ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın vasitəçiliyi tərəfsizdirmi?
02 sentyabr 2020 | 11:00
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın müddətdir ki, işğal altında saxlayan Ermənistana son günlərdə hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması Azərbaycan dövlətini və cəmiyyətini ciddi narahat edir. Bu həm də onu sübut edir ki, çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirən Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək cəhdləri nəticəsizdir. Çünki, işğalçı Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil, Ermənistanın istəyi qarşıdurmalar yaradaraq mövcud status-kvonu və işğalı davam etdirməkdir. Münaqişə ilə bağlı bir çox beynəlxalq səviyyəli təşkilatlar tərəfindən qəbul olunmuş qətnamələrin (BMT TŞ-nın 822, 853, 874, 884 nömrəli qətnamələri) olmasına baxmayaraq Ermənistan nəinki torpaqlarımızdan çıxmaq istəmir hətta burada qanunsuz yerləşmə də həyata keçirmək fikrinə düşüb. Belə ki, Ermənistan, Beyrut şəhərində baş vermiş partlayışdan sonra Livanda yaranmış vəziyyətdən öz məkrli məqsədləri naminə istifadə etmək niyyətindədir. Ermənistan rəsmi şəkildə bəyan edib ki, Livandan olan etnik erməniləri işğal altında olan Azərbaycan ərazilərində məskunlaşdırmaqla bağlı israrlıdır. Əlbəttə ki, bu yolverilməzdir. Biz buna susa bilmərik. Ən əsası isə beynəlxalq təşkilatlar, Qarabağ məsələsi ilə bağlı iki ölkə arasında vasitəçilik missiyasını öz üzərinə götürən ölkələr və ümumiyyətlə beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşan heç bir ölkə buna susmamalıdır. Ermənistan kimi təcavüzkarlığı dövlət siyasətinə çevirmiş ölkələrə vaxtında lazımi reaksiyalar verilmədikdə sonra bunu etmək daha da çətin olur. Amma təəssüf ki, bir çox ölkələr bunu hələ də dərk etmir və Ermənistanı özlərinin bölgədəki mənfəətləri naminə istifadə etməyə çalışır. Bu ölkələrdən biri də yerləşdiyimiz bölgədə əsas güc mərkəzlərindən biri olan, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həllində tərəfsiz vasitəçilik öhdəliyini üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri və bəlkə də özünün də iddia etdiyi kimi birinci və əsas həmsədri olan Rusiyadır. Hər birimiz bilirik ki, Rusiyanın Ermənistanla dərin və “özünəməxsus” əlaqələri var. Əslində son dövrlərdə, yəni Nikol Paşinyan Ermənistanın baş naziri olaraq vəzifəyə başladığından bəri bu əlaqələr müəyyən qədər zədələndi. Ermənistanda belə demək mümkündür ki, rusdilli mediaya faktiki olaraq savaş açıldı, rus məktəbləri bir sinif kimi ləğv olunmağa başladı və hər sahədə anti-rus abu-havası hiss olundu. Bütün bunlara baxmayaraq Rusiyanın hələ də Ermənistanı himayə etməsi anlaşılmazdır və təbiidir ki bu da ölkəmizdə ciddi qınaq və narazılıqla qarşılanır. Əminliklə deyə bilərik ki, ölkəmizdə Rusiyaya qarşı yaranan narazılıq heç də son bir-iki ilin doğurduğu məsələ deyil. Bunun uzun illərə söykənən tarixi var. Ermənistan torpaqlarımızın 20 faizini işğal edəndə 366-cı rus alayı, onun əsgər və zabitləri tərəfsiz mövqe tutmamışdı. Bu gün isə Ermənistan ərazisində, Gümrüdə Rusiya Federasiyasının kifayət qədər təchizatlı hərbi bazası dislokasiya olunub. Əlavə olaraq vurğulamaq olar ki, müxtəlif vaxtlarda Rusiyadan Ermənistana kifayət qədər ciddi həcmdə silah-sursat verilib. Üstəlik bu silahlar dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satılır ki, bu da Ermənistana olduqca ucuz başa gəlir. Bəzi hallarda silahların tamamilə pulsuz olaraq verildiyi də