Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın Rusiya tərəfindən silahlandırılması beynəlxalq hüquq prinsiplərinə ziddir!

04 sentyabr 2020 | 11:00
Rusiyanın Ermənistana Hər birimizə məlumdur ki, dünyada münaqişə ocaqları,  xüsusilə də dondurulmuş və hələ də nizamlanmamış münaqişələr kifayət qədər çoxdur və təəssüf ki, illər keçdikcə bunların sayında azalma müşahidə olunmur. Məsələn, Balkan yarımadası, Yaxın Şərq regionu, Dnestryanı münaqişə, Kosovo, Rusiya və Yaponiya arasında hələ də mövcud olan Kuril adaları problemi, Hindistan və Pakistan arasında Kəşmir problemi, hətta bu siyahını Efiopiya və Eritreya arasında bu gün də mövcud olan sərhəd problemlərinə qədər uzatmaq olar. Qafqaz regionu da bu baxımdan istisna deyil. Qafqaz hal-hazırda dünyada siyasi düyün nöqtələrindən biri hesab olunur. Xüsusilə, Qafqazın cənubu etnik müxtəlifliyin daha çox yayıldığı areal olduğu üçün burada münaqişələrin də sayı kifayət qədərdir. Postsovet məkanındakı 8 silahlı etno-siyasi və mülki münaqişələrdən 6-sı Qafqaz regionunda baş vermişdir. Bunlar Dağlıq Qarabağla bağlı Ermənistan-Azərbaycan münaqişəsi, Gürcüstan-Osetiya və Gürcüstan-Abxaziya münaqişəsi, Gürcüstanda vətəndaş müharibəsi, Rusiya daxilində Osetiya-İnquşetiya və rus-çeçen münaqişələridir.
Bizim üçün daha maraqlı olan və üzərində duracağımız mövzu Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsidir. Əslində yəqin ki demək mümkündür ki Cənubi Qafqazda sabitliyin pozulmasının və millətlərarası gərginliyin artmasının ilk səbəbi Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları olmuşdur. Ermənistanın Dağlıq Qarabağda yaratdığı təcavüzkar etnik-separatçı hərəkat bütün Qafqazı əhatə etmiş, regionda təhlükəli meyillərə təkan vermiş və dünya probleminə çevrilmişdir. Bu gün də davam edən bu münaqişə erməni tərəfinin torpaqlarımızın 20 %-ni işğalda saxlaması, vaxtaşırı sərhədi pozmaq cəhdləri və mülki əhalini atəşə tutması ilə davam edir. Hələ də təsirləri tam ötüşməyən Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan tərəfi 12 hərbiçisi ilə yanaşı 76 yaşında 1 mülki vətəndaşını da itirdi. Çox da uzaq olmayan keçmişdə Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı vəfat etmişdi. Bu siyahıya 1992-ci ildə Xocalıda müxtəlif işgəncələrlə qətlə yetirilən ya da erməni dəhşətindən qaçarkən donaraq həyatını itirmiş onlarla azərbaycanlını da əlavə etmək olar. Ümumiyyətlə, Ermənistanın bu kimi insanlığa və heç bir beynəlxalq hüquq prinsiplərinə sığmayan addımları sayılmayacaq qədər çoxdur. Burada lazım olan beynəlxalq birliyin, böyük dövlətlərin və Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında öz üzərinə vasitəçilik missiyasını götürən beynəlxalq təşkilatların Ermənistana lazımi təzyiq göstərib onu sülh danışıqlarında konstruktiv mövqe tutmağa məcbur etməsidir. Amma çox təəssüf ki, müşahidə olunan son vəziyyət heç də belə deyil. Hələ də bəzi dövlətlər o cümlədən dövlətimizə müttəfiq olaraq qəbul etdiyimiz dövlətlər hansısa şəxsi maraqlar naminə bütün beynəlxalq prinsipləri və etik normaları gözardı edərək işğalçını silahlandırır. Təbii ki bu bizdə dərin təəssüf və narahatlıq yaradır. Deməli şəxsi mənafelər bir çox dövlət üçün insanların həyatından və beynəlxalq hüquqdan daha üstündür.
Bir şeyi xüsusilə vurğulamaq istəyirəm ki, Tovuz hadisələri Cənubi Qafqazda yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Belə ki, Tovuz hadisələrindən sonra Azərbaycan xarici siyasətində yeni bir yanaşma və üslub özünü göstərdi. Azərbaycan hakimiyyəti təcavüzkar Ermənistana qarşı və eləcə də bu ölkəyə hər hansı formada dəstək verən dövlətlərə qarşı daha qətiyyətli və sərt mövqe nümayiş etdirdi.
