Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan silahlanmaqla hərbi eskalasiya xəttini tutur

31 avqust 2020 | 11:00
Cənubi Qafqaz nəhəng siyasi iradə mərkəzlərinin maraqlarının kəsişdiyi regiondur. Aydındır ki, həmin beynəlxalq siyasi iradə mərkəzləri heç bir halda öz maraqlarından və mənafelərindən imtina etməyəcəklər. Bu isə o deməkdir ki, Cənubi Qafqaz daim dünyanın “qaynar nöqtə”lərindən birinə çevrilmək təhlükəsi ilə üz-üzədir.
Bu gün heç kimə sirr deyil ki, Ermənistanın son hərbi qarşıdurması regionda yeni situasiya yaratdı. Erməni hərbi təxribatlarına cavab olaraq, Azərbaycan-Türkiyə ittifaqı yaranıb. Yəni Türkiyə Cənubi Qafqaza hərbi məzmunlu yerləşmə mərhələsinə qədəm qoyub. Bu isə Rusiyanın regional hegemonluğunu şübhə altına salmaqdadır.
Baş verənlərin fonunda Rusiyanın Ermənistanı silahla təchiz etməsi Azərbaycan tərəfini narahat etməyə bilməzdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə - danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumun üç həmsədrindən biri olan Rusiya Ermənistana silah göndərir. Özü də,  Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır. Dünən belə olub, bu gün də belədir… və belə ola-ola, tərəflər arasında vasitəçilik institutunun həmsədri olmaqda davam edir… Bu, əlbəttə, təzaddır və ən azı, etik normalara və qanunlara ziddir. Ermənistanın Rusiyadan silah alması yaxud Rusiyanın Ermənistana silah verməsi xüsusi bir mövzudur. Rusiya Ermənistana hansı əsaslarla silah satır? – Bəlli deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin mediasında heç bir bilgiyə rast gəlinmir.
Azərbaycan ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan Rusiyanın Ermənistana silah daşımasını qəbuledilməz davranış kimi dəyərləndirir. Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putin arasında bir müddət öncə baş tutmuş telefon danışığında da bu mövzuya toxunuldu. Məlum olduğu kimi, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edərək, iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistanın hərbi hücumu barədə məlumat verib. Dövlət başçımız Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Cənab Prezident Ermənistan silahlı qüvvələrinin sərhəd boyu yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib. Bundan əlavə, Prezident İlham Əliyev bildirib ki, Ermənistanın bu hərbi hücumunun əsas məqsədi üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməkdir. Azərbaycan Prezidenti Rusiya Prezidentinin diqqətinə çatdırılıb ki, Ermənistan-Azərbaycan sərhəddində baş vermiş toqquşmalar başa çatandan sonra – iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurur və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
İyul ayının 17-dən avqust ayının 4-dək Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Qonşu Gürcüstan silahların özünün hava məkanından daşınmasına icazə vermədiyi üçün reyslər Rostov-Minvod(RF)–Aktau(QR)–Türkmənbaşı(TR)–Novşer-Rəşt (İİR) – Mehri – İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Çox təəssüflər ki, Gürcüstandan fərqli olaraq, Qazaxıstan, Türkmənistan və İran, Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq verib. Hər üç ölkə respublikamızla yaxın siyasi və iqtisadi münasibətlərdədir; Qazaxıstanla Türkmənistan qardaş ölkədir; İranda milyonlarla soydaşımız (öz dədə-baba torpaqlarında) yaşayır… - bütün bunlara baxmayaraq, işğalçı Ermənistana Azərbaycana qarşı işlətməkçün silah-sursat daşınmasına etiraz etməyiblər…
Əlbəttə, Gürcüstan kimi, adıkeçən dövlətlər də belə bir bəd əmələ icazə verməsəydilər, bu, həm beynəlxalq hüquq normalarına uyğun olardı, həm də, biz, qardaş və qonşuların dəyanətini görmüş olardıq. Azərbaycan öz tərəfindən belə dəyanəti qonşu və qardaşlarına qarşı dəfələrlə göstərib…
Hər şey bir yana axı o daşınan hərbi yük azərbaycanlı qanını axıtmaq, Azərbaycan torpaqlarının işğalını davam etdirmək, müharibə ritorikasını gücləndirmək üçündür bu, adıkeçən dövlətlərin nəyinə lazımdır?!.
Ermənistan-Rusiya münasibətləri sözün mənfi emosiyası ilə “özünəməxsus” özəlliyə sahibdir. İşğalçı Ermənistan 1991-ci ildə dövlət müstəqilliyini elan etdikdən sonra, öz təhlükəsizlik siyasətini Rusiya ilə sıx hərbi-siyasi işbirliyi üzərində qurub; 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda, bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşir. Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində işbirliyini əsasən Rusiya və KTMT-yə üzv ölkələrlə (Belarus, Qazaxstan, Qırğız Respublikası və Tacikstan ilə) inkişaf etdirməyə çalışır. Əslində, Ermənistanın Rusiya ilə hərbi-siyasi işbirliyi inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə işbirliyi ortamı yüksək olmayıb.
Bu günlərdə Azərbaycana səfər etmiş Rusiyanın müdafiə naziri Sergey Şoyqunun rəsmi Bakının Ermənistana hər gün silah daşınması ilə bağlı iradlarına verdiyi izahat da qənaətbəxş olmadı. Belə ki, S.Şoyqu Rusiyanın Azərbaycan əleyhinə heç bir addım atmadığını qeyd edərək, Ermənistana silah daşınmadığını bildirdi.
Şoyqunun sadəcə, nəzakət xatirinə qəbul edildiyinin açıq-aşkar müşahidə olunması qətiyyən təsadüfi sayılmamalıdır. Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev, adətən, belə görüşlərdə xüsusi vurğulanan Rusiya-Azərbaycan strateji tərəfdaşlığı kimi önəmli mövzulara toxunmadı.
Rusiya Ermənistanı dəstəklədiyini ilk dəfə bu qədər açıq şəkildə göstərdi. Hər halda, Minvodı-Mozdok-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan marşrutu üzrə Rusiyadan Ermənistana silah daşınmasının ifşa edilməsi Kremlin öz dəstəyini gizlətməsinin qarşısını aldı. Rusiya son 20-25 gün ərzində Ermənistana daha 500 tondan artıq silah-sursat daşıyıb. Belə anlaşılır ki, Rusiya Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdırır.
Doğrudur, Ermənistanın əsas silah təminatçısı Rusiyadır, lakin siyahıda başqa dövlətlər də var. Döyüş başlamadan bir neçə gün öncə və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib.
Serbiyanın bu hərəkəti Azərbaycan cəmiyyətində anlaşılmazlığa, birmənalı olmayan reaksiyalara səbəb oldu.  Həqiqətən də, çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Cəmi bir neçə ay öncə rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərmişdi, bundan başqa, Azərbaycan Kosovonun dövlət müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib.
Təbii ki, bu xoşagəlməz faktla bağlı, Azərbaycan hökumətinin reaksiyası vaxtında və kəskin oldu. Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç ölkəsinin Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırıldı. Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirildi. Bunun ardınca, Serbiyanın Ticarət və Telekommunikasiya naziri Rasim Ljajic bildirdi ki, “Rəsmi Bakının beynəlxalq təşkilatlardakı səsi Serbiya üçün olduqca vacibdir. Biz indi Azərbaycan hakimiyyətinin nümayəndələriylə danışmalı və bu durumun hər hansı bir şəkildə əlaqələrimizə xələl gətirməsinə imkan verməməliyik, əlimizdən gələni etməliyik ki, gələcəkdə bənzər hallara yol verilməsin”. Sonra avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhəddində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirdi və durumun araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini dedi. Bu çərçivədə Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç respublikamızda oldu, danışıqlar aparıldı, respublikamızın narahtlığı bir daha ifadə olundu. Nazir N.Stefanoviç jurnalistlərə verdiyi müsahibədə fikirlərini bu şəkildə ümumiləşdirdi: “Mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli işbirliyinə nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də işbirliyini gücləndirməkdir. Eyni zamanda, bugünkü görüşdə biz təhlükəsizlik sahəsində işbirliyini müzakirə etdik və həssas informasiyaların mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə işbirliyini genişləndirmək barədə razılığa gəldik”.
Göründüyü kimi, işğalçı ölkə bütün parametrlərlə sülhdən uzaq davranır. Yalnız ənənəvi müttəfiqlərini deyil, bizə dost olan ölkələri də öz çirkin məqsədlərinin gerçəkləşməsi işinə daxil edir. Bununla belə, dövlətimizin çevik reaksiyaları ilə düşmənin iç üzü dünya ictimaiyyətinə, əlaqədar tərəflərə açıq şəkildə göstərilir və adekvat tədbirlər görülür. Heç kəs unutmamalıdır ki, Azərbaycanın dostluğu, müttəfiqliyi, Azərbaycan tərəfinin bu dostluq və müttəfiqlikdən məmnunluğu nə qədər vacibdirsə,  Azərbaycanın narazı qalması, incidilməsi, daha artıq dərəcədə öz təsirlərini göstərəcəkdir. Azərbaycanla dostluq hər kəs üçün qiymətlidir; Azərbaycanla dostluğa xələl gətirənlər öz layiqli cəzalarını alacaqlar .

Xeyrulla Ağayev
“Neft Daşları” qəzetinin baş redaktoru

Keçidlər