Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Azərbaycanın ən etibarlı müttəfiqi və siyasi tərəfdaşıdır

07 sentyabr 2020 | 11:00
Türkiyə Cümhuriyyətinin bizimlə tarixən milli, mənəvi, dini və etnik bağları mövcuddur. Ümummilli lider Heydər Əliyevin dediyi kimi Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bunu nəzərə alaraq əminliklə deyə bilərik ki Türkiyə bizim qardaş ölkəmizdir və bizim Türkiyədən başqa ikinci təbii strateji müttəfiqimiz yoxdur.
Bütün dünyaya məlumdur ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və ermənilərin işğalda saxladığı Azərbaycan ərazilərindən mövqelərimizə vaxtaşırı hücumlar təşkil etməsi Azərbaycanın Ermənistanla hələ də isti müharibə şəraitində olduğunu göstərir. Yəqin ki hamıya aydındır ki, bu, Ermənistanın cəsarətindən ya da istəyindən irəli gələn məsələ deyil. Ermənilər onları dəstəkləyən qüvvələrə arxayın olaraq bu addımları atır və bu arxayınlığın sayəsində də 30 ilə yaxındır ki, torpaqlarımızı işğal altında saxlayırlar. Təbii ki, belə bir zamanda Azərbaycan da özünün müttəfiqləri ilə əməkdaşlığını genişləndirməli və müttəfiq dövlətlərin dəstəyi ilə hərbi potensialını artırmaq istiqamətində işlər görməlidir .
Tovuzda Ermənistanın Azərbaycan ərazisinə hücum etməsi nəticəsində yaranmış vəziyyət də Azərbaycanın bundan sonra ən yaxın müttəfiqi olan Türkiyə ilə daha sıx hərbi əməkdaşlıq etməsi məsələsini gündəmə gətirdi. Türkiyə də həm Ermənistana, həm də Ermənistanın havadarlarına Azərbaycanın tək olmadığını nümayiş etdirərək ona ən yüksək səviyyədə dəstək verdi. Yaranmış situasiyada Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq bölgədə sülh və təhlükəsizliyin təmini baxımından da mühüm əhəmiyyət kəsb edir. Xatırladaq ki, 2010-cu ilin sentyabrında “Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması” haqqında birgə bəyannamə imzalanıb.
Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında maksimum dərəcədə ölkəmizə dəstək verib. Məlumdur ki, o zaman orduda kadr çatışmazlığı var idi. Türkiyə Azərbaycanda kadrların hazırlanmasında, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi, müqavilələr bağlandı  və iki qardaş ölkənin silahlı qüvvələri birgə hərbi təlimlər keçirməyə başladı. Bu təlimlər hazırda da davam etdirilir. Keçirilən hərbi təlimlər bir çox baxımdan olduqca əhəmiyyətlidir. Belə ki, hərbçilərimizin hərbi bacarıqlarının yüksədilməsi istiqamətində işlərin görülməsi, NATO sistemi üzrə ordu quruculuğu və inkişaf etmiş hərbi-texniki metodlardan istifadə məsələləri və müasir dünyada döyüş aparmaq keyfiyyətlərinin yüksəldilməsi baxımından hərbi təlimlər xeyli faydalıdır və bir millət-iki dövlət prinsipinin daha da möhkəmlənməsinə xidmət edən amildir.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş cari ilin iyulun 2-də qüvvəyə minmişdir. Qeyd edək ki, iki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir.
1) NATO ilə əməkdaşlıq sənədləri
2) Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr
3)  Türkiyənin milli regional maraqları, milli təhlükəsizlik sənədləri.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. Təlimlərə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.
Prezident İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Prezident bildirib: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
Türkiyənin Azərbaycana verdiyi dəstək kimi, Azərbaycan da beynəlxalq aləmdə Türkiyəyə dəstək verir. Bir çox hallarda ölkə başçımız Türkiyənin təmsil olunmadığı beynəlxalq tədbirlərdə Türkiyənin haqq səsinin carçısı olur. Son belə hal bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən yaşandı. Ölkə başçımız görüşdə bütün diplomatik lüğəti bir kənara qoyaraq olduqca açıq şəkildə öz fikirlərini və narazılıqlarını yunan səfirə çatdırdı.
Dövlət başçımız ilk öncə Yunanıstanın Ermənistanla olan hərbi əməkdaşlığından danışaraq bu mövzudakı narahatlığını dilə gətirdi. “Mənim sizinlə qaldırmaq istədiyim, sizin bunu digər mənbələrdən deyil, məndən eşitməyinizi istədiyim ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızdır. Bildiyiniz kimi, Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Yeri gəlmişkən, iki il əvvəl Avropa İttifaqı və Azərbaycan “Tərəfdaşlıq prioritetləri” adlı sənədi paraflayıblar. Orada Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Başqa sözlə, Ermənistan aqressiv davranır. Dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb və o, artıq etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb. Bir sözlə, Ermənistan Azərbaycanın düşmənidir və bu, onların qərarı olub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur”.
Daha sonra ölkə başçımız son günlərdə Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginliklə bağlı danışaraq Azərbaycanın Türkiyəni qyd-şərtsiz, bütün hallarda dəstəklədiyini bəyan etdi. “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”.
Ölkə başçısı tərəfindən səsləndirilmiş bu sözlər həqiqətən də olduqca dəyərlidir. “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”. Bu sadəcə siyasi mesaj deyil, bu həm də beynəlxalq arenada çox da şahidi olmadığımız siyasi etikanın təzahürüdür. Bu cür sözlər etibarlı siyasətin əxlaq fəlsəfəsini özündə əks etdirir. Mövcud yanaşma isə yalnız özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus olan keyfiyyətdir. Cənab Prezident Yunanıstanın səfirini qəbul etdiyi zaman istifadə etdiyi ritorika yalnız güclü dövlət başçılarına xasdır. Prezidentin: “Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz” kimi sözləri Azərbaycanın açıq diplomatiyasına işarə edir. Bizim dövlət başçımız o nadir ölkə rəhbərlərdəndir ki, ikili standartlar siyasətini açıq tənqid edir. Aydındır ki, dünyamızın bir çox faciələri və ziddiyyətləri məhz ikili standartlarla bağlıdır. Düşünürük ki, dövlət başçısı tərəfindən həmin görüşdə səsləndirilmiş sözlər ümumən Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər sistemində yerini və siyasi qətiyyətini nümayiş etdirir.


Xeyrulla Ağayev
“Neft Daşları”  qəzetinin baş redaktoru

Keçidlər