Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan üçün kabus ssenarisi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı

09 sentyabr 2020 | 11:00
Türkiyə ilə Azərbaycan arasında son vaxtlar dərinləşən hərbi müttəfiqlik işğalçı Ermənistan üçün sözün əsl mənasında kabus ssenarisidir.  İki ölkənin Silahlı Qüvvələri arasında müntəzəm olaraq keçirilən hərbi təlimlər Ermənistanın Tovuz  rayonu istiqamətində törətdiyi təxribatdan sonra daha da intensivləşib.
Azərbaycan və Türkiyə Respublikaları arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirildi. Bu dəfəki təlimlər daha geniş tərkibli şəxsi heyətin iştirakı və uzun müddətli olması ilə diqqəti cəlb etdi. Məlum təlimlərə öz münasibətini bildirən  Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bəyan edib ki, bizim hərbi çərçivədə müqavilələrimiz, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalarımız, müdafiə sənayesi sahəsində əməkdaşlığımız var. Bütövlükdə bunların məntiqi nəticəsi olaraq, 2010-cu ildə imzalanan strateji əməkdaşlıq sazişimiz var.
İki həftədən artıq keçirilmiş təlimlər və onun yekunlarının müzakirə edilməsi məqsədilə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin avqustun 12-də Azərbaycana səfərə gəlməsi bizə bir sıra nəticələrə gəlmək üçün də imkan yaratdı. Birincisi, Türkiyə regionda işğalçını cilovlamaq və hərbi gərginlik yaratmaq istəyənləri  bu hərəkətlərdən çəkindirmək niyyətində olduğunu gizlətmir; ikincisi, Türkiyə regionu Avropa enerji təsərrüfatı ilə bağlayan beynəlxalq neft, qaz və nəqliyyat xəttlərinin təhlükəsizliyini təmin etməyə səy göstərir və nəhayət üçüncüsü qardaş ölkə Azərbaycan Silahlı Qüvvələrinin modern orduya  çevrilməsinin donoru kimi çıxış etməklə ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə öz əhəmiyyətli töhvəsini verməyə çalışır.
Bu səviyyədə hərbi təlimlərin keçirilməsi həmçinin Ermənistanın havadarlarına da ciddi bir çağırış hesab olunmalıdır. Düşmən Ermənistanı son vaxtlar ən çox təlaşlandıran məsələ də məhz budur. İşğalçı tərəf yaxşı fərqindədir ki, qardaş ölkənin qüdrəti bölgədə bizim manevr imkanlarımızı əhəmiyyətli şəkildə artırır, Qarabağ probleminin ədalətli həlli yönündə gücümüzə əlavə güc qatır. İrəvanın ən böyük təlaşı isə odur ki, Türkiyə Cənubi Qafqazda möhkəmləndikcə, Bakı-Ankara ittifaqı bütün istiqamətlərdə gücləndikcə ərazilərimizin işğalını rəsmiləşdirmək, Azərbaycanı təkləmək mümkün olmayacaq.
İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektivdə də planlar mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir.
Prezident İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından və eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Dövlət başçısı bildirib: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
Beləliklə Türkiyənin Azərbaycana verdiyi dəstək ümumilikdə region üçün olduqca əhəmiyyətlidir. Eyni şəkildə Azərbaycan da Türkiyəyə açıq dəstək verir. Bunu dəfələrlə müşahidə etmişik. Son belə hal isə bu yaxınlarda ölkə başçımız yunan səfirini qəbul edərkən yaşandı. Cənab İlham Əliyev yunan səfirinə olduqca açıq, bütün diplomatik söz oyunlarından kənar şəkildə Azərbaycanın hər məsələdə Türkiyənin yanında olduğunu bildirdi. Ölkə başçısı demişdir: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”.
Sonda bir daha bildirmək istəyirəm ki, Azərbaycanla Türkiyənin münasibətlərinin daha yüksək səviyyəyə qalxması, hərbi əməkdaşlığın hərbi müttəfiqliyə çevilməsi Azərbaycan üçün  və ümumilikdə region üçün olduqca müsbət haldır. Belə olan halda Azərbaycanın mövqeləri daha da güclənir. Qarabağ savaşında Türkiyə bizə hətta birbaşa hərbi dəstək verməsə belə, onun regionda varlığı, iki qardaş ölkənin təbii və sarsılmaz müttəfiqliyi işğala qarşı, süni İrəvan-Moskva müttəfiqliyinə qarşı olduqca sanballı, tarazlaşdırıcı amil rolunu oynayacaq və tez vəya gec ərazilərimizin azadlığına gətirəcək. Ərdoğanın təbirincə desək, ox artıq yaydan çıxıb və hədəfinə mütləq çatacaq...


       Arzu Abdullayev
      Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatında
     İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Keçidlər