Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın perspektivdə vəd etdikləri Ermənistanın heç xəyal belə edə bilməyəcəkləridir

28 avqust 2020 | 11:00
Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi uğurlar Ermənistanı sözün əsl mənasında çıxılmaz vəziyyətə qoyub. İki ölkə rəhbərlərinin üz-üzə gəldiyi hər platformada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin öz savadı, vəziyyəti idarə etmək bacarığı, tutarlı və tarixi faktlara əsaslanan çıxışları erməni baş naziri dəfələrlə mat səviyyəsinə salıb.
Belə demək mümkündür ki, bu tendensiya Nikol Paşinyanın 2019-cu ildə sülh danışıqlarını heçə sayaraq Ümumerməni Oyunlarının keçirilməsiylə bağlı Xankəndində çıxışı zamanı səsləndirdiyi “Artsax Ermənistandır, vəssalam" fikri ilə başladı. Bu söz indiyə qədər olan bütün danışıqları, münaqişənin sülh yolu ilə olan həllinə olan inamı tamamilə məhv etdi və açıq şəkildə ortaya qoydu ki, Ermənistanın əsl niyyəti sülh bağlamaq və ya münaqişəni dinc yolla həll etmək deyil, onların niyyəti bu danışıqlarla vaxt qazanmaq və Azərbaycana heç cür maraqlı olmayan status-kvonu saxlamaqdır. Ermənistan baş nazirinin yerli auditoriya qarşısında səsləndirdiyi bu fikrə qarşılıq, Azərbaycan prezidenti Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında, dünya siyasətçilərinin hamısının eşidə biləcəyi tribunadan qətiyyətlə söylədi ki, “Qarabağ Azərbaycandır və nida işarəsi”. Ölkə başçımızın nümayiş etdirdiyi bu qətiyyət dünya azərbaycanlılarının möhtəşəm məmnunluğu ilə qarşılandı. Üzərindən çox keçmədən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edən dövlət  başçıları burada bir daha üz-üzə gəldi və bir daha Azərbaycan prezidenti öz tarixi savadını və liderlik keyfiyyətlərini nümayiş etdirdi. Paşinyan isə yenidən gülünc vəziyyətə düşdü.
Daha sonra 2020-ci ilin oktyabr ayında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirədə iştirak etdi və bu müzakirələr də Azərbaycan prezidentinin qeyd-şərtsiz qələbəsi ilə yadda qaldı. Prezident İ.Əliyev Ermənistan Baş nazirinə tarix və siyasət dərsi keçdi,  Paşinyan isə tarixi faktları təhrif etməsi, çox zəif ingiliscəsi, həmçinin, diletant siyasi təhlili, arqumentsizliyi ilə növbəti dəfə çıxılmaz duruma düşdü. Son olaraq 2020-ci il iyunun 18-də Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət və  hökumət başçılarının videokonfrans formatında Sammitində qarşı-qarşıya gələn Azərbaycan Prezidenti və Ermənistan baş naziri burada bir daha öz siyasi savadlarını, tarixi biliklərini və manevr qabiliyyətlərini nümayiş etdirdi. Burada Azərbaycanı ermənilərə qarşı irqçı siyasət həyata keçirməklə günahlandıran və Ramil Səfərovu misal çəkərək Azərbaycan rəhbərliyini zorakılığı təbliğ etməklə ittiham edən N.Paşinyana İlham Əliyevin cavabı tutarlı və sərt oldu. Cənab Əliyev cavabında “Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim" dedi. Bununla da Azərbaycan Prezidenti Ermənistan baş nazirini növbəti dəfə siyasi iflasa uğratdı.
Beləliklə tam əminliklə deyə bilərik ki, Azərbaycan son dövrlərdə Ermənistana qarşı beynəlxalq müstəvidə açıq üstünlük əldə edib, artıq dünya ictimaiyyəti Ermənistanı işğalçı ölkə, Paşinyanı isə təxribata meyilli, faşizm ideologiyasına rəğbəti olan qeyri-ciddi dövlət başçısı kimi qəbul edir. Bu ölkə işğalı, terroru, təxribatı, soyqırımı tarixboyu siyasətinin əsas elementi olaraq qəbul edib. Məsələyə diplomatiya, beynəlxalq hüquq kontekstindən yanaşıldıqda kifayət qədər aydın görünür ki, Ermənistan, sözün həqiqi mənasında, beynəlxalq aləmdə küncə sıxışdırılmış vəziyyətdədir və Nikol Paşinyan bu ölkəyə rəhbərlik edəndən sonra vəziyyət daha da pisləşmişdir.
