Şriftin ölçüsü :

Saytın rəngi :

Silahlandırma mövcud status-kvonun saxlanmasına xidmət edir

30 avqust 2020 | 11:00

Dünya ölkələrinin Ermənistana silah satması beynəlxalq sülhə, sabitliyə və təhlükəsizliyə ciddi təhdid yaradır, çünki Ermənistan əldə etdiyi bu silahları Azərbaycana qarşı istifadə edərək işğalçılıq mövqeyini möhkəmləndirməyə və əlavə ərazilər işğal etməyə çalışır. Bu da regionda sabitliyin yaranmasına ciddi təhlükə yaradır.
Ermənistan ordusu iyulun 12-də Azərbaycanın dövlət sərhəddinin Tovuz istiqamətində bir daha belə bir cəhdə əl atdı. Əlbəttə ki, bu cəhd də sələfləri kimi Azərbaycan tərəfinin adekvat cavabı ilə uğursuzluğa düçar oldu. Amma Tovuz döyüşləri olduqca diqqət çəkən əlamətlərlə yadda qaldı və əminliklə deyə bilərik ki, geosiyasi durumda sözün əsl mənasında çalxalanma yaratdı
Ermənistan belə bir təxribata əl atmaqla üçüncü tərəfləri, daha doğrusu Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatına (KTMT) üzv olan ölkələri bu prosesə cəlb etmək istəyirdi, ancaq niyyətləri puça çıxdı. Baxmayaraq ki, Ermənistan 1992-ci ildən, yəni  təşkilatın yarandığı ilk gündən KTMT üzvüdür amma üzv ölkələrlə əməkdaşlığı heç vaxt yüksək olmayıb. Əksinə KTMT üzv ölkələrinin Azərbaycanla daha sıx münasibəti olduğunu da demək mümkündür. Ona görə də Ermənistanın bu niyyəti baş tutmadı və Ermənistana dəstək verilmədi. Beləliklə, KTMT-yə üzv ölkələr bu mövqeyi ilə Azərbaycanın yanında olduqlarını göstərdilər.
Döyüşlərin getdiyi vaxt gözlənilməyən faktlar da üzə çıxdı. Bu mənada Azərbaycanın daim dəstək verdiyi Serbiyanın Ermənistana silah satması bizdə dərin təəssüf və çaşqınlıq yaratdı. Ermənistan ordusunun iyulun 12-də Azərbaycana qarşı törətdiyi təxribat hadisəsindən bir neçə gün öncə Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilməsi ölkəmizdə ciddi etirazla qarşılandı və rəsmi Belqradın bu hərəkəti kəskin formada qınanıldı. Serbiyanın bu anlaşılmaz hərəkəti rəsmi Bakı tərəfindən iki ölkə arasındakı mövcud münasibətlərini ruhuna zidd olaraq vurğulandı və bundan təəssüf hissi keçirildiyi qeyd edildi. Çünki ən çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərmişdi. Bundan əlavə, Azərbaycan dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib və Kosovanın müstəqilliyini tanımayıb. Ona görə də Azərbaycan rəsmi formada Serbiyaya öz etirazını bildirdi. Bunun nəticəsi olaraq avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirdi. Vəziyyətin araşdırılması məqsədi ilə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycana səfər etməli oldu. Bakıda keçirilən görüşlərdə bir daha iki ölkə arasındakı münasibətlərə ciddi xələl gətirəcək hərəkətlərə yol verilməməsi və təhlükəsizlik, həssas informasiyaların mübadiləsi və digər mühüm istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə edildi.
Məlumdur ki, Ermənistan təkcə rəsmi formada deyil, eyni zamanda müxtəlif ölkələrdən gizli yollarla da  silah alır. Bu da bölgədə ciddi narahatçılığa səbəb olur. Ona görə də beynəlxalq təşkilatlar, ilk növbədə ATƏT MQ həmsədr ölkələr Ermənistanın silahlanmasının qarşısını almalı və yürütdüyü işğlaçılıq siyasətə görə sanksiyalar tətbiq etməlidir. Əks təqdirdə gələcəkdə bölgədə yarana biləcək hər hansı hərbi eskalasiya zamanı məsuliyyət beynəlxalq aləmin və ATƏT-in üzərinə düşəcək. Çünki nə ATƏT, nə də digər beynəlxalq təşkilatlar zamanında Ermənistanın silahlanmasına qarşı çıxıb, beynəlxalq konvensiyaları kobud surətdə pozmasının qarşısını almağa çalışmır. Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT MQ həmsədr ölkələri işğlaçı Ermənistana təzyiq edərək, bu ölkənin silahlanmasının qarşısını almağı və işğalçılıq siyasətindən geri durmağa vadar etməlidir. Əgər sabah hər hansı hərbi əməliyyatlar başlasa Ermənistanın əldə etdiyi silahlar o qədər də əhəmiyyətli rol oynamayacaq. Çünki Ermənistan nə qədər silahlansa da, Azərbaycan ordusundan zəif olaraq qalacaq. Bunun səbəbi də aydındır. Ordu sadəcə silah-sursatla güclü ola bilməz. Ordunun əsl gücü onun mənəvi hazırlığı və vətənpərvərlik ruhu yüksək olan hərbi qulluqçularıdır. Və Azərbaycanda bu məsələdə olduqca yüksək statistikaya malikdir. Ermənistan da bunu yaxşı bilir. Buna görə də, nə qədər gec deyil Ermənistan və ona havadarlıq edən ölkələr işğlaçılıq siyasətindən əl çəkib, münaqişəni beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar yolu ilə həllinə çalışmalıdır. Bu nə qədər tez olsa, bir o qədər yaxşıdır. Silahlanma Ermənistana indiyədək heç bir xeyir gətirmədiyi kimi, bundan sonra da gətirməyəcək. Silahlanma Ermənistana ancaq bədbəxtlik vəd edir.
Ermənistana silah satan digər ölkə isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə  danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsindən biri olan Rusiyadır. Rusiya münaqişə ilə bağlı üzərinə götürdüyü öhdəliyə ciddi yanaşmalı, beynəlxalq hüququ pozan və bütün dünya, eyni zamanda aparıcı beynəlxalq təşkilatlar tərəfindən münaqişədə işğalçı tərəf kimi tanınan Ermənistanı təcavüz və təxribat siyasətindən çəkindirməli olduğu halda, bunun əksini edir, işğalçıya dəstək verir. Ermənistana silah göndərilməsi işğalçını dəstəkləmək, münaqişənin həllinə imkan verməmək və mövcud status kvonu möhkəmləndirmək deməkdir.
Rusiya tərəfi hər nə qədər məsələni fərqli təqdim etməyə çalışsa da bizə məlumdur ki, Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür. Əlbəttə ki, Rusiyanın Ermənistana belə bir şəraitdə silah tədarük etməsi ölkəmizdə narazılıqla qarşılandı və bir mənalı olmayan reaksiyalara gətirib çıxardı.
Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib və ölkə daxilində Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb
Dövlət başçımızın Rusiya prezidentinə zəng edərək Rusiyadan Ermənistana 400 tondan çox hərbi təyinatlı yük daşınması məsələsinin aydınlaşdırılmasını istəməsi bir daha göstərdi ki, Prezident İlham Əliyev beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir. Burada xüsusilə qeyd etmək lazımdır ki, son zamanlar Azərbaycan və Rusiya arasında münasibətlərin inkişaf etdiyi, Ermənistanda isə Rusiyaya qarşı aqressiyanın artdığı, Soros və dəstəkçiləri tərəfindən faktiki olaraq Rusiyanın forpost ölkədə sıxışdırıldığı, Kremlə qarşı vuruşmuş, faşizmin yanında yer almış şəxslərin “qəhramanlaşdırıldığı” bir vaxtda Moskvadakı hərbi elitanın Ermənistana silah satması təəccüblü və təəssüfedicidir.
Sonda bir daha vurğulamaq istərdim ki, silahlandırma, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir, eyni zamanda, mövcud status-kvonun saxlanmasına xidmət edir. Azərbaycan isə mövcud status-kvonu saxlamaq niyyətində deyil. Bizim tək niyyətimiz ən qısa müddətdə ərazilərimizi işğaldan azad etmək və öz əzəli torpalarımıza qayıtmaqdır.  Azərbaycan bundan sonra mənasız danışıqlarla vaxt itirmək, bununla da işğalçı tərəfin status-kvonu süni şəkildə uzatmaq siyasətinə yardımçı olmayacaq.


YAP Pirallahı rayon təşkilatının könüllüsü Vüqar Nəsirov

Keçidlər