Sentyabrın 2-də Yunanıstanın səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən prezidentin çıxışı bunu bir daha göstərdi. Prezident İlham Əliyev səfiri qəbul edərkən kifayət qədər açıq və qəti şəkildə Yunanıstanla münasibətlərdəki soyuqluğun səbəblərini açıqladı və rəsmi Afinanın Ermənistanla hərbi sahədə əməkdaşlığı məsələsinə toxunaraq Bakının bundan narahatlığını ifadə etdi. Prezident nitqində bildirdi ki, Yunanıstanın və Cənubi Kipr hökumətinin işğalçı Ermənistanla hərbi sahədə əməkdaşlığı Azərbaycanı narahat edir. “Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim. Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb”.
Beləliklə, daha  əvvəl Gürcüstana, Serbiyaya və ən əsası Rusiyaya, indi də Yunanıstana qarşı göstərilən bu mövqe onu göstərir ki, erməni məsələsində heç bir halda güzəşt edilməyəcək. Bu eyni zamanda digər ölkələr üçün də xəbərdarlıq mahiyyəti daşıyır. Həm işğalçı, həm də işğala məruz qalan ölkə ilə bərabər münasibətlər ola bilməz. Bu ikili oynamaqdır və Azərbaycan bunu qəbul etmir.
Tovuz döyüşlərindən öncə və sonra Ermənistanı silahlandıran, həmin silahların öz ərazisindən daşınmasına razılıq verən ölkələr həqiqətən də bizdə dərin təəssüf yaratdı. Çünki demək olar ki, prosesdə iştirak edən hər ölkə ilə Azərbaycanın az və ya çox siyasi - iqtisadi və sosial əlaqələri mövcuddur.  İlk olaraq Serbiyadan başlaya bilərik. Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Belə ki, cəmi bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərmişdi. Bundan əlavə, Azərbaycan dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan etmiş və Kosovanın müstəqilliyini tanımamışdı.
Beləliklə Azərbaycanın hər tərəfli dəstək verdiyi Serbiyanın Ermənistana silah verməsi heç cür anlaşılan deyi və təbiidir ki, bu vəziyyət ölkəmizdə ciddi etirazla qarşılandı və kəskin formada qınanıldı. Serbiyanın bu hərəkəti rəsmi Bakı tərəfindən iki ölkə arasındakı mövcud münasibətlərini ruhuna zidd olaraq qiymətləndirildi və bundan təəssüf hissi keçirildiyi vurğulandı. Bunun nəticəsi olaraq avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələr zamanı Ermənistanın Serbiya istehsalı silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirdi və vəziyyətin araşdırılması məqsədi ilə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycana səfər etməli oldu. Bakıda keçirilən görüşlərdə bir daha iki ölkə arasındakı münasibətlərə ciddi xələl gətirəcək hərəkətlərə yol verilməməsi və təhlükəsizlik, həssas informasiyaların mübadiləsi və digər mühüm istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə edildi.
Ermənistanı silahlandıran digər ölkə isə heç kimi təəccübləndirməyərək Rusiya oldu. Rusiya aktiv toqquşmaların dayandığı  16 yul tarixindən dərhal sonra,  iyulun 17-dən başlayaraq sentyabrın 1-nə qədər Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə Ermənistana çoxsaylı yük reysləri həyata keçirib. Bizə məlumdur ki, həmin reyslər vasitəsilə içində “Krasuxa”, “Avtobaza”, “Nebo-M markalı silahlar da daxil olmaqla çoxsaylı silah-sursat daşıyıb. Rusiyanın Ermənistanı silahlandırması beynəlxalq hüquq normalarına zidd və yolverilməz bir taktikadır. Rusiya Ermənistanın bölgədəki işğalçı və təcavüzkar siyasətinin qarşısının alınması üçün mütləq “silahlandırılma” siyasətini saxlamalıdır. Əks təqdirdə bölgədə müharibə qaçınılmaz bir reallıqdır.


Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədr
Əli Kərimov

Keçidlər