Ermənistan beynəlxalq müstəvidə itirdikərini, cəbhədə qazanmağa çalışır, amma əlbəttə ki, buna da nail olabilmir. Ermənistan hazırda ölkə daxilində və xaricində çıxılmaz vəziyyətdədir. Ölkə daxilində pandemiyanın törətdiyi sosial-iqtisadi vəziyyət kifayət qədər ciddidir, üstəlik siyasi olaraq da vəziyyət heç də ürəkaçan deyil. Bütün bunların kontekstində, ölkə daxilində vətəndaşların diqqətini başqa sahəyə yönəltmək və vətəndaşları “ümumi düşmənə” qarşı birləşdirmək üçün Ermənistan tərəfi cəbhədə təxribatlar törətməyə cəhd edir. Son belə hal 2020-ci il 12 iyul tarixindən başlayaraq 4 gün davam edən Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər oldu. Döyüşlərdə iki tərəf də itkilər verdi amma Azərbaycan tərəfi düşmənin bir santimetr belə irəliləməsinə imkan vermədi. Qeyd edək ki, Ermənistan münaqişənin səbəbkarı kimi Azərbaycanı göstərməyi cəhd edir amma bunun real olmadığı aşkardır.  Ən azından ona görə ki, 2018-ci ildən etibarən Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonları ərazisində Ermənistanla dövlət sərhəddinə nəzarət Müdafiə Nazirliyindən alınaraq Dövlət Sərhəd Xidmətinə həvalə edilib. Bu da sübut edir ki, Azərbaycan Respublikasının Ermənistanla sərhəddə hər hansı hərbi məqsədi yoxdur və Ermənistanın bu açıqlaması həmişəki yalanlarından biridir.
Döyüşlərlə bağlı Azərbaycan tərəfinin qələbəsi kifayət qədər açıqdır. Buna görə də burada üzərində durmaq istədiyimiz məqamlar fərqlidir. Belə ki, Ermənistanın bu hərbi hücumunda istifadə etdiyi silahlar bizim üçün daha maraqlıdır.
Ermənistan hal-hazırda  Avropada ən çox silahlanmış dövlətdir. Bunu dünya əhəmiyyətli “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsi də təsdiq edir. Bütün dünyanın işğalçı kimi tanıdığı, üstəlik də iqtisadi olaraq yaxşı vəziyyətdə olmayan  və daim digər ölkələrdən asılı vəziyyətdə olan bir ölkənin silahlanmağa bu qədər vəsait ayırmağı həqiqətən də maraqlı məsələdir. Bunda şübhəsiz ki, şimal qonşumuz Rusiyanın da Ermənistanı himayə etməsinin çox böyük rolu var. Dəfələrlə faktlarla ortaya qoyulmuşdur ki, Rusiya Ermənistana silah satışında müəyyən güzəştlər tətbiq edir, belə ki, Rusiya Ermənistana satdığı silahları  dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır ki, bu da Ermənistana olduqca ucuz başa gəlir. Bundan əlavə tarixdə faktlar var ki, Rusiya  tamamilə pulsuz olaraq Ermənistana silahlar çatdırıb.
2020-ci il Tovuz təxribatından sonra şimal qonşumuzdan təcavüzkar qonşumuza silah göndərilməsi daha da vüsətlə davam edib. Əldə edilən məlumatlara görə, təxribatdan bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Əlbəttə, deyilə bilər ki, Rusiya silah ixracatçısı olan bir ölkədir və istədiyi ölkəyə silah satmaq Rusiyanın haqqıdır. Amma mövcud şəraitdə və regionda təcavüzkarlıq edən dövlətə silah vermək nə beynəlxalq hüquqi məntiqə, nə də humanist çağırışlara sığır. Üstəlik, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biridir. O tərəflər arasında vasitəçilik rolu oynamaqla ölkələri sülhə təşviq etməlidir. Amma görünən odur ki, Rusiyanın bölgədəki maraqları onun həmsədrlik missiyasından daha vacibdir.
