Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyev: “Türkiyə bizim üçün həm dostdur,həm qardaşdır, həm dayaq nöqtəsidir, həm də arxadır”

13 sentyabr 2020 | 11:00
Tarixi köklərini hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı günümüzdə də yüksələn xətlə inkişaf edir.
Bu günlərdə iki ölkənin strateji müttəfiqliyinin yeni mərhələsinə qədəm qoyduğu bölgədəki yeni reallıqlar nümunəsində daha aydın görünür. Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra iki dost və qardaş ölkə arasında hərbi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi xüsusi aktuallıqla ortaya çıxdı.
Əminliklə deyə bilərik ki Tovuz döyüşləri bölgədə yeni geosiyasi mühitin yaranmasına gətirib çıxardı. Ermənistanın hərbi təxribat hesabına regional sabitliyi pozmaq və münaqişəyə daha çox oyunçunu qoşmaq ssenarisi boşa çıxdı. Əvəzində rəsmi Bakının bu vəziyyətdə də beynəlxalq hüquq normaları çərçivəsində hərəkət etdiyi bir daha öz təsdiqini tapdı və bu mövqe qlobal səviyyədə də təqdir olundu.
Azərbaycanın haqlı mövqeyini ilk dəstəkləyən ölkə yenə də bizi təəccübləndirməyərək qardaş Türkiyə dövləti oldu. Bununla bağlı cənab Prezident İlham Əliyev demişdir: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə bu məsələ ilə bağlı çox açıq, kəskin və prinsipial mövqe nümayiş etdirdi. Bir daha bu göstərir ki, Türkiyə və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Yaxşı günlərdə də çətin günlərdə də. Biz bir-birimizə arxalana bilərik. Bizim gücümüz birliyimizdədir”. Bəli, həqiqətən də belədir. Türkiyə yaxşı günümüzdə də, pis günümüzdə də daim bizim yanımızda olmuşdur. Ümumiyyətlə müstəqillik qazandıqdan sonra Türkiyə Azərbaycanın ən yaxın tərəfdaş ölkəsi olmuşdur.
Türkiyə Azərbaycanda Silahlı Qüvvələrin formalaşmasında da əhəmiyyətli rol oynayıb. Azərbaycanda kadrların hazırlanmasında, hərbi məktəblərin proqramlarının formalaşmasında yaxından iştirak edib. Hazırda da hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirilir.
2007-ci ildən başlayaraq Türkiyə-Azərbaycan yüksək səviyyəli hərbi dialoqu təşkil olunmaqdadır. Bu hərbi dialoq zamanı müxtəlif hərbi əməkdaşlıq istiqamətləri və imkanları müzakirə olunur. Həm Azərbaycan tərəfinin həm Türkiyə tərəfinin komanda və şəxsi heyətinin hazırlığının yoxlanılması, yüksəldilməsi baxımından belə təlimlərin çox mühüm əhəmiyyəti var.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirildi. Bu təlimlər ölkələrimizin hərbi qüdrəti və əməkdaşlıq səylərinin real nümayişidir. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Bu hərbi təlimlər iyul ayının 12-də işğalçı Ermənistanın hərbi təxribatlarından qısa zaman keçdikdən sonra başlandı. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib. Qeyd etmək lazımdır ki, bu təlimlər əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilir.
Azərbaycan-Türkiyə genişmiqyaslı təlimləri hərbi xarakteri olmaqla yanaşı siyasi cəhətləri ilə də səciyyələnir. Siyasi prizmadan məsələyə yanaşdıqda işğalçı Ermənistan üçün keçirilən təlimlər sözün həqiqi mənasında düşünmək üçün əsas yaradan bir məsələ oldu. Beləliklə, Ermənistan və havadarları bir daha dərk etməli oldu ki, Azərbaycan tək deyil, regionda cərayan edən proseslərdə Azərbaycanın kifayət qədər təsirli imkanları, rolları mövcuddur və Türkiyənin də Azərbaycanın yanında olması eyni zamanda Azərbaycanın da Türkiyənin yanında olması iki dövləti vahid güc halında birləşdirmə elementlərini formalaşdırır.
Təbii ki, Azərbaycandan da analoji mövqe müşahidə olunmaqdadır. Azərbaycan tərəfi də bütün məsələlərdə Türkiyənin yanında olduğunu dəfələrlə sübut edibdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan prezidenti həmişə beynəlxalq tribunalarda Türkiyənin mövqelərini qətiyyətlə müdafiə edib. Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdə də Azərbaycan Türkiyəni dəstəkləyir. Bunu Azərbaycan ən yüksək səviyyədə- ölkə başçısı səviyyəsində bəyan etmişdir. “ Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”. Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən ölkə başçısı tərəfindən səsləndirilmiş bu sözlər sadəcə siyasi mesaj kimi qəbul olunmamalıdır. Bu sözlər ümumən Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər sistemində yerini nümayiş etdirir.
Sonda bir daha vurğulamaq istərdim ki, Azərbaycan-Türkiyə münasibətləri digər ölkələr üçün örnək olan münasibətlərdir. Ulu Öndər Heydər Əliyevin 2001-ci ilin mart ayında Türkiyə Böyük Millət Məclisində çıxış edərkən dediyi kimi: “Türkiyə bizim üçün həm dostdur, həm qardaşdır, həm dayaq nöqtəsidir, həm də arxadır”. Yəni dünyada belə yaxın münasibətdə olan başqa dövlətlər mövcud deyil. Bizi birləşdirən isə təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir.
Şəbnəm Eldarova
YAP Pirallahı rayon təşkilatının könüllüsü
Keçidlər