Türkiyə və Azərbaycan qardaşlığının növbəti təzahürü: Birgə təlimlər davam edir
Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan Azərbaycan-Türkiyə əlaqələri bugün daha da inkişaf etdirilməkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib, genişləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm tərkib hissəsidir. Tarixi köklərə və qardaşlığa söykənən iki ölkə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və s. sahələrdə uğurla inkişaf etməkdədir. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamaqda və müsbət nəticələr verməkdədir.
Son 30 ildə Azərbaycan və Türkiyə arasında siyasi əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş, 15 sentyabr 2010-cu ildə İstanbulda imzalanmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) yaradılmasına dair Birgə Bəyannamə ilə təsbit olunmuş YSSƏŞ-in mütəmadi keçirilən iclasları iki ölkə arasındakı bütün sahələrdə əlaqələrin daha da genişlənməsi və dərinləşməsinə öz töhfəsini vermişdir. Vaxtaşırı keçirilən Şuranın iclaslarında bütün sahələrdə o cümlədən hərbi sahədə əlaqələr müntəzəm nəzərdən keçirilmiş və bir çox sahələrə dair əməkdaşlığa dair mühüm sənədlər imzalanmışdır.
Türkiyə, Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasına daim yardım göstərmişdir. Məlumdur ki, müstəqilliyimizin ilk illərində orduda kadr çatışmazlığı mövcud idi. Türkiyə Azərbaycanda kadrların hazırlanmasına və hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynamışdır.
Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. 11 avqust 1992-ci ildə imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə və 10 iyun 1996-cı ildə imzalanmış “Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” çərçivəsində Türkiyə ilə Azərbaycan hərbi təhsil sahəsində əməkdaşlıq edir. Bu günə qədər Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində çoxsaylı azərbaycanlı hərbçi təhsil alıb. Hazırda azərbaycanlı hərbçilərin bir qrupu Türkiyənin təhsil müəssisələrində təhsillərini davam etdirir. Azərbaycan Silahlı Qüvvələrinin yenidən təşkilinə kömək etmək məqsədilə hər il müəyyən kvotalar daxilində Türkiyədə azərbaycanlı hərbi qulluqçular təhsil alırlar. Beləliklə, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq daim inkişaf etmiş və hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirilmişdir. Əminliklə demək mümkündür ki, artıq bu təlimlər ənənə halını almışdır. Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin inteqrasiyası gələcəkdə digər türk dövlətləri üçün də yaxşı bir nümunədir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında son belə təlim iyulun 29-dan etibarən başlamış və avqustun 10-dək davam edəcək. Keçiriləcək birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti Azərbaycana gəlib. Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilən təlimlərə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb edilib. Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var. Prezident çıxışı zamanı demişdir: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Ermənistanın Tovuz rayonuna hücumundan və Ermənistanla Rusiya arasında hərbi təlimlər başlayandan sonra Azərbaycanla Türkiyə arasında hərbi əlaqələrin inkişaf etdirilməsinin vacibliyi bir daha üzə çıxdı. Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə etmiş, mütəmadi olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərmişdir. Münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyindən dönməyəcəyini ən yüksək dövlət və hökumət nümayəndələri səviyyəsində dəfələrlə bəyan etmişdir
Türkiyə dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri daim müdafiə edib. Belə ki, hələ SSRİ-nin mövcud olduğu dövrdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzünün genişlənməsi zamanı Azərbaycan xalqının haqq səsi məhz Türkiyə vasitəsi ilə dünyaya çatdırılmışdı. Bu işdə Türkiyənin rəsmi şəxslərinin mövqeyi, eləcə də kütləvi informasiya vasitələrinin əhəmiyyətli rolu xüsusilə qeyd edilməlidir. 1993-cü il aprelin əvvəllərində Ermənistanın hərbi təcavüzünün daha da genişlənməsi və Kəlbəcər rayonunun işğalı ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyi bəyanatla çıxış etməklə yanaşı, Türkiyə hökuməti BMT Təhlükəsizlik Şurasından təcili iclasının çağırılmasını da xahiş etmişdi. O zaman Türkiyə dövləti Azərbaycanı dəstəkləyərək Ermənistandan işğalçılıq siyasətinə son qoymasını tələb etdi və bu işğalın davam etməsi səbəbindən Ermənistanla sərhədini bağladı.
Eyni şəkildə Azərbaycan da beynəlxalq aləmdə daim Türkiyənin yanında olmuş, Türkiyənin təmsil olunmadığı beynəlxalq tədbirlərdə onun haqq səsinin carçısı olmuşdur. Bunun son nümunəsini cənab İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən müşahidə etdik. Ümumiyyətlə ölkə başçımızın həmin günki çıxışı bir çox əlamətdar məqamlarla yadda qalmışdır. Ölkə başçısı ölkəmiz tərəfindən Türkiyəyə verilən qeyd-şərtsiz dəstəyi bu sözlərlə ifadə etmişdir: “Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdə Azərbaycan Türkiyəni dəstəkləyir. Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz dəstəyi türk qardaşlarımızdan da görürük”. Heç bir diplomatik pərdə arxasına sığınmadan, olduqca şəffaf şəkildə deyilən bu sözlər-Türkiyəyə verilən açıq dəstək siyasətdə sıxlıqla rast gəlinməyən və sadəcə potensialına güvənən siyasi liderlərə məxsus önəmli bir addımdır. Qısa müddətdə Türkiyədə də gündəm olan bu sözlər ölkələrimiz arasındakı dostluq və qardaşlığın növbəti təzahürü oldu.
Ölkə başçımızın yunan səfiri qəbul edərkən toxunduğu digər vacib məsələ isə Yunanıstanın Ermənistanla hərbi əməkdaşlığı və Azərbaycan tərəfinin bundan narahatlığı oldu. Prezident İlham Əliyev bu məsələdə də açıq mövqe nümayiş etdirdi. “Mənim sizinlə qaldırmaq istədiyim, sizin bunu digər mənbələrdən deyil, məndən eşitməyinizi istədiyim ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızdır. Bildiyiniz kimi, Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Yeri gəlmişkən, iki il əvvəl Avropa İttifaqı və Azərbaycan “Tərəfdaşlıq prioritetləri” adlı sənədi paraflayıblar. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Başqa sözlə, Ermənistan aqressiv davranır. Dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb və o, artıq etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb. Bir sözlə, Ermənistan Azərbaycanın düşmənidir və bu, onların qərarı olub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur”.
Anar Babayev
YAP Pirallahı rayon təşkilatının könüllüsü