faktlarla sübut olunub. Təkcə bu faktı bilmək kifayətdir ki, məsələnin doğruluğu və ciddiliyi sübut olunsun. Tovuz döyüşlərindən bir müddət sonra keçmiş Ermənistan rəhbəri S.Sarqsyan bəyanat yaydı ki, onun rəhbərliyi dövründə Rusiyadan Ermənistana 50 min ton həcmində pulsuz-parasız hərbi-texniki sursat daxil olub. İndi sual edə bilərik ki, tərəfsiz vasitəçilik missiyası olan Rusiya necə olur ki münaqişə tərəflərindən birinə, daha dəqiq desək işğalçı tərəfə silah tədarük edir. Bütün hüquqi məsuliyyəti bir kənara qoyaraq, sadəcə etik normalar baxımından bu nə qədər düzgündür??? Belə olan halda ölkəmizdə müxtəlif təbəqələr tərəfindən Rusiyaya qarşı narazılıq olması təbii deyilmi? Daha bir faktı da diqqətinizə çatdırmaq istərdim. Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Qeyd edək ki, bu texnikalarla hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür. Üstəlik Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı da məlum deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında iki ölkənin də KİV-də heç bir məlumata rast gəlmək mümkün deyil. Rusiya Ermənistana silah daşındığını qəbul etmədi və təyyarə reysləri vasitəsilə tikinti materiallarının daşındığını bildirdi. Bunu ötən günlərdə Azərbaycanda rəsmi-işgüzar səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıda keçirdiyi görüş zamanı bildirdi. “Bu hərbi daşınmalar Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün deyil, Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib. Rusiya bu günədək Azərbaycana qarşı yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq”. Təəssüf ki, buna inanmaq çətindir. Ən azından ona görə ki, daşınan materiallar həqiqətən də tikinti üçün nəzərdə tutulsaydı üç fərqli ölkə üzərindən, kifayət qədər ciddi vəsait hesabına daşınmazdı. Üstəlik bir fakt da var ki, Gürcüstan təyyarə reyslərinin özünün hava sərhədindən daşınmasına icazə verməyib. Rusiyadan Ermənistana reyslər Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən həyata keçirilib. Bəs onda bunun səbəbi nədir? Gürcüstan niyə Rusiyanın tikinti materialları daşımasına maneə yaratsın? Axı bu heç bir məntiqə sığmır. Rusiya müdafiə nazirinin “tikinti materialları” açıqlaması ilə bağlı Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də fikir bildirdi- “Rusiya tərəfinin izahı bizi tam qane etmir”. Bəli, yəqin ki bütün Azərbaycan xalqı da bu fikirlə razıdır. Bu açıqlama heç kimi qane etmir. Sergey Şoyqunun Bakıda səfərdə olduğu vaxt, Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov da Rusiyada rəsmi səfərdə idi. Nazirimiz səfər zamanı olduqca vacib açıqlamalar verərək, münaqişənin bundan sonrakı həlli prosesi ilə bağlı ip ucları verdi. “Danışıqlar prosesi konkret məsələlər ətrafında aparılmalıdır, substantiv olmalıdır və danışıqlar prosesinin imitasiyası olmamalıdır. Hesab edirik ki, danışıqlar prosesinə zərbə vuran bəyanatlar, fəaliyyətlər beynəlxalq ictimaiyyət tərəfindən, ilk növbədə həmsədr ölkələr tərəfindən qınanmalıdır”. Bu açıqlamalar bizi bir daha əmin edir ki, Azərbaycan tərəfinin mövqeyi qətidir və sarsılmazdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bu ya danışıqlar yolu ilə, ya da hərb yolu ilə olacaq. Amma mütləq olacaq. Biz iki varianta da hazırıq. Azərbaycan Ordusu istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə qadirdir. Azərbaycan xalqı da öz rəhbərliyinin, Ali Baş Komandanının və Ordusunun arxasındadır.
YAP Pirallahı rayon təşkilatının könüllüsü Samir Hüseynov