Bununla bağlı avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Telefon danışığı zamanı ölkə başçımız Ermənistanın törətdiyi təxribatla bağlı məlumat verərək, bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbiçisinin və 1 mülki şəxsin həlak olduğunu və Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.
Daha sonra ölkə başçımız Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Bir şeyi də vurğulamaq yerinə düşərdi ki, 25 avqust tarixində Rusiyanın Müdafiə naziri, ordu generalı Serqey Şoyqu Azərbaycanda səfərdə olub. Səfər zamanı Azərbaycan prezidenti ilə və daha sonra Müdafiə naziri ilə görüşən nazir Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı vacib açıqlamalar verib. Belə ki, nazir bildirib ki, “Biz Ermənistanla sərhəddə baş verən hadisələri bilirik və narahatlıqla izləyirik… Bizim bazalarımıza olan uçuşlarımızla bağlı narahatlıqdan da xəbərimiz var. Dərhal demək istəyirəm: bizim hərəkətlərimiz heç vaxt bizim qonşu və tərəfdaşımız olan Azərbaycana qarşı yönəlməyib... Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil”.
Ümid edirik ki, həqiqətən də belədir, Rusiya müəyyən fərqli maraqları üçün Qarabağ münaqişəsindən silah olaraq istifadə etmir və münaqişənin sülh yolu ilə həllinə çalışır.
Rus nazirin Azərbaycana səfər etdiyi vaxt, Azərbaycan Xarici İşlər naziri də Rusiyada səfərdə idi. Burada təkbətək və geniş tərkibdə görüşlər keçirən nazirimiz açıq mətnlə bildirib ki, Azərbaycan bundan sonra mənasız danışıqlarla vaxt itirmək, bununla da işğalçı tərəfin status-kvonu süni şəkildə uzatmaq siyasətinə yardımçı olmayacaq. Xarici İşlər Nazirimiz çıxışı zamanı vurğulayıb ki, “Danışıqlar prosesi konkret məsələlər ətrafında aparılmalıdır, substantiv olmalıdır və danışıqlar prosesinin imitasiyası olmamalıdır. Hesab edirik ki, danışıqlar prosesinə zərbə vuran bəyanatlar, fəaliyyətlər beynəlxalq ictimaiyyət tərəfindən, ilk növbədə həmsədr ölkələr tərəfindən qınanmalıdır”.
Beləliklə Azərbaycan Rusiya qarşısında prinsipiallıq göstərərək, ölkə maraqlarımızın müdafəsi naminə hər şeyi edəcəyini bir daha vurğuladı və Ermənistana dəstək olmağın bizə qarşı atılan bir addım olaraq qəbul edildiyini diqqətə çatdırdı.
Tovuz döyüşlərinin getdiyi vaxt və onun öncəsində Ermənistana silah tədarük edən  digər ölkə isə Serbiya idi. Azərbaycanın Serbiyaya qarşı reaksiyası da kifayət qədər açıq və konkret oldu. Hər zaman ərazi bötüvlüyünə dəstək olduğumuz və yaxın iqtisadi münasibətlərimizin olduğu Serbiyanın düşmənimizi silahlandırması əlbəttə ki, bizim üçün məqbul olaraq qəbul edilə bilməzdi. Bu çərçivədə ilk olaraq Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı və Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirildi. Üzərindən çox keçmədən Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək,  Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirdi və vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etdi. Beləliklə, bu danışıqdan cəmi dörd gün sonra avqustun 11-də Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət etdi və burada bir sıra görüşlər keçirdi.  Serb nazir daha sonra jurnalistlərə açıqlamasında bildirib ki,  bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasilayarın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik.
Serbiyanın məsələyə adekvat reaksiyası bir daha sübut etdi ki, Serbiya üçün Azərbaycan vacib tərəfdaşdır və onun itirilməsi yaxşı heç nə vəd etmir.
Bəli, tək Serbiya üçün yox, ümumilikdə bütün ölkələr üçün Azərbaycan arzuolunan tərəfdaş və müttəfiqdir. Azərbaycanın perspektivdə vəd etdikləri Ermənistanın heç xəyal belə edə bilməyəcəkləridir.

Xəyalə Cavanşirli
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər