Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın hərbi və iqtisadi gücü imkan verir ki az bir müddətdə işğal olunmuş torpaqlarımızı azad edək

03 sentyabr 2020 | 11:00

Xaricdəki erməni diasporunun və ermənipərəst qüvvələrin dəstəyindən maksimum şəkildə yararlanan rəsmi İrəvan silahlanma prosesini qeyri şəffaf şəkildə həyata keçirməyə davam edir.
Ermənistanın qeyri-şəffaf və beynəlxalq qurumların prinsiplərindən kənar silahlandığını sübut etmək üçün BMT Adi Silahlar Registrinə baxmaq belə kifayətdir.  Registrdə alıcı (Ermənistan) və satıcı ölkələrin təqdim etdikləri məlumatlar, eləcə də ortaya çıxan çox saylı faktlar Ermənistanın şəffaf siyasət yürütmədiyini və beynəlxalq təşkilatları aldatdığını sübuta yetirir.
Aydındır ki, Ermənistan əldə etdiyi bütün silahları ölkəmizə qarşı istifadə edir. Buna görə də Ermənistanın əldə etdiyi silahlar və silahların hansı ölkələrdən tədarük edildiyi bizim üçün maraqlıdır. Bu sahədə son əldə etdiyimiz məlumatlar isə bizdə dərin təəssüf və narazılıq yaratdı. Çünki düşmənimizə verilən silahlar bizim illərdir müttəfiq olaraq qəbul etdiyimiz və dəstək verdiyimiz ölkələrdəndir.
Beləliklə, 12 İyul tarixində başlayan və bir neçə gün davam edən Tovuz döyüşlərində işğalçı Ermənistana Azərbaycana qarşı istifadə olunması üçün satılan silahlar Serbiyadan və Rusiyadan tədarük olunub.
İlk öncə Tovuz döyüşlərindən qısaca bəhs etmək istərdim. Tovuz rayonu istiqamətində dövlət sərhədində Ermənistan tərəfindən təxribat törədilməsi, dinc əhalinin və ordumuzun bölmələrinin artilleriya atəşinə tutulması qarşı tərəfin məkrli siyasətinin aydın təzahürüdür. Hər zaman olduğu kimi bu dəfə də Ordumuzun düşmənə layiqli cavabı gecikmədi. Ölkə başçısının rəhbərliyilə  Milli Ordumuz dövlət sərhədini pozmağa çalışan ermənilərə anında elə sarsıdıcı cavab verdi ki, onun təsiri hələ illərlə davam edəcək. Beləliklə, işğalçı və terrorçu Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alındı və düşmənə layiqli cavab verildi.
Burada yarımçıq qalan məsələ bizə tuşlanan silahların hansı ölkələrdən, hansı yollarla çatdırılması oldu. İlk olaraq Serbiya.
Döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib. Bu təkzib olunmaz faktlarla Azərbaycan hökuməti tərəfindən ortaya çıxarıldı və əlbəttə ki həm dövlət, həm də cəmiyyət tərəfindən  böyük narazıçılıqla qarşılandı. Çünki, Serbiya hər zaman, hətta ən çətin vaxtlarında belə Azərbaycanın dəstəyini hiss edib. Belə ki, cəmi bir neçə ay öncə rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərmişdi. Yardımı Serbiya hökuməti adından baş nazir Ana Brnabiç hava limanında çox böyük şükran hissi ilə qəbul edərək ölkəmizin şərəfinə minnət hissi ilə təşəkkürlər etmiş və təriflər yağdırmışdı. Bundan əlavə, Azərbaycan Serbiyanın suverenliyinə və ərazi bütövlüyünə daim birmənalı dəstəyini bəyan etmiş, Kosovonun müstəqilliyini tanımamışdı. Əvəzində isə Serbiya ərazi bütövlüyümüzə təhdid yaradan, illərdir torpaqlarımızı işğal altında saxlayan Ermənistana silah sataraq ona olan etimadımızı boşa çıxardı. Ölkəmizdə haqlı narazılıqla qarşılanan Serbiya çox keçmədi ki geriyə addım ataraq, məsələni aydınlaşdıracağını bildirdi. Belə ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistanın Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini və yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etdi. Bu telefon danışığının üzərindən cəmi bir neçə gün keçdikdən sonra Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycana rəsmi səfərə gəldi. Burada bir çox görüş keçirən nazir mətbuata açıqlamasında bildirdi ki, bizim məqsədimiz ölkələrimiz arasında yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir.
Əlbəttə ki, bağlı qapılar arasında ictimaiyyətə elan olunmayan bir çox məqamlar müzakirə olunmuş və razılığa gəlinmişdir. Burada əsas olan və adi gözlə də görünən məsələ budur ki, Serbiya Azərbaycanı itirmək istəmədi. Buna görə də sürətli reaksiya verərək məsələnin həllinə çalışdı. Bu bizə onu göstərir ki, Serbiya üçün Azərbaycan etibarlı tərəfdaş və itirilməməli olan müttəfiqdir.
Ermənistana silah tədarük edən digər ölkə isə Rusiyadır.
Rusiya ilə bağlı məsələ nisbətən daha qəliz və qarışıqdır. Çünki bir tərəfdən bu yeni mövzu deyil. Belə ki, biz illərdir Rusiyanın Ermənistana silah tədarük etdiyini və bəzi hallarda tamamilə pulsuz şəkildə Ermənistanı silahlandırdığını bilirik. Hətta Rusiya Ermənistana silahları pulla satsa belə satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır ki, bu da Ermənistana olduqca ucuz başa gəlir. Digər tərəfdən isə Rusiya Azərbaycanla dərin siyasi - iqtisadi əlaqələri və çox illik yaxın münasibətləri olan bir ölkədir. Bundan əlavə, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Yəni, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında vasitəçilik edən üç ölkədən biridir. Bəs onda niyə Rusiya Ermənistana açıq dəstək verərək Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsinə şərait yaradır. Həmsədr kimi işğalçını silahlanlandırmaq hansı etik normalara uyğundur??
Məlumdur ki, 1995-1996-cı illərdə Rusiya Ermənistana tərkibində “Scud” operativ-taktik raketləri də daxil olmaqla 1 milyard dollar dəyərində silah və texnika ötürülməsini reallaşdırıb. Sonrakı illərdə də bu proses davam etdirilib. 2006-2007-ci illərdə Rusiyanın Gürcüstandakı Axalkələk və Batumi hərbi bazalarından Ermənistana daşınan əmlakın önəmli qismi 102-ci bazaya deyil, Ermənistan Ordusuna verilib. Ermənistan Silahlı Qüvvələrinə təmənnasız şəkildə verilmiş bu əmlakın dəqiq həcmi barədə hər hansı informasiya mövcud deyil. Son olaraq,  Tovuz döyüşlərindən bir müddət sonra keçmiş Ermənistan rəhbəri S.Sarqsyan bəyanat yaydı ki, onun rəhbərliyi dövründə Rusiyadan Ermənistana 50 min ton həcmində pulsuz-parasız hərbi-texniki sursat daxil olub. Bunda məqsəd nədir? Rusiyanın Ermənistanı silahlandırmaqla hədəfi Cənubi Qafqazda onsuzda yekunlaşmayan münaqişəni daha da alovlandırmaqdırmı? Hansı ki, Rusiya həmin münaqişənin həllində vasitəçidir!
Qayıdaq, əsas mövzuya. Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys, yəni təqribən 400 tondan artıq silah daşınıb. Qeyd edək ki, Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Təəssüfləndirici haldır ki, bu ölkələrdən Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər.
Baş verənlərin fonunda Rusiyanın Ermənistanı silahla təchiz etməsi Azərbaycan tərəfini narahat etməyə bilməzdi. Azərbaycan, ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan Rusiyanın Ermənistanı silahlandırmasını və himayə etməsini qəbuledilməz davranış kimi dəyərləndirir. Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putin arasında bir müddət öncə baş tutmuş telefon danışığında da bu mövzuya toxunulub. Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edərək, iyulun 12-dən 16-dək Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistanın hərbi hücumu barədə məlumat verib. Dövlət başçımız Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb və bildirib ki, Ermənistanın bu hərbi hücumunun əsas məqsədi üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməkdir. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan sərhəddində baş vermiş toqquşmalar başa çatandan sonra – iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Bir şeyi də xüsusilə vurğulamaq istərdim ki, bu hadisələrindən sonra iki ölkə qarşılıqlı səfərlər baş tutdu. Belə ki, avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Serqey Şoyqu Azərbaycanda rəsmi səfərdə oldu. Rus müdafiə naziri Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüş keçirdi və görüşdə çıxış edərək bildirdi ki “Biz Ermənistanla sərhəddə baş verən hadisələri bilirik və narahatlıqla izləyirik. Bizim bazalarımıza olan uçuşlarımızla bağlı narahatlıqdan da xəbərimiz var. Dərhal demək istəyirəm: bizim hərəkətlərimiz heç vaxt bizim qonşu və tərəfdaşımız olan Azərbaycana qarşı yönəlməyib. Rusiya Cənubi Qafqazda gərginliyin artmasında maraqlı deyil”. Beləliklə, Rusiya döyüşlər zamanı Ermənistana dəstək olmadığını bildirir. Amma faktlar da göz qabağındadır. Biz də inanmaq istərdik ki, şimal qonşumuz təcavüzkar qonşumuza dəstək olmur və ərazi bütövlüyümüzə hörmətlə yanaşır. Amma reallığı gözardı etmək bizə heç nə qazandırmaz.
Rus müdafiə nazirinin Bakıda olduğu vaxt Azərbaycan Xarici İşlər Naziri də Rusiyada səfərdə idi. Burada vacib açıqlamalar verən Xarici İşlər Nazirimiz bildirdi ki, bundan sonra danışıqlar konkret məsələlər ətrafında aparılmalı və imitasiya edilməməlidir.
Beləliklə əminliklə deyə bilərik ki, Azərbaycan bundan sonra məsələnin həllində daha da prinsipial mövqe tutacaq və ərazi bütövlüyünün bərpası üçün var gücü ilə çalışacaq. Bizim bunun üçün siyasi və iqtisadi gücümüz tam yetərlidir. Ordumuz da istənilən döyüş əmrini yerinə yetirməyə qadirdir. Ölkəmizin artan iqtisadi və siyasi, eləcə də hərbi qüdrəti imkan verir ki, biz az bir müddətdə işğal olunmuş torpaqlarımızı azad edək və öz bayrağımızı işğal olunmuş torpaqlarımızda dalğalandıraq.


Rauf Əliyev
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi

Keçidlər