün kimi ortadadır. Onlar 1990-cı illərin əvvəlində aktiv müharibənin getdiyi vaxt Xocalıda həyata keçirdikləri genosiddən və digər rayonlarımızda törətdikləri vəhşi əməllərdən peşman deyil və bunun üçün üzr istəməyə heç niyyətləri də yoxdu.
Belə bir şəraitdə hələ də işğalçını dəstəkləmək cəhdlərinin olduğunu görmək isə həm cəmiyyətimizi, həm də ölkə rəhbərliyini məyus və narahat edir. Bütün dünya bir tərəfdən sülhlə bağlı bəyanatlar verir, dünyada sabitliyi dəstəklədiyini bildirir amma digər tərəfdən də işğalçıya layiqli münasibət göstərmir və hətta şəxsi mənafelər üçün onun silahlandırılmasına göz yumur. Bunu Tovuz döyüşləri zamanı bir daha gördük. Üstəlik burada daha da təəssüfləndirici olan işğalçıya silah satan və silahların işğalçıya çatdırılmasında iştirak edən ölkələr heç də bizə yad olmayan ölkələrin olmasıdır.
Bu ölkələrdən biri dəfələrlə Azərbaycanın dəstəyini görən Serbiya, digəri isə illərdir müsbət əlaqələrimizin olduğu Rusiya oldu.
   İlk öncə Serbiya.
Döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib. Təəccüblü olmamalıdır ki, Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu. Çünki çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Cəmi bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərib. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Qarşılığında bizim də eyni yanaşmanı Serbiyadan gözləməyimiz təbii ki normaldır.
Bu faktla əlaqədar olaraq, Azərbaycan hökuməti də vaxtında və dəqiq reaksiya verdi. Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili D.Veinoviç məlum məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı. Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu və bunun ölkələrimiz arasında mövcud olan münasibətlərin ruhuna zidd olduğu bildirildi. Üzərindən çox keçmədən avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək baş vermiş hadisələr zamanı Ermənistanın Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini və vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etdi. Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət etdi və Azərbaycan nümayəndə heyəti ilə görüşlər keçirdi. Daha sonra serb nazir jurnalistlərə açıqlamasında Azərbaycanla Serbiya hökumətlərinin nümayəndələri arasında keçirilən görüşdə hər iki ölkənin ərazi bütövlüyünə qarşılıqlı dəstək ifadə olunduğunu bildirdi və əlavə etdi ki,  mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Bundan əlavə nazir bütün münaqişələrin BMT-nin prinsipləri əsasında sülh yolu ilə həllinin vacibliyini də vurğuladı.
Tovuz hadisələri zamanı Ermənistanı silahla təmin edən ölkələrdən digəri Rusiya idi. Əslində bu başa düşüləndir. Çünki Rusiya hər zaman Ermənistana dəstək göstərən, hətta belə demək mümkündür ki,  onu himayə edən dövlət olub.
Ermənistan hələ 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub və müstəqilliyinin ilk illərindən Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olub. Altı ölkənin (Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan) təmsil olunduğu təşkilatda Ermənistanın ən çox Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf edib, digər ölkələrlə isə əməkdaşlıq perspektivi heç vaxt yüksək olmayıb. 
Beləliklə, Rusiyanın Ermənistana hərbi dəstək göstərməsi, onu silahlarla təmin etməsi  yeni mövzu deyil. Bu artıq hamımızın bildiyi  faktdır. Amma əlbəttə ki, bunu bilmək bizim etiraz etməməyimizə səbəb ola bilməz.
Aydındır ki, Rusiya ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsindən biridir və onun missiyası münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həllinə çalışmaqdır. Belə olan halda Rusiyanın bu missiyanı və məsuliyyətini unudaraq münaqişə tərəflərindən birini və daha da əsası işğalçı tərəfi silahlandırmasını necə açıqlamaq olar. Bunu da vurğulamaq lazımdır ki, Rusiya eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir və o bölgədə, dünyada və regionda təhlükəsizliyin qorunmasına görə məsuliyyət daşıyır. Amma yuxarıda qeyd etdiyimiz kimi, Rusiya məsuliyyətlərini unudub və bunun regionda yaxşı heç nə vəd etmədiyini bilə-bilə işğalçı tərəfi silahlandırmağa davam edir. Eyni zamanda digər bir maraqlı məsələ isə Rusiyanın Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satmasıdır ki, bu da Ermənistana olduqca ucuz başa gəlir. Maraqlısı ondadır ki, Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı da məlum deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında iki ölkənin KİV-də də heç bir məlumata rast gəlinmir.
Rusiyadan Ermənistana son belə silah daşınması iyul ayının 17-dən avqust ayının 4-nə qədər olub. Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Və Ermənistana 7 təyyarə reysi ilə  400 tondan artıq silah-sursat daşınıb.
Bununla əlaqədar olaraq, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verərək, Ermənistanın təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu da qeyd edib. Daha sonra ölkə başçımız Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Sonda xatırlatmaq istərdim ki, avqustun 25-i Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Mətbuata açıqlama verən Şoyqu bildirib ki “Bizim hərəkətlərimiz heç vaxt bizim qonşu və tərəfdaşımız olan Azərbaycana qarşı yönəlməyib... Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil”

Yeni Azərbaycan Partiyası Pirallahı rayon Təşkilatının könüllüsü
Məmləkət Qaraçobanova

Keçidlər