Şriftin ölçüsü :

Saytın rəngi :

Serbiyanın və Rusiyanın Ermənistana silah satması riyakarlıqdır

29 avqust 2020 | 11:00
Azərbaycan Respublikası 2020-ci ilin may ayında öz xoşməramlı və humanist niyyətini göstərərək  Serbiyaya 400 min avro məbləğində humanitar yardım göstərmişdi. Dünya ölkələrinin dərin iqtisadi-siyasi və maliyyə böhranı keçirdiyi bir dövrdə Azərbaycan dövlətinin həyata keçirdiyi bu gözəl və xoş niyyətli addımı Serbiya hökuməti adından baş nazir Ana Brnabiç hava limanında çox böyük şükran hissi ilə qəbul edərək ölkəmizin şərəfinə minnət hissi ilə təşəkkürlər etmiş və təriflər yağdırmışdı. Sitat: “Bu, heç vaxt unutmayacağımız dostluğun təzahürüdür”.
Amma və lakin bu minnətdarlıq hisslərindən heç iki ay keçməmiş iyul ayında özü də münaqişə zonasında ağır döyüşlər getdiyi bir zamanda Serbiya işğalçı və separatçı Ermənistana dəyəri milyon dollarlarla ölçülən çoxlu sayda silahlar satmaqla özünün nə qədər unutqan və nankor olduğunu bütün dünya qarşısında etiraf etmiş oldu. Serb səfir çağırılıb bu silah satışı haqqında izahat istənildiyində isə cavab ikrah doğurucu oldu: “Bizim Ermənistanla tərəfdaşlıq haqqında dövlətlərarası müqaviləmiz var”.
Heç bir məntiqə və dövlət idarəçilik əxlaqına sığmayan, beynəlxalq hüquq və diplomatiya qaydalarını açıq şəkildə və həyasızcasına pozan və tapdalayan Serbiya hələ XIV əsrdən üzü bu tərəfə müsəlman türklərə qarşı olan kin küdurətini açıq aydın göstərməkdən çəkinməmişdir. Halbuki, Azərbaycan Respublikası Serbiyaya daima beynəlxalq aləmdə dəstək nümayiş etdirmişdir. Beləliklə Azərbaycan Kosovanın müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan etmişdir. Buna qarşılıq isə Serbiya döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərib.
Ermənistan isə bu silah alverindən sonra sərhədin Tovuz sahəsini qəfil hücum üçün münasib yer hesab edərək hücuma keçib. Atəşlərin miqyası və intensivliyi göstərir ki , erməni tərəfi bu hücumu  əvvəlcədən planlaşdırıb və fəal hərbi əməliyyatlar olmayan bu hissədə xeyli silah sursat cəmləşdirib. Təbii ki, Ermənistanda pandemiya şəraitində gərginləşən daxili, siyasi sosial və iqtisadi problemlər hərbi hucumun vaxtının seçilməsinə təsir göstərib. Qeyd edək ki, iyul hadisələrindən əvvəl də Ermənistan hər zaman silahlanmaya meyilli olmuş və müxtəlif dövrlərdə müxtəlif dövlətlərdən bütün növ silahları almışdır. Beynəlxalq məruzələrdə də bu həqiqət öz əksini tapıb. Belə ki, Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir.
Serbiya və Ermənistan beynəlxalq  hüquq normaları qarşısında məsuliyyət daşıyır. Təbii ki, bu faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin reaksiyası da özünü çox gözlətmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə (XİN) çağırıldı və XİN tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirildi.
Daha sonra, avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirərək vəziyyətin araşdırılması ilə bağlı Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini bildirdi. Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət etdi. Burada Azərbaycan nümayəndə heyəti ilə bir sıra görüşlər keçirən nazir  jurnalistlərə açıqlamasında deyib ki, mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasilayarın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik.
Serbiya ilə məsələ siyasi müstəvidə həll olunsa da, heç kim unutmamalıdır ki, Ermənistanın açıq və ya gizli silah alveri regional təhdidləri artırır.
Ermənistan Serbiya da daxil olmaqla, müxtəlif ölkələrdən satın aldığı silahları BMT hesabatlarında Ermənistan Respublikası üçün alındığını göstərsə də silahların bir hissəsini Dağlıq Qarabağdakı separatçı rejimə ötürür. 2019-cu ilin fevral ayında, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilmiş İDEX-2019 beynəlxalq müdafiə sərgisində “Azeri Defence” jurnalının öz kanalları vasitəsi ilə əldə etdiyi məlumatlara görə, Ermənistanın “Aspar Arms” şirkətinin nümayəndə heyəti ilə “Yugoimport” şirkətinin stendində keçirilən görüşdə yeni model snayper tüfənginin və snayper tüfəngləri üçün aksesuarların, habelə revolver tipli qumbaraatanların alqı-satqısına dair razılaşma əldə olunub. Bunu 2007-ci ildə həyata keçirilmiş satınalmanın davamı da hesab etmək olar. 2010-cu ildə isə Serbiyanın “CPR Impex” şirkət Bosniya və Hersoqovina üzərindən satışı həyata keçirməklə Ermənistana 200 ədəd M-57 və M70 “Commando” minaatanı və 2016-cı ildə açıqlanmayan sayda 82 mm çaplı M79 dəzgahlı qumbaraatan (həmçinin bu silah üçün döyüş sursatı) və M-80 tipli biratımlı qumbaraatanlar ixrac edib. Serbiyanın Ermənistana silah satışı yuxarıda göstərilənlərlə məhdudlaşmır. Qarşıdakı dövrlərdə bizim Ermənistan Ordusunun silahlanmasında Serbiya istehsalı olan başqa silahlara da rast gəlmək ehtimalımız istisna edilmir.
Ermənistanın ən çox silah aldığı ölkələrdən biri də  hər birimizin bildiyi kimi Rusiyadır. İstər 90-cı illərdə, istərsə də sonrakı dövrlərdə Rusiya Ermənistana hər cür hərbi-texniki yardım göstərmişdir. Bu faktlarla təsdiqlənmiş inkar olunmaz reallıqdır. Son belə hal isə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər oldu. Belə ki, Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Məlumdur ki, bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Məlumat üçün bildirək ki, bu texnikalar ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür. Üstəlik, daha da maraqlı bir hal var ki, Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır. Bu da təbii ki, Ermənistana olduqca ucuz başa gəlir.
Təcavüzkar Ermənistana silah satmaqla Rusiya Ermənistanın işğalçı mövqeyini dəstəkləmiş olur. Bu da öz növbəsində Ermənistanı daha da münaqişənin qızışdırmasına sövq edir. Bu məsələ ilə bağlı avqustun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlət başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizn həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.
Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib. Dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Son bir neçə gün ərzində məsələ ilə bağlı  Rusiya tərəfindən addımlar atılmışdır. Belə ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ölkəmizdə səfərdə olmuş və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə və daha sonra Müdafiə nazirimiz Zakir Həsənovla görüşlər keçirmişdir. Görüşdə S.Şoyqu Rusiyadan Ermənistana gedən təyyarə reysləri ilə bağlı danışaraq bildirmişdir ki, bu daşınmalar Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materialları olub. Təbii ki buna inanmaq çətindir amma inanmamaq üçün də əlimizdə kifayət qədər fakt yoxdur. Şoyqunun digər maraqlı açıqlaması isə “Rusiya indiyədək Azərbaycan əleyhinə yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq” olmuşdur.
Biz də öz növbəmizdə inanmaq istəyirik ki, illərdir yaxın əlaqələrimizin olduğu və bir çox sahədə müttəfiq olaraq qəbul etdiyimiz, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan şimal qonşumuz Rusiya həqiqətən də ərazi bütövlüyümüzə qarşı addım atmır, düşmənimizə haqsız üstünlük tədarük etmir. Çünki belə olan halda bu münaqişənin sülh yolu ilə danışıqlar vasitəsilə olan həllinə inamı tamamilə məhv edəcək və bizə torpaqlarımızı hərb yolu ilə almaqdan başqa çıxış yolu qalmayacaq. Çünki Azərbaycan artıq gözləmək niyyətində deyil və Xarici İşlər Nazirimiz Ceyhun Bayramovun da Rusiyada səfərdə olarkən vurğuladığı kimi, Azərbaycan bundan sonra mənasız danışıqlarla vaxt itirmək, bununla da işğalçı tərəfin status-kvonu süni şəkildə uzatmaq siyasətinə yardımçı olmayacaq.
Beləliklə, Azərbaycan heç vaxt işğalla barışmayacaq və gec-tez öz əzəli torpaqlarına qayıdaraq ərazi bütövlüyünü bərpa edəcək.

Anar Babayev
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər